4SİM: "Coursera" platformasının 2 500 kursu Azərbaycan dilinə tərcümə edilib
- 02 dekabr, 2025
- 10:56
"Coursera" platformasının 2 500 kursunun süni intellektin tətbiqi ilə Azərbaycan dilinə tərcüməsi təmin olunub.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktorunun müavini Soltan Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, eyni zamanda ən çox tələbat olan 15 kurs da yenə də süni intellektin tətbiqi ilə dublyaj formatında tərcümə olunub: "Ona görə dil qabiliyyəti olan və olmayan bütün vətəndaşlar sərbəst şəkildə bu kurslardan faydalana bilərlər. Biz inanırıq ki, bu tipli təşəbbüslər Azərbaycanda insan kapitalının inkişafına və yekunda Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına öz ciddi töhfəsini verəcək".
S.Bayramov əlavə edib ki, "Coursera" ilə əməkdaşlıq çərçivəsində ötən il 10 min, bu il isə aprelin 1-dən bugünkü tarixə qədər isə 37,5 min Azərbaycan vətəndaşının, 70 mindən çox kursdan yararlanması və sertifikatlar əldə etməsi təmin olunub.