Azərbaycanda aqrar sektor 1 % böyüyüb
- 14 noyabr, 2025
- 15:28
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 12 milyard 529,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 1,5 % artaraq 6 milyard 449,5 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 0,4 % artaraq 6 milyard 079,9 milyon manat təşkil edib.
Noyabrın 1-nə kimi qarğıdalı daxil olmaqla tarlalardan 3 milyon 277,8 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,6 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 735,3 min ton (2,8 % az) tərəvəz, 1 milyon 157,6 min ton (3,5 % çox) meyvə və giləmeyvə, 903 min ton (1,3 % az) kartof, 459 min ton (6,3 % az) bostan məhsulları, 244,5 min ton (48,6 % çox) şəkər çuğunduru, 225,5 min ton (61,6 % çox) pambıq, 206,6 min ton (3 % çox) üzüm, 31,3 min ton (0,8 % çox) günəbaxan, 7,2 min ton (28 % çox) tütün, 1 161,3 ton (11,5 % çox) yaşıl çay yarpağı yığılıb.
10 ay ərzində ölkədə quş əti də daxil olmaqla diri çəkidə 492,1 min ton ət, 1 milyon 883 min ton süd, 1 milyon 975,2 milyon ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal olunub, illik müqayisədə yumurta istehsalı 3 %, ət istehsalı 0,1 %, süd istehsalı 0,1 % artıb, yun istehsalı 1,3 %, barama istehsalı 22,1 % azalıb.