Səfir: Seul və Bakı kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün yaxşı imkanlara malikdir
- 02 dekabr, 2025
- 17:21
Azərbaycan hökumətinin qeyri-neft-qaz sektorunun inkişafı üçün həyata keçirdiyi tədbirlər Cənubi Koreya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsi üçün yaxşı imkanlar açır.
"Report"un məlumatına görə, bu barədə Cənubi Koreyanın Bakıdakı səfiri Kan Kimqu Azərbaycan və Koreya arasında kənd təsərrüfatı əməkdaşlığına dair seminarın açılışında bildirib.
"Azərbaycanın torpaq və iqlim şəraiti kənd təsərrüfatı sahəsi üçün son dərəcə əlverişli təbii mühit hesab olunur", - səfir vurğulayıb.
Diplomat Seul və Bakının kənd təsərrüfatı sahəsində əməkdaşlığının genişləndirilməsi üçün bundan sonra da səylər göstərəcəyini qeyd edib: "Əgər Koreyanın malik olduğu texnologiya və təcrübədən əməkdaşlıq aləti kimi istifadə edilsə gələn il "Caspian Agro" sərgisində daha çox Cənubi Koreya şirkətinin iştirakını təmin edə bilərik".
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov öz növbəsində vurğulayıb ki, Azərbaycan Cənubi Koreyanın aqrar innovasiyalar sahəsində zəngin təcrübəsinə dəyər verir: "Koreya Respublikasının aqrar innovasiyalar sahəsində zəngin təcrübəsi bizim üçün son dərəcə dəyərlidir. Əminik ki, bu əsasda ölkələrimizin əməkdaşlığı gələcəkdə inkişaf edəcək".
Qeyd edək ki, seminar çərçivəsində tərəflər aqrar sektorun inkişafı sahəsində təcrübə mübadiləsi aparıb. Bundan əlavə, əməkdaşlığın mümkün istiqamət və perspektivlərini müzakirə ediblər.
Tədbirdə, həmçinin Azərbaycan və Cənubi Koreyanın kənd təsərrüfatı müəssisələrinin nümayəndələri iştirak ediblər.