"Aqronomların Naxçıvan Forumu" keçirilib
- 29 sentyabr, 2025
- 17:29

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi (AİM) və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində Biznes Mərkəzində "Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların Naxçıvan Forumu" keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, forumun məqsədi dövlət-özəl tərəfdaşlığı çərçivəsində aqrar sektorda davamlı inkişafın təmin edilməsi, innovativ texnologiyaların tətbiqi, aqronomların peşəkarlığının artırılması və müasir çağırışlara uyğun əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Tədbirdə dövlət və özəl sektorun nümayəndələri, aqronomlar, alimlər, fermerlər və aqrar sahənin digər mütəxəssisləri iştirak edərək aqronomiyanın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Naxçıvanın kənd təsərrüfatı naziri Rafail Quliyev bildirib ki, son illər dövlətin aqrar sektora göstərdiyi dəstək, innovativ texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məhsuldarlığın artımına mühüm təsir edib. Forumun nəticələrinin aqronomların peşəkar inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına və kənd təsərrüfatının davamlı inkişafına töhfə verəcəyi vurğulanıb.
AİM-in direktoru Anar Cəfərov isə qeyd edib ki, əsas məqsəd müasir texnologiyaların tətbiqi ilə aqronomların bilik və bacarıqlarının artırılmasına, fermerlərin isə innovativ həllərə çıxış imkanlarının genişləndirilməsinə dəstək verməkdir. Onun sözlərinə görə, müasir kənd təsərrüfatında uğur qazanmaq üçün aqronomlar yalnız elmi biliklərə deyil, həm də praktik təcrübəyə və innovativ texnologiyaları tətbiq etmək bacarığına sahib olmalıdırlar. AİM-in fəaliyyəti də bu istiqamətdə strategiya və resursların düzgün yönləndirilməsini təmin edir.