ARDNF-nin İcraçı direktoru Əbu-Dabidə işgüzar görüşlər keçirib
- 31 oktyabr, 2025
- 12:55
 
                            
                            
                        Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Əbu-Dabiyə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aparıcı investisiya qurumları ilə bir sıra görüşlər keçirilib.
"Report" Fonda istinadən xəbər verir ki, görüşlərin əsas məqsədi beynəlxalq tərəfdaşlarla əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran investisiya sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi və gələcək birgə təşəbbüslərin perspektivlərinin nəzərdən keçirilməsi olub.
"Mubadala" İnvestisiya Şirkətində keçirilən görüş zamanı İ. Məmmədov şirkətin Baş dayanıqlılıq və risklərin idarəedilməsi üzrə direktoru Əhməd Əl Calili ilə görüşüb. Görüşdə dayanıqlı investisiyalar sahəsində əməkdaşlığın inkişafı, təcrübə və bilik mübadiləsinin təşviqi, eləcə də potensial birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
"Lunate" şirkətinin Baş partnyoru Xalifa Əl Suveydi ilə keçirilən görüşdə isə investisiya portfellərinin idarəedilməsi təcrübəsi, alternativ aktivlərə yönəlmiş investisiya yanaşmaları və uzunmüddətli tərəfdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, görüşlər ARDNF ilə BƏƏ-nin aparıcı investisiya qurumları arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və gələcək tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
 
    
    
