Azərbaycan Yaponiyaya və BƏƏ-yə bal ixrac edəcək

ASK
  • 12 may, 2022
  • 10:27
Azərbaycan Yaponiyaya və BƏƏ-yə bal ixrac edəcək

Azərbaycan Yaponiyaya və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) bal ixrac edəcək, artıq danışıqlar aparılır.

Bunu “Report”a Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, yerli istehsal olan balın Yaponiyaya ixracı üçün artıq razılaşmalar var: “Bu il bal süzümündən sonra Yaponiyaya ixrac olunacaq balın həcmi məlum olacaq. Yaponiya böyük həcmdə bal almaq istəyir, ilkin olaraq 50-60 ton sifariş verilib. Yaponiyaya ixracın ilk mərhələsini reallaşdıra bilsək, növbəti mərhələ üçün sifarişlər gələcək”.

B.Həsrətov deyib ki, bir neçə gün əvvəl BƏƏ-dən Azərbaycana nümayəndələr gəlmişdilər: “Onlar Azərbaycandan bal almaq istəyirlər və bununla bağlı müqavilə imzalanacaq. 10 min ton bal almaq istəyirlər".

Assosiasiya sədri vurğulayıb ki, ümumiyyətlə, Azərbaycan istehsalı olan bala maraq artıb: "Bu isə Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Keçən il Ukrayna dünya bazarına 82 min ton bal ixrac etmişdi, bu il müharibəyə görə onların istehsalında problem var. Hesab edirəm ki, dünya bazarında bala tələbatda boşluqlar yaranacaq. Biz dünya bazarında operativ işləyərək yer tutmağa çalışmalıyıq".

O, hazırda ölkə bazarında da bala olan tələbatdan danışıb: “Bazarlarda hələdə ucuz, 5-6 manata, keyfiyyətsiz bal satılır. Bu isə rəqabətə mane olur, çünki bal istehsalının maya dəyəri yüksəkdir. Ölkədə balın məhsuldarlığı digər ölkələrlə müqayisədə azdır. Xaricdə isə arılar üçün xüsusi gül plantasiyaları əkirlər. Ona görə də xarici ölkələrdə bal istehsalının maya dəyəri daha ucuz olur. Bizim arılar nektarı təbiətdən götürür. Bizim balın keyfiyyəti kifayət qədər fərqlidir və daha dəyərlidir. Çox ciddi şəkildə dövlət səviyyəsində Azərbaycan balının tanıdılmasına ehtiyac var. Böyük xərc tələb edən işdir, beynəlxalq sərgilərə çıxış üçün dəstək göstərilməlidir”.

B.Həsrətov ölkədə balın satışı üçün mərkəzin və laboratoriyanın yaradılmasına münasibət bildirib: “Biz Azərbaycanda bal satışı üzrə bir mərkəzin yaradılmasını istəyirdik. Bu istiqamətdə, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə bizim danışıqlarımız davam edir, müəyyən razılaşmalar var. Düşünürdük ki, balın satışı üçün ümumiləşdirilmiş bir mərkəz və laboratoriya Bakıda yaradılsın. KOBİA ilə son danışıqlarımızda isə onların yerləşdirmə yeri kimi bölgələr təklif edilib. Məsələn, Şimal-Qərb bölgəsi üzrə brend formalaşsın, qablaşdırma müəssisəsi, satış yeri təşkil edilsin. KOBİA son vaxtlar balın marketinqinin aparılmasına, arıçılığın inkişafına dəstək verir”.

Xatırladaq ki, 2021-ci ildə ölkədə 7 min ton bal süzülmüşdü, bu il isə 10 min ton balın süzülməsi gözlənilir.