Azərbaycan Bolqarıstanla kənd təsərrüfatı məhsulların ixracda payının artırılmasını müzakirə edib
- 01 noyabr, 2025
- 09:36
Azərbaycan və Bolqarıstan ticarət əlaqələrinin möhkəmləndirilməsini, kənd təsərrüfatı və emal olunmuş məhsulların ümumi ixrac strukturundakı payının artırılmasını müzakirə edib.
"Report"un məlumatına görə, müzakirələr Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun bolqarıstanlı həmkarı Georgi Tahovla görüşü çərçivəsində baş tutub.
Görüşdə, həmçinin aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrup arasında fəaliyyətin gücləndirilməsi, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, iş adamları arasında əlaqələrin genişləndirilməsi, müasir texnologiyaların transferi, tingçilik, bitki seleksiyası, akvakultura və balıqçılıq sahəsində əməkdaşlıq, spirtli içkilərin istehsalı sahəsində təcrübə mübadiləsi, hər iki ölkədə təşkil edilən beynəlxalq sərgi və yarmarkalarda iş adamlarının iştirakının təşviq edilməsi, aqrar elmi-tədqiqat və aqrar təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.
G.Tahov ölkəsinin Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, aqrar sahədə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır. O, ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini vurğulayıb.
M. Məmmədov qarşı tərəfə ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Bolqarıstan ilə iqtisadi və ticari əməkdaşlığın gücləndirilməsi istiqamətində bütün təşəbbüsləri dəstəkləyir.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsi illik ifadədə 30,55 % artaraq 602,277 milyon ABŞ dolları təşkil edib.
Azərbaycandan ixracın həcmi 584,812 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,28 % çoxdur. Azərbaycana idxal isə əksinə 32,37 % azalaraq 17,465 milyon ABŞ dolları olub.