Prezidentin xüsusi nümayəndəsi: "Azərbaycanda aqrar sahə intensiv inkişaf modelinə keçəcək"
- 12 iyun, 2026
- 11:51
Azərbaycanda aqrar sahə intensiv inkişaf modelinə keçəcək.
'Report"un Zəngilan rayonuna ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, son illərdə aqrar sahənin inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilib, dövlət dəstəyi mexanizmləri genişləndirilib və bir sıra məhsullar üzrə özünütəminetmə səviyyəsi yüksəlib: "Eyni zamanda, istifadəsiz qalan torpaqlar yenidən əkin dövriyyəsinə cəlb olunub, ölkə üzrə aqroparklar yaradılıb, subsidiya mexanizmləri təkmilləşdirilib və sahibkarlığın inkişafı üçün əlavə imkanlar formalaşdırılıb. Prezident İlham Əliyev aqrar sahədə mövcud potensialın tam reallaşdırılmadığını və son illərdə müşahidə olunan inkişaf tempinin qənaətbəxş olmadığını diqqətə çatdırıb"
V. Hacıyev bildirib ki, məhz bu səbəbdən Prezident Administrasiyası və Nazirlər Kabinetinin iştirakı ilə yeni Dövlət Proqramı hazırlanıb: "Əsas məqsəd daha çox torpaqdan istifadə etmək deyil, hər hektar üzrə daha yüksək nəticə əldə etməkdir. Hədəf kənd təsərrüfatında intensiv və səmərəli inkişaf modelinə keçidi təmin etməkdir".