"Ağıllı kənd"də yaradılan iş yerlərinin istiqamətləri açıqlanıb
- 16 noyabr, 2021
- 11:06
"Zəngilan rayonunun Ağalı kəndində salınmış "Ağıllı kənd"də çoxsaylı iş yerləri yaradılır”.
Bunu ”Report”a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.
“Burda bildiyiniz kimi, dövlət tərəfindən yaradılan iş yerləri (məktəb, xəstəxana, icra nümayəndəliyi və.s.) var. Həmçinin, həmin ərazidə beton məmulatları üzrə istehsal müəssisəsi var”, - o qeyd edib.
AXA sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar: “Aqroparkda müasir camışçılıq və camış südünün emalı müəssisəsi qurulur. Həmin müəssisədə sakinlərimiz üçün iş yerləri var. İş yerləri ilə bağlı hər hansı bir problem ümumiyyətlə yoxdur”.
M.Əliyev “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə bağlı danışarkən qeyd edib ki, sözügedən konsepsiya sənədi hazırdır: “Sənədə baxılması üçün aidiyyatı dövlət qurumlarına göndərilib. Konsepsiya sənədində kəndin minimal elementləri öz əksini tapıb. Dünyada istənilən "ağıllı" kəndə baxsaq görərik ki, burda vacib məsələ, insanların rahat həyat tərzinin və insanların iş yerləri təminatı məsələsidir. Kənd özü-özünü təmin etməlidir”.
Xatırladaq ki, Zəngilan rayonunun Ağalı kəndində yaradılan “Ağıllı kənd”də innovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi həyata keçirilir. Kənddə ilkin mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.