DAİM direktoru: "Xocavənddə 17 min hektar yararlı torpaqlardan istifadə edilir".

ASK
  • 07 iyul, 2026
  • 17:13
DAİM direktoru: Xocavənddə 17 min hektar yararlı torpaqlardan istifadə edilir.

Xocavənd rayonu ərazisində hazırda 17 min hektara yaxın yararlı torpaq sahəsi istifadəyə cəlb olunub.

Bu fikirləri "Report"un Xocavəndə ezam olunan əməkdaşına açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Sülhəddin Ələsov bildirib.

Onun sözlərinə görə, rayon ərazisində kənd təsərrüfatı təyinatlı təxmini 35 min hektar torpaq mövcuddur: "Bunun da təxmini 27 min hektarı əkin üçün yararlı olan sahələrdir ki, hazırda da onlardan 17 min hektarı istifadə olunur".

S. Ələsov bu torpaqlardan əsasən bağçılıq və bir illik əkinlər üçün istifadə edildiyini vurğulayıb: "Hazırda rayon ərazisində 17 183 hektar torpaq sahəsi kənd təsərrüfatı üçün istifadə olunur. Ərazidə intensiv meyvə bağları da salınır ki, bunlar şaftalı, ərik, nektarin, gilas, qoz və fındıq sahələrini əhatə edir. Ümumi sahənin 15 800 hektarı taxıldır. Hazırda 5 900 hektar arpa, yerdə qalanı 9 800 hektarıda buğdadır".

O qeyd edib ki, artıq bu ərazilərdə arpa biçini tamamilə yekunlaşıb, orta məhsuldarlıq isə 22 sentner təşkil edir: "Buğda sahələrində isə biçin işləri davam edir. Əkin sahələrimiz relyefə uyğun olaraq həm suvarılan, həm də dəmyə sahələri əhatə edir. Ümumi 17 min hektar sahənin 2 200 hektarı suvarılan, yerdə qalanı isə dəmyə yerlərdir. Bundan əlavə, rayon ərazisində maldarlığın inkişafında da nəzərəçarpan artım müşahidə olunur. Hazırda 22 min xırdabuynuzlu, 3 min baş isə iribuynuzlu heyvan var. Bu təsərrüfatlarında bəziləri artıq mövsümü olaraq yaylaq ərazilərinə aparılıb. Bir sözlə, işğaldan azad edildikdən sonra, rayon ərazisində aqrar islahatların həyata keçirilməsi nəticəsində bütün sahələr üzrə inkişaf qeydə alınıb".