Balıqçılıq və Akvakultura Mərkəzinin beynəlxalq və yerli fəaliyyəti məlum olub

ASK
  • 19 dekabr, 2025
  • 11:27
Balıqçılıq və Akvakultura Mərkəzinin beynəlxalq və yerli fəaliyyəti məlum olub

Bu il Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzi sahənin inkişafı, institusional əməkdaşlığın gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi məqsədilə bir sıra mühüm tədbirlərdə həm təşkilatçı, eyni zamanda iştirakçı qismində iştirak edib.

"Report" xəbər verir ki, bunu Mərkəzin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər mövzusunda mətbuat konfrasında bildirib.

"Bu il 13-15 mayda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyilə Bakıda keçirilən Mərkəzi Asiya və Qafqaz Regional Balıqçılıq və Akvakultura Komissiyasının (CACFish) Texniki Məsləhət Komitəsinin 7-ci İclasında beynəlxalq iştirakçılarla birlikdə akvakultura sahəsində çalışan yerli mütəxəssislər iştirak ediblər. FAO-nun "Kənd yerlərinin inkişafı" layihəsi çərçivəsində 25 avqust – 12 sentyabrda balıqçılıq və akvakultura sahəsini əhatə edən təlim proqramı təşkil edilib. Proqramda Mərkəzin 15 nəfər əməkdaşı iştirak etmiş, proqram çərçivəsində müasir yanaşmalar, beynəlxalq təcrübə və praktiki biliklərin artırılmasına xüsusi diqqət yetirilib", - deyə o qeyd edib.

Bundan başqa, C.Əliyevin sözlərinə görə, ​24-26 noyabrda Türkmənistanın paytaxtı Aşqabadda "Xəzər dənizinin su bioresurslarının qorunması, onların rasional istifadəsi və birgə ehtiyatların idarə olunması üzrə Komissiya"nın 9-cu iclası keçirilib: "Tədbirdə Azərbaycan nümayəndə heyəti təmsil olunub, Azərbaycanla yanaşı İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətlərinin qatıldığı iclasda tərəflər Komissiyanın əvvəlki qərarlarının icrası, 2024-cü ildə istifadə olunmuş balıqçılıq kvotaları, ehtiyatların bərpasına yönəlmiş balıqartırma proqramları, su bioresurslarının mühafizəsi ilə bağlı görülmüş tədbirlər barədə müzakirələr aparıblar. İclasda 2024-cü ilin elmi tədqiqat məlumatları əsasında Xəzər dənizində su bioresurslarının mövcud vəziyyəti müzakirə olunub, növlərin biokütlələrində baş verən dəyişikliklər və ekoloji risklər qiymətləndirilib, 2026-cı il üçün birgə balıqçılıq kvotaları təsdiq edilib və Komissiyanın işçi qruplarının fəaliyyəti dəyərləndirilərək növbəti mərhələ üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib".

"Eyni zamanda istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqələrin qurulması, balıq məhsullarının istehlakının təşviqi məqsədilə, 12 sentyabrda Keşlə balıq bazarında yarmarka keçirilmişdir. Sözügedən tədbirdə Balıqçılıq və Akvakultura Mərkəzi tərəfdaş qismində iştirak edib. ​Bundan əlavə, 4 dekabrda Neftçala Bayraq Meydanında keçirilmiş 9-cu Aqrar Biznes Festivalı və "Balıq" mövzusunda tədbirdə Balıqçılıq və Akvakultura Mərkəzi rəsmi olaraq təmsil olunub. Festival Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

​Ümumilikdə, bu cür tədbirlər Balıqçılıq və Akvakultura Mərkəzinin institusional mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, məlumatlılığın artırılmasına və balıqçılıq və akvakultura sektorunun davamlı inkişafına yönəlmiş fəaliyyətinin tərkib hissəsidir. Növbəti illərdə də müvafiq istiqamətlər üzrə işlərin ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur. Qeyd olunan hədəf və tədbirlər balıqçılıq və akvakultura sahəsində planlı, elmi əsaslı və dayanıqlı inkişafın təmin edilməsinə yönəlib. Qarşıdakı dövrdə bu istiqamətdə fəaliyyətlərin ardıcıl və sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulur", - deyə C.Əliyev əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti