Azərbaycan günəbaxan yağı bazarında balans axtarışındadır: idxal bahalaşır, istehsal azalır - ARAŞDIRMA
- 17 sentyabr, 2025
- 17:18

Dünyada kənd təsərrüfatı məhsulları bazarında müşahidə olunan qeyri-sabitlik, iqlim dəyişiklikləri, məhsuldarlığın azalması və əsas istehsalçı ölkələrdə ixrac məhdudiyyətləri günəbaxan yağı bazarına da ciddi təsir göstərir. Bu məhsulun istehsalında azalma ilə bağlı gözləntilər fonunda qiymətlərdə artım meyli güclənib. Nəticədə, avqust ayında günəbaxan yağının qiyməti son 33 ayın ən yüksək səviyyəsinə çataraq bazardakı gərginliyi daha da artırıb.
Rəqəmlər də bu tendensiyanı təsdiqləyir. Aprel-iyun aylarında günəbaxan yağının ixracı illik ölçüdə 0,8 milyon ton azalıb, cari rübdə isə əlavə olaraq 0,1-0,2 milyon ton azalma gözlənilir. Beləliklə, 2024/25 marketinq ilində ümumi azalma təxminən 2 milyon ton təşkil edə bilər ki, bu da qlobal tədarükün əhəmiyyətli dərəcədə azalması deməkdir.
Bazarın ənənəvi olaraq əsas oyunçularından biri Rusiyadır. Bu ölkə dünya günəbaxan bazarının təxminən 40 %-nə nəzarət edir və Hindistan (cəmi tədarükün 61 %-i), Çin (66 %-i), Misir (68 %-i), İran (83 %-i), Türkiyə (57 %-i) kimi iri bazarların başlıca təchizatçısıdır. Azərbaycan üçün də Rusiya əsas tərəfdaş olaraq qalır: 2020-ci ildə ölkəmizin günəbaxan yağı idxalının 98,3 %-i, 2021-ci ildə 98,2 %-i, 2022-ci ildə 89,8 %-i, 2023-cü ildə 98,6 %-i, 2024-cü ildə isə 98,3 %-i məhz Rusiyanın payına düşüb.
Rusiyada günəbaxan emalı zərərli olaraq qalır
2025-ci ilin əvvəlindən Rusiya xaricə təxminən 2,6 milyon ton günəbaxan yağı göndərib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 34 % azdır. Azalmanın əsas səbəbləri sırasında xammalın əsassız dərəcədə yüksək alış qiymətləri, dolların məzənnəsinin ucuzlaşması və ixrac rüsumlarının nisbətən yüksək qalması göstərilir. Bu amillər günəbaxanın ixrac üçün emalını iqtisadi baxımdan mənfəətsiz edib.

Hazırda Rusiya ixracatçılarının qarşısında duran əsas hədəf başlıca idxal bazarlarında mövcudluğunu qorumaqdır. Xüsusilə də Türkiyəyə (ilk 8 ayda 641 min ton) və Hindistana (630 min ton) yönələn tədarüklər prioritet olaraq qalır. Bununla belə, ixrac istiqamətlərində fərqli dinamika müşahidə olunur: uzaq xarici ölkələrə tədarük 45 % azaldığı halda, MDB məkanına göndərilən həcmlər 30 % artıb.
Rusiyada formalaşan mənfi fon Azərbaycanın idxal göstəricilərinə də təsirsiz ötüşməyib. 2025-ci ilin ilk yeddi ayında ölkəmizə ümumilikdə 41,65 milyon ABŞ dolları dəyərində (illik müqayisədə 32 % çox) 31 min 558 ton (-12 %) günəbaxan yağı gətirilib. Bunun 40,36 milyon ABŞ dolları dəyərində (+31 %) 30 min 866 tonu (-12,4 %) Rusiya, 1,05 milyon ABŞ dolları dəyərində (+23 %) 596 tonu (+4,6 %) Türkiyə, 218 min ABŞ dolları dəyərində (+4,6 dəfə) 88,4 tonu (+4 dəfə) isə İtaliya mənşəli olub.
Qeyd etmək maraqlıdır ki, idxal olunan 1 ton günəbaxan yağının dəyəri ötən illə müqayisədə Rusiyadan 50 %, Türkiyədən 18 %, İtaliyadan isə 15 % bahalaşıb.
Qiymət artımı idxalçıları alternativlərə yönəldir
İlk baxışdan dünya bazarında günəbaxan yağına olan yüksək qiymətlər ixracatçılar üçün əlverişli şərait yaradırmış kimi görünür. Lakin reallıqda mənzərə bir qədər fərqlidir. Bahalaşma fonunda bir çox idxalçılar daha sərfəli hesab olunan digər bitki yağlarına - palma və soya yağına üz tuturlar.
Bu meyl statistikalarda da əksini tapır. 2024/25-ci illərin marketinq mövsümündə soya yağının qlobal ixracı əvvəlki mövsümlə müqayisədə 32 % artaraq rekord hədd - 15,9 milyon tona çatıb. Palma yağının istehsalında və ixracında dünya lideri olan İndoneziya isə (illik istehsal təxminən 45 milyon ton, ixrac 16 milyon ton) cari ilin ilk yeddi ayında xarici bazarlara 13,64 milyon ton məhsul göndərib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 11 % çoxdur.

