Azərbaycan, Rusiya və Belarus arasında mənşə sertifikatlarının elektron qarşılıqlı tanınması başlayır
- 08 dekabr, 2025
- 14:03
Azərbaycanda növbəti ildən ixracatçı və idxalatçılar tərəfindən təqdim olunan bütün mənşə sertifikatı müraciətlərinin xüsusi elektron alt modul vasitəsilə qəbulu planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quliyev "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində bildirib.
Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində agentlik tərəfindən 87,6 min mənşə sertifikatı təqdim edilib:
"Bu sertifikatların 76,9 %-i - yəni 63 349-u - CT-1 formalı mənşə sertifikatlarıdır. Əsas ticarət tərəfdaşlarımız qeyri-neft sektorunda MDB ölkələridir və ixracatçılar bu sertifikatın əldə olunmasında maraqlıdırlar.
Təcrübə göstərir ki, idxalçı ölkələrdən bəzən mənşə sertifikatlarının doğruluğu ilə bağlı agentliyə sorğular daxil olur. Bu isə ixracatçılar üçün vaxt itkiləri və əlavə xərclər yaradır, xüsusilə də həmin sənədlərin qəbulu və yoxlanılması idxalçı ölkələrin gömrük orqanlarında aparıldığından prosesi uzadır".
E. Quliyev qeyd edib ki, Azərbaycan və Rusiya hökumətləri arasında malların mənşəyinin qarşılıqlı tanınma əsasında elektron sertifikatlaşdırılması sistemi ilə bağlı protokol təsdiqlənib.
"Protokolun icrası çərçivəsində texniki şərtlər razılaşdırılıb, agentlik tərəfindən verilən sertifikatların Rusiyanın Federal Gömrük Xidmətinə ötürülməsi üzrə testlər uğurla tamamlanıb", - o bildirib.
Onun sözlərinə görə, növbəti ildən agentlik tərəfindən verilən bütün CT-1 formalı mənşə sertifikatları barədə məlumatlar avtomatik olaraq Rusiyanın Federal Gömrük Xidmətinə ötürüləcək.
E. Quliyev əlavə edib ki, Azərbaycan və Belarus arasında da malların mənşəyinin elektron sertifikatlaşdırılması sistemi ilə bağlı protokol təsdiq olunub:
"Bu proses Rusiya ilə əldə etdiyimiz təcrübəyə əsasən daha sürətlə həyata keçirilib. Artıq dördtərəfli - Belarusun Ticarət və Sənaye Palatası, gömrük orqanları, eləcə də Azərbaycanın Dövlət Gömrük Komitəsi və Agentlik arasında texniki şərtlər razılaşdırılıb və sənəd imzalanma mərhələsindədir".
Onun sözlərinə görə, növbəti mərhələdə Türkiyə və Ukrayna ilə oxşar elektron inteqrasiya təşəbbüsləri gündəmdədir:
"Prioritetlər nəzərə alınmaqla müvafiq təkliflər aidiyyəti üzrə təqdim olunub".