Naxçıvanda arpa və buğda biçini aparılıb
- 30 iyun, 2026
- 19:41
Ötən ilin payızında və bu ilin yazında Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 13 min 844,1 hektar sahədə taxıl əkini aparılıb, əkin sahələrinin 4 174,3 hektarını buğda, 9 669,77 hektarını isə arpa təşkil edib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna bildirilib ki, hazırkı mərhələdə biçin əsasən arpa sahələrində intensiv şəkildə aparılır.
İndiyədək 2 533,9 hektar arpa sahəsində biçin başa çatdırılıb və sahələrdən 7 497,9 ton məhsul tədarük olunub. Orta məhsuldarlıq hər hektardan 29,6 sentner təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövründə qeydə alınan 21,1 sentnerlə müqayisədə 40,3 faiz yüksəkdir. Hazırda arpa əkinlərinin 26,2 faizi biçilib.
Buğda sahələrində isə 264,58 hektarda biçin aparılıb, 786,52 ton məhsul əldə edilib. Orta məhsuldarlıq hər hektardan 29,7 sentner olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47 faiz artım deməkdir. Bu günədək buğda əkinlərinin 6,3 faizi biçilərək məhsul tədarükü həyata keçirilib.