"Azexport" "Hannover Impuls"la beynəlxalq ticarət imkanlarını müzakirə edib

Biznes
  • 10 oktyabr, 2025
  • 12:47
Azexport Hannover Impulsla beynəlxalq ticarət imkanlarını müzakirə edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı və Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən "Hannover Impuls" təşkilatının nümayəndələri arasında görüş keçirilib.

"Report" Mərkəzə istinadən xəbər verir ki, görüşdə "Hannover Impuls" şirkətinin beynəlxalq işlər üzrə direktoru Peter Ayzenşmit, təşkilatın Türkiyə üzrə nümayəndəsi Aytekin Hatipoğlu, "Cosity Shipment" şirkətinin nümayəndəsi Nihat Göktaş və "Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyinin nümayəndələri Camid Mövsümov və Yavər Qasımlı iştirak ediblər.

"Azexport"un rəhbəri Ayxan Qədəşov bildirib ki, portal Azərbaycan şirkətlərinə dünya bazarına çıxmaq üçün geniş imkanlar təqdim edir. O, "Mtradeverse" şirkəti ilə birgə həyata keçirilən Rəqəmsal Sərgi Zalı layihəsi barədə də məlumat verib və bu layihənin Azərbaycan məhsullarının beynəlxalq bazarlarda təqdimatını asanlaşdırdığını vurğulayıb.

P.Ayzenşmit isə təmsil etdiyi qurumun dövlət təşkilatı olduğunu və əsas fəaliyyətinin Almaniya və ümumilikdə Avropa bazarına çıxmaq istəyən sahibkarları dəstəkləmək olduğunu bildirib. O, "Hannover Impuls"un əsas məqsədinin beynəlxalq ticarət əlaqələrinin qurulmasında təkanverici rol oynamaq olduğunu əlavə edib, eyni zamanda, "Azexport"un "Alibaba" və "Amazon" platformaları ilə əməkdaşlıq prinsiplərini qabaqcıl və səmərəli hesab etdiyini, bu təcrübədən öyrəniləcək maraqlı məqamların olduğunu vurğulayıb.

Tərəflər Azərbaycan mallarının Almaniya və Avropada yerləşən satış şəbəkələri və potensial alıcılara çıxarılması istiqamətində birgə fəaliyyət və qarşılıqlı təcrübə mübadiləsi aparılması barədə razılığa gəliblər.

"Hannover Impuls" Hannover şəhəri və regionu əhatə edən iqtisadi inkişaf agentliyidir. Təşkilat sahibkarlıq təşəbbüslərini dəstəkləyir, startapların inkişafına kömək edir və mövcud şirkətlərin innovativ gücünü artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Son xəbərlər

Bütün Xəbər Lenti