Ötən il "Azərpambıq" ixracdan 39 milyon dollara yaxın gəlir əldə edib
- 30 yanvar, 2026
- 17:38
2025-ci ildə "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 38,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
"Report"un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın yanvar sayında bildirilir.
Məlumata görə, bu, 2024-cü il ilə müqayisədə 17,2 milyon ABŞ dolları və ya 30,6 % azdır.
Ötən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki illə müqayisədə 8,1 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.