Azərbaycanda keçiriləcək Məhsul Festivallarının detalları açıqlanıb
- 20 iyun, 2025
- 11:50

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə ölkənin müxtəlif regionlarında keçiriləcək Məhsul Festivalları vahid konsepsiya ilə təşkil olunacaq və ümumilikdə 9 iqtisadi rayonu əhatə edəcək:
"Report" xəbər verir ki, bunu Mərkəzin direktoru Anar Cəfərov bildirib.
"Festivalların keçirilməsində əsas məqsəd regionların regionların turizm potensialının tanıdılması, yerli kənd təsərrüfatı məhsullarının təqdim olunması, fermer və istehsalçıların dəstəklənməsi, eyni zamanda ictimai marağın və ticarət imkanlarının artırılmasıdır. Bu tədbirlər kənd əhalisinin sosial rifahının yaxşılaşdırılmasına, bölgələrdə milli-mədəni irsin qorunub yaşadılmasına da töhfə verəcək. Hər festival çərçivəsində bölgəyə məxsus folklor nümunələri, yerli sənətçilərin çıxışları və fermer təsərrüfatlarının məhsulları təqdim olunacaq. Bu, regionların aqrar potensialının, mədəni ənənələrinin geniş auditoriyaya çatdırılmasına imkan verəcək", - deyə o qeyd edib.
A. Cəfərovun sözlərinə görə, dövlət-özəl sektor tərəfdaşlığı prinsipilə təşkil olunan festivallarda “Aqrar Tədarük və Təchizat” ASC daxil olmaqla nazirliyin qurumları ilə yanaşı, digər dövlət strukturları, sahibkarlar, bank və bank olmayan kredit təşkilatları, supermarket şəbəkələri fəal iştirak edirlər. Bu isə fermerlərlə təchizatçılar arasında birbaşa əlaqələrin qurulmasına şərait yaradır.
Dövlət-özəl tərəfdaşlığı prinsipi ilə təşkil olunan festivallarda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, digər dövlət strukturları, elmi qurumlar, bank və kredit təşkilatları, supermarket şəbəkələri və “Aqrar Tədarük və Təchizat” ASC kimi şirkətlər fəal iştirak edir. Bu isə fermerlərlə təchizatçılar arasında əlaqələrin qurulmasına, yeni texnologiyaların tətbiqinə, məhsul satışının genişlənməsinə və ümumilikdə aqrar sektorun dinamik inkişafına zəmin yaradır.
Məhsul Festivalları çərçivəsində kənd təsərrüfatının prioritet istiqamətlərinə dair məlumat sessiyaları və “Meyvə-tərəvəz məhsullarının uzun müddət saxlanılması və soyuq zəncirin tətbiqi” mövzusunda təlimlər də keçiriləcək.
3 iyulda Şəmkirdə baş tutacaq “Tərəvəz” festivalında sərgi hissəsi ilə yanaşı, istixana sahibləri və fermer təsərrüfatlarının dəstəyi ilə festival ziyarətçiləri üçün piknik zonası yaradılacaq. Burada şəhər sakinləri və qonaqlar üçün xüsusi ayrılmış zonalar olacaq, piknik mədəniyyəti təbliğ ediləcək və istifadə olunan bütün ərzaq məhsulları məhz həmin bölgənin fermerlərinin təqdim etdiyi yerli məhsullardan ibarət olacaq.
Festivallar həm fermerlərin məhsullarını bazara çıxarması və satışından gəlir əldə etməsi, həm də onların zəhmətinin nəticəsini qeyd etməsi üçün bayram atmosferi yaratmaq məqsədi daşıyır. Tədbirlər zamanı bölgəyə məxsus folklor nümunələri, yerli sənətçilərin çıxışları və il ərzində rayonda görülən işlərin təqdimatı da keçiriləcək. Fermerlərin istirahəti və mədəniyyətə cəlb olunması festivalın digər mühüm tərəflərindən biridir.
Bu festivallar kənd təsərrüfatı sahəsində çalışanların zəhmətinin qiymətləndirilməsi, onların rifahının artırılması və məhsul satış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Kənd Təsərrüfatı Nazirliyi və dəstəkçi qurumlar Məhsul Festivallarının coğrafiyasının genişləndirilməsi və davamlı inkişafını prioritet istiqamət kimi müəyyən edərək, bu tədbəslərin yerli fermerlərin, istehsalçıların və bölgə əhalisinin sosial-iqtisadi rifahına töhfə verməyə davam edəcəyini bildirir.
Məhsul Festivalları aşağıdakı bölgələrdə festival keçiriləcək:
Samux – “İl Ərik”
Şəmkir – “Tərəvəz”
Daşkəsən – “Kənd və Fermer”
Kürdəmir – “Bostan”
Xaçmaz – “Şaftalı”
Göygöl – “İl Moruq”
Şamaxı – “Üzüm və Şərab”
Masallı – “Çəltik”
Neftçala – “Balıq”
Saatlı – “Pambıq”
Ağstafa – “Yerfındığı”
Balakən – “Xurma”
Ağdaş – “Heyva”