Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu "Dükkan" restoranına "5 ulduz" sertifikatı təqdim edib
- 13 oktyabr, 2025
- 10:01

Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) apardığı qiymətləndirmənin nəticələrinə əsasən, "Dükkan" restoranının "Xətai" filialı ictimai iaşə obyektlərinin risk göstəriciləri üzrə "5 ulduz" sertifikatı ilə təltif olunub.
AQTİ-nin həyata keçirdiyi çoxmərhələli yoxlamalar və sanitar-gigiyenik standartların qiymətləndirilməsi proseslərindən uğurla keçən "Dükkan Xətai", mümkün olan ən yüksək təsnifat dərəcəsinə layiq görülüb.
Sertifikat, restoranın qida təhlükəsizliyi, gigiyena və xidmət keyfiyyəti sahəsində bütün normativ tələblərə cavab verdiyini rəsmi şəkildə təsdiqləyir.
"AQTİ-nin meyarları çox ciddi və çoxşaxəlidir - qida təhlükəsizliyi, gigiyena, xidmət prosesi, məhsul mənşəyi, personal hazırlığı və idarəetmə prinsipləri diqqətlə qiymətləndirilir.
"Dükkan" olaraq bu meyarlara cavab verib "5 ulduz" sertifikatını almaq bizim üçün böyük qürurdur," – deyə restoranın rəhbəri Eyvaz Əliyev bildirib.
O, bu uğurun "Dükkan" komandasının illərlə formalaşmış nizam-intizamı, peşəkarlığı və məsuliyyətli yanaşmasının nəticəsi olduğunu qeyd edib.
"Bu sertifikat yalnız "Dükkan Xətai" üçün deyil, bütün "Dükkan" ailəsi üçün bir motivasiyadır. Bizim üçün əsas məqsəd bu standartı qorumaq və hər gün bir addım daha irəliləməkdir," – deyə o əlavə edib.
2016-cı ildən fəaliyyət göstərən "Dükkan" restoranı, Azərbaycan qastronomiyasının zəngin ənənələrini müasir xidmət anlayışı ilə birləşdirərək qida sektorunda etibarlı və tanınan bir brendə çevrilib.
"Dükkan"ın missiyası Azərbaycan qonaqpərvərliyini müasir yanaşma ilə təmsil etmək, hər bir qonağa həm ləzzət, həm xoş münasibət, həm də rahat mühit təqdim etməkdir.
"Dükkan" komandası bu standartları qorumaq üçün "Dükkan Academy" vasitəsilə əməkdaşlarının təlim və inkişafına davamlı sərmayə qoyur. Burada işçilər xidmət standartlarını, qonaqla davranış mədəniyyətini və mətbəx nizamını öyrənir, menecer və rəhbər heyət isə beynəlxalq səviyyəli təlimlərdə iştirak edir.
"Dükkan" bu gün həm ləzzəti, həm xidmət keyfiyyəti, həm də peşəkar komanda mədəniyyəti ilə seçilir, Azərbaycan restoran sənayesinin öncül brendlərindən biri kimi tanınır.