Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini yaxşılaşdırıb
- 16 sentyabr, 2025
- 18:59

2025-ci il üçün "İnnovasiyalar yolayrıcında: gələcəyin müəyyən edilməsi" adlı Qlobal İnnovasiya İndeksi (Qİİ) innovasiya fəaliyyəti, investisiya axınları, elmi əməkdaşlıq və qabaqcıl texnologiyaların yayılması ilə bağlı unikal baxış təqdim edir. Bu, ABŞ-ın Portulans İnstitutu və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə hazırladığı sayca 18-ci buraxılışdır. Hesabat 139 ölkənin iqtisadiyyatını əhatə edir və onların innovasiya sahəsindəki güclü və zəif tərəflərini göstərir.
2007-ci ildən etibarən Qİİ ölkələrin innovasiya fəaliyyətinin qiymətləndirilməsi, siyasətlərin təkmilləşdirilməsi və effektivliyin artırılması üçün mühüm istinad mənbəyinə çevrilib. BMT Baş Assambleyası da bu indeksi elm, texnologiya və innovasiya siyasətlərinin davamlı inkişaf məqsədlərinə uyğun ölçülməsi üçün etibarlı analitik vasitə kimi tanıyır.
Cari ilin Qİİ reytinqi innovasiya potensialı, nəticələri və institusional mühiti əhatə edən 80 indikator əsasında hazırlanıb. Bu göstəricilər qanunvericilik, elm və təhsil, bazar inkişafı, biznes, infrastruktur və digər sahələri əhatə edir. Məqsəd isə ölkələrin innovasiya mexanizmlərinin effektivliyini qiymətləndirməkdir.
2025-ci ildə reytinqin lideri İsveçrə olub. İlk onluqda həmçinin İsveç, ABŞ, Koreya, Sinqapur, Böyük Britaniya, Finlandiya, Niderland, Danimarka və Çin yer alıb.
Postsovet məkanında ən yaxşı nəticəni Estoniya (16-cı yer), Litva (33-cü yer) və Latviya (41-ci yer) göstərib. Rusiya 60-cı pillədə qərarlaşıb. Azərbaycan isə ötən illə müqayisədə mövqeyini bir pillə yaxşılaşdıraraq 94-cü yeri tutub.
Azərbaycanın mövqeyi və güclü tərəfləri
Azərbaycan 2025-ci ildə "innovasiya resursları" subindeksi üzrə 76-cı yeri tutub və ötən illə müqayisədə 6 pillə irəliləyib. Bu göstəriciyə görə Azərbaycan Ermənistanı (78), Ukraynanı (80), Moldovanı (89), Qırğızıstanı (93), Belarusu (102) və Tacikistanı (105) qabaqlayır.
"İnstitutlar" subblokunda Azərbaycan 41-ci yerdə qərarlaşıb (ötən ildən +10 pillə). Bu sahədə ölkə Latviya (46), Özbəkistan (62), Ermənistan (70), Qazaxıstan (77), Moldova (91), Tacikistan (102), Ukrayna (108), Qırğızıstan (119), Rusiya (131) və Belarusu (137) qabaqlayıb. Ən yüksək nəticələr isə "Biznes mühiti" (3-cü yer), "Sahibkarlıq siyasəti və mədəniyyəti" (2-ci yer) və "Biznes aparmaq siyasətinin sabitliyi" (20-ci yer) üzrə qeydə alınıb.
"İnsan kapitalı və elm" subblokunda Azərbaycan bir sıra göstəricilərdə güclü mövqelər əldə edib: "Orta məktəbdə şagird-müəllim nisbəti" üzrə 20-ci, "Elm və texnologiya üzrə məzunlar" üzrə 36-cı yer. "Tədqiqatçılar" indikatoru üzrə 47-ci, "Qlobal korporasiyaların elmə yatırdığı investisiyalar" üzrə 44-cü yeri tutub.
"İnfrastruktur" subblokunda Azərbaycan "İKT" indikatoru üzrə 70-ci yeri tutaraq ötən illə müqayisədə 14 pillə irəliləyib. "Dövlətin onlayn xidmətləri" üzrə 66-cı yerə yüksəlib.
"Bazarın inkişaf səviyyəsi" subblokunda Azərbaycan böyük sıçrayışla 72-ci yerə (ötən ildən +42 pillə) yüksəlib. Bu göstəriciyə görə postsovet məkanında bir çox ölkəni qabaqlayıb. "Startapların və kiçik müəssisələrin maliyyələşdirilməsi" üzrə 12-ci yer xüsusilə diqqət çəkir.
"Biznesin inkişaf səviyyəsi" subblokunda Azərbaycan "Klasterlərin inkişaf vəziyyəti" üzrə 30-cu, "Universitet-sənaye əməkdaşlığı" üzrə 36-cı yeri tutub.
İnnnovasiya nəticələri və əqli mülkiyyət
Azərbaycan "İnnovasiya nəticələri" subindeksi üzrə zəif nəticə göstərərək 112-ci yerdədir. Bununla belə, bir sıra sahələrdə irəliləyiş var: "Startapların yaradılması" – 53-cü yer, "Əmək məhsuldarlığının artması" – 55-ci yer, "Əyləncə və media bazarı" – 47-ci yer
Əqli mülkiyyət göstəriciləri xüsusi qeyd olunur. Azərbaycan "Mənşəyinə görə patent müraciətləri" üzrə 57-ci yerdə qərarlaşıb və bu göstərici ölkənin 10 aparıcı innovasiya nəticəsi sırasında göstərilib. "Mənşəyinə görə faydalı modellər" üzrə 38-ci, "Əmtəə nişanlarına müraciətlər" üzrə 71-ci, "Patent ailələri" üzrə isə 75-ci yeri tutub (ötən ildən +16 pillə).
Ekspertlərin tövsiyələri
Qİİ ekspertləri hesab edir ki, Azərbaycanda vençur kapitalının cəlb edilməsi, xalis birbaşa xarici investisiya axını, kapital yığımı, beynəlxalq əməkdaşlıq və universitet-sənaye tərəfdaşlığının gücləndirilməsi vacib istiqamətlər olaraq qalır.
Hesabatda vurğulanır ki, Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması üçün ehtiyat imkanlardan biri də statistik məlumatların vaxtında təqdim olunması və köhnəlmiş göstəricilərin yenilənməsidir.