Ağdaşda ilk dəfə Heyva Festivalı keçirilib
- 28 oktyabr, 2025
- 13:28
Ağdaş rayonunda ilk dəfə Heyva Festivalı təşkil olunub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, festivalda Ağdaş rayonunun rəhbərliyi, Milli Məclisin deputatları, Kənd Təsərrüfatı Nazirliyinin, müxtəlif dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhərin Heydər Əliyev meydanında keçirilən açılış mərasimində çıxış edənlər festivalın rayonun sosial-iqtisadi və mədəni həyatında xüsusi rolu və festival çərçivəsində görülən işlərin əhəmiyyətindən bəhs ediblər.
Festivalda yerli heyva məhsulları, kulinariya nümunələri, dulusçuluq, keramika, xalçaçılıq, dekorativ toxuculuq, eko-art və ebru sənəti nümayiş etdirilib. Həmçinin körpələr evi-uşaq bağçalarında tərbiyə alan azyaşlıların ifasında bədii kompozisiya təqdim olunub. Tədbirdə robot texnikası, STEAM layihələri, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin sərgiləri, floristika, rəsm və plener guşələri, eləcə də idmançıların, kəndirbazların çıxışları, sahibkarlıq subyektlərinin məhsulları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Festival konsert proqramı ilə başa çatıb.