Azərbaycanın timsalında alternativlərə yönəlmə daha çox soya yağında özünü göstərir. Belə ki, yanvar–iyul aylarında ölkəyə 3,77 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 3 min 314 ton (+2,2 dəfə) soya yağı idxal olunub. Bunun böyük hissəsi - 3,73 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 3 min 285 tonu (+2,2 dəfə) Rusiya mənşəlidir.
Palma yağı üzrə isə əks meyl qeydə alınıb: hesabat dövründə xaricdən 39,9 milyon ABŞ dolları dəyərində (-8 %) 27 min 876 ton (-24 %) məhsul gətirilib. İndoneziyadan tədarük kəskin - 10 dəfə azalsa da, ölkə hələ də əsas təchizat bazarı olaraq qalır (ümumi idxalın 94 %-i). Eyni zamanda, Rusiya mənşəli palma yağının idxalı dörd dəfə artıb.
Məhsuldarlıq son 13 ilin ən aşağı səviyyəsinə düşüb
Rusiyanın kənd təsərrüfatı üçün ən strateji bölgələrindən sayılan cənubda yaranmış mənfi fon günəbaxanla bağlı gözləntiləri kəskin zəiflədib. Fermerlər burada məhsuldarlığın 35-50 % azalması ilə üzləşiblər. İsti və quraq yay mövsümü, uzun sürən yağışsızlıq torpağın gücünü əlindən alıb. Nəticədə, hektardan orta məhsuldarlıq 1,17 ton təşkil edib ki, bu da ötən illə müqayisədə 35,4 % azalma deməkdir. Statistik göstəricilər Rusiyada son 13 ilin ən aşağı nəticəsini ortaya qoyur. Bunun təsiri ilə ölkənin ümumi günəbaxan məhsulu üzrə proqnozlar da aşağı salınaraq 17,4 milyon tona endirilib.
Xüsusilə Rostov vilayəti və Krasnodar diyarının bəzi rayonlarında nəm çatışmazlığı və yandırıcı istilər məhsuldarlığın yarıbayarı azalmasına yol aça bilər. Belə bir şəraitdə, Rusiya fermerləri əvvəlkindən daha çox sahəni günəbaxana ayırsalar da (təxminən 9 % artım), nəticədə əldə olunacaq məhsul ötən ilin göstəricilərindən çox da fərqlənməyə bilər. Bununla belə, kənd təsərrüfatı istehsalçıları bir tərəfdən əkinləri genişləndirməyə, digər tərəfdən isə emal müəssisələrini müasirləşdirməyə çalışır. Sentyabr ayından etibarən onların rentabelliyini artıracaq müəyyən müsbət dinamikanın hiss olunacağı gözlənilir.

Bu fon Azərbaycanda da öz izini buraxır. Ölkədə bitki yağlarının istehsalı azalır, amma ixrac göstəriciləri yüksəlir. Belə ki, 2025-ci ilin yanvar-iyul aylarında daxili istehsal ötən ilin eyni dövrünə nisbətən 10,4 % azalaraq 22,5 min tona düşüb. Eyni zamanda, xaricə satış 6,6 min ton təşkil edib - həcmi 27 % artsa da, dəyəri 12 % azalıb. İxracın əsas hissəsini 1,77 min ton günəbaxan yağı, 253 ton zeytun yağı və 260 ton qarğıdalı yağı təşkil edib.
Lakin problem təkcə Rusiya ilə məhdudlaşmır. Digər iri istehsalçılarda da perspektivlər ürəkaçan deyil. Analitik mərkəzlər xəbərdarlıq edirlər ki, 2025-2026-cı illərdə dünya üzrə yağ istehsalı son beş ilin orta göstəricisindən aşağı olacaq. Fransanın "Strategie Grains" şirkətinin hesablamalarına görə, Avropada günəbaxan məhsulu son 10 ilin minimumuna enərək təxminən 8,3 milyon ton təşkil edəcək. Analitiklər bu vəziyyəti "ən yaxşı halda pis, ən pis halda isə fəlakətli" kimi xarakterizə edirlər.
Nəticə etibarilə, gələn mövsümdə dünya üzrə günəbaxan yağına tələbat cüzi - cəmi 0,2 milyon ton artaraq 22,5 milyon tona çatacaq. Bu isə 2023/24 mövsümündə qeydə alınmış 23,8 milyon tonluq rekorda nisbətən xeyli aşağı göstəricidir. Əlavə çətinlik isə ilkin ehtiyatların azalmasıdır: 2025/26 mövsümündə onların 1-1,1 milyon ton aşağı olacağı proqnozlaşdırılır. Bu da qlobal bazarda təklifin daralmasına, qiymətlərin isə artmasına yol aça bilər.
Günəbaxan bazarında yaranmış bu gərgin fon həm qlobal ticarətin, həm də Azərbaycanda daxili bazar sabitliyinin gələcək istiqamətini müəyyənləşdirəcək.