"Azərpambığ"ın ixrac gəlirləri 33 %-dən çox azalıb
- 30 sentyabr, 2025
- 14:02

Bu ilin yanvar-avqust aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 26 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
"Report"un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 12,9 milyon ABŞ dolları və ya 33,2 % azdır.
Xatırladaq ki, 8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.