Dünya Bankı Azərbaycanda istifadəçilərə yönəlik aqrar layihə planlaşdırır

ASK
  • 01 oktyabr, 2025
  • 16:27
Dünya Bankı Azərbaycanda istifadəçilərə yönəlik aqrar layihə planlaşdırır

Dünya Bankı Azərbaycanda aqrar sektorda istifadəçilərin ehtiyaclarına yönəlmiş və müasir texnologiyalarla işləmək üçün zəruri səriştələrin inkişafına istiqamətlənmiş layihənin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir.

"Report"un məlumatına görə, bu barədə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmayster (Stefanie Stallmeister) Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə bəyan edib.

O vurğulayıb ki, su ehtiyatlarının və kənd təsərrüfatının idarə olunmasında peyk xəritələşdirməsi və məlumatlara əsaslanan alətlər xüsusi əhəmiyyət kəsb edir.

Ş.Ştalmaister onların tətbiqinin üç əsas üstünlüyünü qeyd edib: "Birincisi, monitorinq və qərar qəbul etmə imkanlarının genişləndirilməsidir. Bu peyk texnologiyaları bizə suyun əlçatanlığı və keyfiyyəti haqqında fasiləsiz, etibarlı və ardıcıl məlumatlar əldə etməyə imkan verir. İkincisi şəffaflığın və ədalətliliyin artırılmasıdır. Üçüncü iqtisadi səmərəlilikdir. Peyk monitorinqi qismən bahalı yerüstü sistemləri əvəz edə bilər. Ancaq eyni zamanda, dəqiqlik və kalibrləmə üçün onlarla birləşməlidir".

Ölkə meneceri ümidvardır ki, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə birgə istifadəçi yanaşmasına əsaslanan irriqasiya layihəsi həyata keçiriləcək: "Fermerlərin və mütəxəssislərin sistemlə işləməyi və məlumatları düzgün şərh etməyi bacarmaları vacibdir. Buna görə də səriştələrin inkişafı əməkdaşlığımızın əsas elementi olacaq".

Ş.Ştalmaister əlavə edib ki, Dünya Bankı innovativ həll yollarının tətbiqi üçün həm maliyyə, həm də texniki dəstək təklif edərək yerli qurumlarla əməkdaşlığı davam etdirmək niyyətindədir.

Son xəbərlər

Bütün Xəbər Lenti