Cəlilabadda Aqrar Biznes Festivalı keçirilib

ASK
  • 17 mart, 2026
  • 14:43
Cəlilabadda Aqrar Biznes Festivalı keçirilib

Cəlilabad rayonunda Aqrar Biznes Festivalı təşkil olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, ​festival Cəlilabad rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin ərazisində təşkil olunan festivalın məqsədi aqrar sahədə fəaliyyət göstərən fermerləri, sahibkarları, startapçıları və dövlət qurumlarını bir araya gətirmək, kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqini təşviq etmək, eləcə də aqrar biznes imkanlarını geniş ictimaiyyətə təqdim etmək olub.

​Festivalın açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sahədə həyata keçirilən sistemli islahatlar, fermer və sahibkarlara göstərilən dövlət dəstəyi, eləcə də müasir texnologiyaların tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verir:

"Bu gün kənd təsərrüfatı yalnız istehsal sahəsi kimi deyil, həm də innovasiya, texnologiya və sahibkarlığın qovuşduğu strateji iqtisadi istiqamətlərdən birinə çevrilməkdədir. Aqrar sahədə rəqəmsal həllərin tətbiqi, startap təşəbbüslərinin təşviqi, elmi biliklərin və müasir texnologiyaların praktikaya inteqrasiyası sektorun rəqabət qabiliyyətliliyinin artırılmasına xidmət edir".

​Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı ölkədə kənd təsərrüfatının inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, aqrar sahədə innovasiyaların tətbiqinin, peşə təhsilinin inkişafının və məşğulluq imkanlarının genişləndirilməsinin əhəmiyyətindən bəhs ediblər.

​​Açılış mərasimindən sonra iştirakçılar sərgi sahəsinə baxış keçiriblər.

​Tədbir iştirakçıları həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində "Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi" layihəsi çərçivəsində təşkil olunan "Bootcamp" proqramının iştirakçıları ilə görüşüblər.

Sərgi çərçivəsində yaradılmış startap zonasında aqrar startapçılar innovativ layihə və həllərini təqdim ediblər.