Azərbaycan OECD-nin yüksək səviyyəli ekspert qrupunda təmsil olunacaq
- 21 oktyabr, 2025
- 15:09

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin əməkdaşı Ceyhun İsmayılov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (BEPS) təşəbbüsü üzrə İnklüziv Çərçivənin ekspert qrupunun üzvü seçilib.
"Report" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu qrup OECD-nin BEPS təşəbbüsü çərçivəsində qlobal vergi siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən, həmçinin beynəlxalq standartların hazırlanmasına rəhbərlik edən ən yüksək səviyyəli ekspert orqanıdır. Qrupun üzvləri 140-dan çox ölkə və yurisdiksiyanın təmsil olunduğu İnklüziv Çərçivədə strateji qərarların formalaşdırılması, prioritetlərin müəyyənləşdirilməsi və texniki işlərin mandatının verilməsi kimi funksiyaları icra edirlər.
Qrupa üzvlük yalnız OECD və BEPS təşəbbüsünə üzv ölkələrin seçimi əsasında reallaşır. Namizədlərin seçilməsində onların beynəlxalq vergi sahəsində bilikləri, eləcə də qlobal vergi dialoquna fəal töhfələri əsas meyar kimi dəyərləndirilir.
Azərbaycan nümayəndəsinin bu mühüm quruma üzv seçilməsi Azərbaycanın beynəlxalq vergi əməkdaşlığında artan rolunun və institusional potensialının tanınmasının göstəricisidir. Bu üzvlük ölkəmizin qlobal vergi gündəliyində iştirak imkanlarını genişləndirəcək, milli vergi siyasətinin beynəlxalq təcrübə ilə uzlaşdırılmasına və ədalətli vergi mühitinin inkişafına töhfə verəcək.