150 illik ənənədən beynəlxalq brendə
- 16 dekabr, 2025
- 14:11
Məlum olduğu kimi, Azərbaycanın iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun gücləndirilməsi və şaxələndirilməsi prioritet istiqamətlərdəndir. Son illər ərzində dövlət tərəfindən sahibkarlara göstərilən geniş dəstək, vergi və gömrük güzəştləri, ixracın stimullaşdırılması və innovasiyaya əsaslanan yanaşmalar bu sahədə ciddi canlanma yaradıb. Qeyri-neft ixracının artırılmasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO mühüm rol oynayır. Agentlik ixrac missiyalarının təşkili, beynəlxalq sərgilərdə iştirak və "Made in Azerbaijan" brendinin tanıdılması vasitəsilə yerli istehsalçıların xarici bazarlara çıxış imkanlarını genişləndirir. Bu dəstək ənənəvi sahələrin də yenidən canlanmasına imkan yaradıb.
150 ildən artıqdır ki, nəsillərdənnəsillərə ötürülən zəfərançılıq ənənəsi bir ailənin həyat tərzinə çevrilərək bu gün böyük bir brendin yaranmasına əsas verib. Bu ənənənin davamçıları ötən əsrin ortalarından zəfəran becərilməsi ilə məşğul olmuş, bu nadir və dəyərli bitkinin sirlərini dərindən mənimsəmişlər. Məhz həmin bilik və zəngin təcrübə peşəkar yanaşma ilə birləşərək Azərbaycanın milli sərvəti olan zəfəranı ölkə sərhədlərindən kənara çıxaran "AZZƏFƏRAN-AZSAFFRON" MMC-nin formalaşmasına yol açıb. Zaman keçdikcə əvvəlki nəsillərdən qalan təcrübə sistemləşdirilib, elmi müşahidələr, qədim ənənələr və tətbiq üsulları araşdırılaraq müasir istehsalatın güclü təməli qurulub. Məqsəd zəfəranı yalnız ənənəvi təsərrüfat məhsulu kimi deyil, həm də Azərbaycanı dünyada layiqincə təmsil edən dəyərli və nüfuzlu bir brendə çevirmək olub.
Bu ideyanın gerçəkləşməsinə ilk addımlar "MIKTEA" zəfəran çayının, ardınca isə zəfəranlı balın, "BLACK GARDEN" adı altında müxtəlif növ zəfəranlı mürəbbələrin və zəfəranın kosmetologiyada sübut edilmiş təsirlərinə əsaslanaraq şirkət "SARA" adlı eksklüziv kosmetik xətti yaradaraq unikal kosmetik vasitələrin istehsalı ilə atılıb. Qısa zamanda bu məhsullara göstərilən böyük maraq "AZSAFFRON" brendinin formalaşmasına güclü təkan verib. Brendin patentləşdirilməsindən sonra şirkət diqqətini zəfəran əsaslı, tamamilə yeni və innovativ məhsulların hazırlanmasına yönəldib. Bu gün şirkətin istehsal xəttindən çıxan məhsullar artıq Azərbaycan sərhədlərini aşaraq dünyanın müxtəlif ölkələrinə ixrac olunur. Keyfiyyətin ən yüksək səviyyədə qorunması üçün bütün məhsullar həm ölkə daxilində, həm də Almaniyada ixtisaslaşmış laboratoriyalarda test edilir. Nəticədə, bu məhsullar təkcə şəxsi istifadə üçün deyil, həm də hədiyyə və korporativ təqdimatlar üçün zərif və dəyərli seçim kimi qəbul edilir.
"AZZƏFƏRAN-AZSAFFRON" MMC fəaliyyətini yalnız qida və kosmetik məhsulları ilə məhdudlaşdırmayaraq, eyni zamanda zəfəran notları ilə hazırlanmış 6 fərqli niş ətir satışa çıxarıb və qısa müddətdə böyük maraq və yüksək qiymətləndirmə əldə edib. Qeyd etmək lazımdır ki, onlarla yeni məhsul hazırda test mərhələsindədir və tezliklə işıq üzü görəcək
Şirkət hazırda məhsullarını Körfəz ölkələrinə və ABŞ-yə ixrac edir və 2026-cı ildə "Amazon" platforması vasitəsilə ABŞ onlayn bazarına daxil olmağı planlaşdırır. Beynəlxalq arenada fəal təmsilçilik şirkətin əsas hədəflərindən biridir. Bu məqsədlə o, AZPROMO-nun dəstəyi ilə Cənubi Koreya şirkətlərinin iştirakı ilə təşkil olunan alıcı missiyası tədbirində, həmçinin Səudiyyə Ərəbistanı və İtaliyada keçirilən nüfuzlu beynəlxalq qida sərgilərində ölkəmizi uğurla təmsil edib.
Beləliklə, 150 ildən artıq yaşı olan zəfərançılıq ənənəsi bu gün artıq dünya bazarında öz möhkəm yerini tutmuş nüfuzlu bir brendə çevrilib. Nəsillərin zəhməti, toplanmış bilik və təcrübə, müasir yanaşma və yenilikçi məhsul çeşidi bu uğur hekayəsini Azərbaycan zəfəranının beynəlxalq miqyasda tanıdılmasının ən parlaq nümunələrindən birinə çevirir.