Azərbaycan Özbəkistandakı biznes forumda 30 şirkətlə təmsil olunub
- 13 noyabr, 2025
- 13:25
30-dan çox Azərbaycan şirkəti Özbəkistanın Daşkənd vilayətində keçirilən "Great Silk Road Business Cooperation Forum – 2025" beynəlxalq biznes forumunda iştirak edir.
"Report"un Özbəkistanın Ticarət və Sənaye Palatasına istinadən verdiyi məlumata görə, tədbir Mərkəzi Asiya və Azərbaycan iş adamlarını vahid biznes platformasında bir araya gətirib.
"Forumun məqsədi regional iqtisadi inteqrasiyanı yeni səviyyəyə çıxarmaq, ticarət əlaqələrini genişləndirmək və işgüzar dairələrin nümayəndələri arasında birbaşa dialoqu gücləndirməkdir. Forumda Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Azərbaycandan nazirlik və qurumların, ticarət-sənaye palatalarının, iri şirkətlərin və özəl sektorun 300-dən çox nümayəndəsi iştirak edir", - palatadan bildiriblər.
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev çıxışında qeyd edib ki, forum iştirakçı ölkələrin iş adamları qarşısında qarşılıqlı faydalı tərəfdaşlıq perspektivlərini müzakirə etmək üçün yeni imkanlar açır.
"Forumda bir çox sahələri təmsil edən 30-dan çox Azərbaycan şirkəti iştirak edir. Azərbaycanın Özbəkistanda açılması planlaşdırılan və fəaliyyəti digər Mərkəzi Asiya ölkələrinə də yayılacaq Ticarət Nümayəndəliyi iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacaq", - Y.Abdullayev əlavə edib.