Azərbaycan iş adamlarının gələn ilin əvvəlində Dağıstana səfəri planlaşdırılır
- 08 dekabr, 2025
- 10:59
2026-cı ilin yanvar ayında Azərbaycanın tikinti sektorunu təmsil edən iş adamlarından ibarət nümayəndə heyəti yerli müəssisələrin istehsal potensialı ilə tanış olmaq üçün Dağıstana səfər edə bilər.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Dağıstan başçısının müşaviri, İxraca Dəstək Mərkəzinin direktoru Ruslan Abaskuliyev Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının rəhbərliyi ilə görüş zamanı bildirib.
Görüşdə Dağıstanın Bakıdakı nümayəndəsi Əliyar Abdullayev də iştirak edib.
Danışıqlarda məqsəd Dağıstandan olan tikinti materialları istehsalçıları ilə Azərbaycanın tikinti şirkətləri arasında birbaşa qarşılıqlı əlaqələrin qurulması olub.
"Bu gün Dağıstanda tikinti materiallarının istehsalı fəal şəkildə inkişaf edir, bununla əlaqədar olaraq biz Azərbaycandan olan dostlarımıza potensialımızı nümayiş etdirmək istəyirik ki, gələcəkdə onlar respublikada istehsal olunan tikinti materiallarından Azərbaycandakı tikinti layihələrində istifadə edə bilsinlər", - Ə.Abdullayev qeyd edib.
Görüş çərçivəsində R.Abaskuliyev Azərbaycanın tikinti sektorunun nümayəndələrinin yerli istehsal potensialı ilə tanışlıq üçün 2026-cı ilin yanvarında Dağıstana səfərini təşkil etməyi təklif edib.
"Səfərdə məqsəd Dağıstan müəssisələrinin imkanlarını təqdim etmək, gələcəkdə onların məhsullarının ixracı üçün şərait yaratmaqdır. Bu məhsullar Azərbaycan ərazisində həm dövlət, həm də özəl obyektlərin tikintisində istifadə oluna bilər", - o bildirib.
Görüşün sonunda tərəflər konkret razılaşmalar əldə ediblər. Azərbaycan və Dağıstanın Tikinti assosiasiyaları əməkdaşlıq haqqında idarələrarası memorandum imzalamağa hazır olduqlarını ifadə ediblər.