Azərbaycan və Türkiyə aqrar sahədə regional riskləri birgə idarə edəcək

ASK
  • 23 dekabr, 2025
  • 13:09
Azərbaycan və Türkiyə aqrar sahədə regional riskləri birgə idarə edəcək

Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı yeni mərhələyə çıxararaq regional risklərin birgə idarə olunmasına yönəlmiş strateji yanaşma formalaşdırır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən II Azərbaycan–Türkiyə II İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş "Aqrar tərəfdaşlıq: dayanıqlı inkişaf və qida təhlükəsizliyi" mövzusunda panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri, su resurslarına artan təzyiq, ərzaq bazarlarında geosiyasi çağırışlar aqrar sektoru bütün ölkələr üçün strateji əhəmiyyətli sahəyə çevirib: "Mövcud qlobal çağırışlar göstərdi ki, qida təminatı artıq ayrı-ayrı ölkələrin deyil, strateji tərəfdaşların gücü ilə qorunur. Bu baxımdan Azərbaycan və Türkiyə aqrar əməkdaşlığı regional səviyyədə risklərin birgə idarə olunması modelinə çevrilə biləcək böyük potensiala malikdir".

Nazir müavini qeyd edib ki, Türkiyənin aqrar texnologiyalar, emal sənayesi, logistika, standartlaşdırma və idarəetmə sahəsindəki təcrübəsi Azərbaycanın torpaq, istehsal və ixrac potensialı ilə birləşdikdə region üçün güclü sinerji yaranır: "Biz istehsal, emal, logistika və bazar zəncirinə ayrı-ayrı mərhələlər kimi deyil, bütöv aqrar ekosistem kimi baxırıq. Məqsəd yalnız ticarət həcmini artırmaq deyil, birgə dəyər yaratmaq, texnologiya transferini sürətləndirmək və ixracyönümlü, dayanıqlı aqrar model formalaşdırmaqdır".

Panel müzakirəsində iştirak edən Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polat isə deyib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən aqrar inkişaf layihələri Azərbaycan–Türkiyə əməkdaşlığı üçün yeni imkanlar yaradır və regional qida təhlükəsizliyinə mühüm töhfə vermək potensialına malikdir.

Abdulkadir Polat

Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri, artan əhali və ərzaq tələbatı fonunda kənd təsərrüfatı artıq yalnız istehsal sahəsi deyil, strateji əhəmiyyət daşıyan sektor kimi çıxış edir: "Bu baxımdan Azərbaycan və Türkiyənin ortaq məqsədləri və birgə baxışı mövcuddur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yaradılan aqroparklar, müasir istehsal sahələri və logistika mərkəzləri təkcə ölkənin milli inkişafına deyil, eyni zamanda regionun ərzaq təhlükəsizliyinə xidmət edəcək. Bu ərazilərdə formalaşdırılan aqrar infrastruktur Türkiyənin texnoloji, institusional və idarəetmə təcrübəsi ilə birləşdikdə hər iki ölkə üçün qazan-qazan prinsipi əsasında nümunəvi əməkdaşlıq modeli yarana bilər".

A.Polat əlavə edib ki, Azərbaycan və Türkiyə arasında aqrar sahədə əməkdaşlıq çərçivəsində texnologiya və bilik mübadiləsi, birgə elmi-tədqiqat fəaliyyətləri, bitkiçilik və heyvandarlıq, su idarəçiliyi, iqlim dəyişikliklərinə uyğun istehsal modelləri üzrə mühüm irəliləyişlər əldə olunub. Nazir müavini vurğulayıb ki, tərəflər aqrar sahədə rəqəmsallaşma, süni intellekt tətbiqləri, iqlimə davamlı toxumların hazırlanması, su səmərəliliyinin artırılması və logistika–ixrac infrastrukturunun gücləndirilməsini gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyənləşdirib.

Son xəbərlər

Bütün Xəbər Lenti