Azərbaycan Belçika ilə qarşılıqlı sərmayə təşəbbüslərini müzakirə edib

Biznes
  • 31 oktyabr, 2025
  • 14:30
Azərbaycan Belçika ilə qarşılıqlı sərmayə təşəbbüslərini müzakirə edib

Azərbaycan və Belçika Müəssisələri Federasiyası arasında qarşılıqlı sərmayə təşəbbüslərinin reallaşması imkanları müzakirə edilib.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir müavini Səməd Bəşirli və Belçika Müəssisələri Federasiyasının prezidenti, "FiB Belgium" şirkətinin icraçı direktoru Rene Branders ilə görüşdə aparılıb.

Görüşdə Azərbaycanın Belçika Krallığı ilə əlaqələrin inkişafına önəm verdiyi vurğulanıb, keçirilən görüş və tədbirlərin, aparılan danışıqların iqtisadi əməkdaşlığın genişlənməsində əhəmiyyət kəsb etdiyi qeyd olunub. Belçika ilə ticarət, sənaye, enerji, nəqliyyat və digər istiqamətlər üzrə işbirliyinin gücləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. Belçikalı investorlar ölkəmizdə həyata keçirilən layihələrdə fəal iştiraka dəvət olunub.

Tərəflər Azərbaycan və Belçika arasında iqtisadi əməkdaşlığın prioritetləri, qarşılıqlı sərmayə təşəbbüslərinin reallaşması və ixrac missiyalarının təşkili imkanlarını dəyərləndiriblər.

Qeyd edək ki, Belçika Müəssisələri Federasiyası 1973-cü ildə Belçika Sənaye Federasiyası və Belçikanın Sənaye Olmayan Müəssisələr Federasiyasının birləşməsi ilə yaradılıb. Qurum 40-dan çox sahəvi federasiya vasitəsilə 50 mindən çox şirkəti özündə birləşdirir.

Son xəbərlər

Bütün Xəbər Lenti