Məcnun Məmmədov: "İxracyönümlü, effektiv aqrar iqtisadiyyat modeli qurulur"

ASK
  • 07 may, 2026
  • 14:52
Məcnun Məmmədov: İxracyönümlü, effektiv aqrar iqtisadiyyat modeli qurulur

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində, digər sahələrdə olduğu kimi, kənd təsərrüfatında da ciddi inkişaf və keyfiyyət dəyişiklikləri baş verməkdədir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakı Dövlət Universitetində (BDU) keçirilən "Risklərə qarşı aqrar sığorta çətiri" adlı forumda bildirib.

"Bu tərəqqi özünü həm kəmiyyət göstəricilərində, həm də struktur islahatlarında büruzə verir. Belə ki, ümumi artımla yanaşı, aqrar sektorun strukturu yenilənir; ərzaq təhlükəsizliyinin təmini ilə bərabər, ixracyönümlü və effektiv aqrar iqtisadiyyat modeli qurulur. 2025-ci ilin nəticələrinə görə, Azərbaycanda 7,6 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Aqrar sektorun ÜDM-də payı 5,9 %, qeyri-neft sektorunda isə 8,3 % təşkil edir. Bu sektor ölkəmizin ərzaq təhlükəsizliyində mühüm yer tutur – ərzaq istehlakının 80%-i məhz yerli istehsal hesabına təmin olunur. Bu artımı şərtləndirən əsas amillərdən biri dövlətin aqrar sektora göstərdiyi böyük dəstəkdir. Ölkə rəhbərliyinin diqqət və qayğısının göstəricisi olaraq kənd təsərrüfatı istehsalçılarına vergi azadlığı, güzəştli maliyyə resurslarına çıxış, subsidiyalar, güzəştli texnika, avadanlıq və damazlıq heyvanların təqdim edilməsi kimi genişmiqyaslı dəstək mexanizmləri təklif olunur. Bu alətlər son nəticədə aqrar sektorun inkişafına və sahəyə yatırılan investisiyaların artmasına təkan verir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, hazırda dünyada müşahidə olunan iqlim dəyişiklikləri özünü Azərbaycanda da büruzə verməkdədir: "Qeyri-sabit hava şəraitinin artması, quraqlıq və daşqın hadisələrinin tez-tez baş verməsi buna əyani sübutdur. Dünya Bankının araşdırmalarına görə, son 30 ildə dünyada katastrofik hadisələrin sayı 3 dəfə artıb və bu rəqəmlər hər il artmağa davam edir. Şübhəsiz ki, iqlim dəyişikliklərinin ən çox təsir etdiyi sahə məhz kənd təsərrüfatıdır. Dünyada bu dəyişikliklərin aqrar sektora vurduğu zərər milyard dollarlarla ölçülür. Azərbaycanda bu riskləri sığortalamaq və kənd təsərrüfatını iqlim dəyişikliklərinin fəsadlarından qorumaq məqsədilə ölkə rəhbərliyinin tapşırığı ilə aqrar sığorta mexanizmi yaradılıb".

"Aqrar sığorta dövlətin kənd təsərrüfatına dəstək məqsədilə yaratdığı yeni və çox mühüm mexanizmdir. Bu mexanizm təkcə fermerlərə dəyən zərərləri qarşılamır, həm də gəlirlərin sabitliyini təmin edir və sahədə əlverişli investisiya mühiti formalaşdırır. İndiyədək Aqrar Sığorta Fondu minlərlə fermer və təsərrüfat sahibinə 23 milyon manat sığorta ödənişi edib və bu rəqəm hər il artmaqdadır. Bu gün iştirak etdiyimiz "Risklərə Qarşı Aqrar Sığorta Çətiri" Forumunda iqlim riskləri, onların kənd təsərrüfatına təsiri, aqrar sığortanın əhəmiyyəti və faydaları barədə geniş məlumat veriləcək, aktual məsələlər müzakirə olunacaq. Forumun Azərbaycanın ən qocaman təhsil ocaqlarından olan BDU-da təşkil edilməsi təsadüfi deyil. BDU ölkəmizdə müxtəlif sahələr üzrə elmi araşdırmaların aparıldığı və yüksək ixtisaslı kadrların hazırlandığı aparıcı elm mərkəzidir. Eyni zamanda, bir müddət əvvəl universitetdə "Aqrar sığorta" fənninin tədrisinə başlanılıb. Bu mənada, forumun işi həm mütəxəssislər, həm də tələbələr üçün olduqca faydalı olacaq. Forum iştirakçılarına uğurlar arzulayır, xüsusilə əziz tələbələrimizi burada səslənən dəyərli məlumatlardan maksimum faydalanmağa çağırıram", - deyə nazir fikrini tamamlayıb.