Məcnun Məmmədov: "Aqrar ixtisas məzunlarının məşğulluq səviyyəsi 65 %-ə çatıb"
- 08 may, 2026
- 10:36
Azərbaycanda aqrar ixtisas məzunlarının məşğulluq səviyyəsi 65 %-ə çatıb.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakıda keçirilən "Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların II Beynəlxalq Forumu"nda bildirib.
M. Məmmədov son illər ərzində aqrar təhsil alan gənclərin karyera göstəricilərindəki müsbət dinamikanı vurğulayıb: "3 il öncə aqrar ixtisas məzunlarının sadəcə 32 %-i ixtisasları üzrə iş tapıb karyeralarını inkişaf etdiriblərsə, keçən il bu rəqəm artıq 65 %-dir. Eyni zamanda qeyd edim ki, üç ilə öncədən müqayisədə məzun sayımız 1,6 dəfə artıb. Əlbəttə ki, bu ümidverici və sevindirici bir haldır".
Nazir ölkədə aqrar sektorun sürətli inkişaf mərhələsində olduğunu və bu prosesdə ixtisaslı mütəxəssislərə böyük ehtiyac olduğunu qeyd edib: "Ümumilikdə Azərbaycanda hazırda bir kənd təsərrüfatı bumu yaşanarkən bizim çox ciddi şəkildə kadrlara - aqronomlara, zootexniklərə, baytarlara, aqrar mühəndislərə ehtiyacımız var. Çox ümid edirəm və inanıram ki, aqronomlar, mütəxəssislər sadəcə təhsillə kifayətlənməyib daim özlərini inkişaf etdirəcəklər. Onlar daim beynəlxalq, yeni, müasir, innovativ yanaşmaları öyrənəcək, araşdıracaq, özlərini yetişdirəcək və əllərindən gəldiyi qədərilə Azərbaycanın dirçəlməsi, kənd təsərrüfatının inkişaf etməsi istiqamətində öz töhfələrini verəcəklər".