Tarixi Zəfərin beş ili – qalib xalq və güclü dövlət
- 08 noyabr, 2025
- 14:07
Bu gün Azərbaycan xalqı tarixi ədalətin və beynəlxalq hüququn təntənəsini simvolizə edən Zəfər Gününü qeyd edir. 8 Noyabr xalqımızın yaddaşında zəfər, torpaqların azadlığı, milli birlik və tarixi ədalətin bərpasının rəmzi kimi həkk olunub.
Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı və və 44 gün davam edən bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. Nəticədə 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi və nəhayət, noyabrın 8-də Şuşanın azad olunması ilə düşmən kapitulyasiyaya məcbur edildi və ərazi bütövlüyümüz bərpa edildi.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycan xalqının Zəfər Günü kimi qeyd edilir.
Tarixi Qələbənin memarı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi - "Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik".
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə, Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Ermənistan öz məğlubiyyətini etiraf etdi, kapitulyasiya sənədinə imza atdı. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalandı. Bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu.
Azərbaycan xalqının haqq savaşı - Vətən müharibəsi azərbaycanlıların böyüklüyünü, əzmini və qəhrəmanlığını bütün dünyaya göstərdi. Uzun illər düşmən işğalında olan, torpağının üstü də, altı da talan edilən Qarabağ və Şərqi Zəngəzur Vətən müharibəsində əldə edilən böyük qələbə ilə öz azadlığına qovuşdu.
Ordumuzun Şuşa möcüsəzi
44 günlük müharibənin bütün əməliyyatları, döyüşləri dünya hərb tarixinin qəhrəmanlıq, şücaət nümunəsidir. Şuşa əməliyyatı isə bu qəhrəmanlığın pik nöqtəsidir. Dünya hərb tarixinin ən parlaq səhifələrindən biri olan bu əməliyyatın taktikası hərbi mütəxəssislər tərəfindən unikal qiymətləndirilir. Bu əməliyyat artıq dünyanın aparıcı hərbi məktəblərdə tədqiq edilir, öyrənilir.
Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyələndirirdi: "Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik".
Həqiqətən də, Şuşa döyüşləri ordumuzun mübarizə əzminin, Vətən sevgisinin ən yüksək zirvəsi idi. Azərbaycan Ordusu Şuşaya doğru dayanmadan, çox böyük inamla irəlilədi və demək olar ki, mümkünsüz işin öhdəsindən gəldi. Qəhrəman döyüşçülər dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını uğurla yerinə yetirdilər. Əsgər və zabitlərin yaxın döyüş üsulu ilə, əlbəyaxa savaşla qədim tarixi şəhəri dağıtmadan, ona xələl gətirmədən azad etməsi hərb tarixində tamamilə yeni idi. Sıldırım qayaları aşaraq böyük fədakarlıq nəticəsində Şuşaya qalxan döyüşçülərin şücaəti dünyanı heyrətə salmışdı. Onların bu mürəkkəb və cəsarətli addımları dünya hərb tarixinin misilsiz bir səhifəsini təşkil edir.
Qazanılan Zəfər Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunaraq növbəti qələbələrin açarına çevrildi. Zəfərdən sonra Qarabağda yaşayan erməni separatçılar, eləcə də Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlərin davam etməsi antiterror əməliyyatını labüd etdi.
Antiterror əməliyyatları və suverenliyin tam bərpası
Qarabağın az qala hər qarışında Azərbaycan Bayrağı dalğalandıqca Qarabağ bölgəsinin bəzi ərazilərində qalan separatçı qalıqları, qanunsuz erməni silahlı dəstələri vəziyyəti gərginləşdirməyə çalışır, vaxtaşırı terror aktları törətməkdə davam edir, təhlükə mənbəyi olaraq qalırdı. 2023-cü il sentyabrın 18-də düşmənin basdırdığı minanın partlaması nəticəsində 6 nəfər, o cümlədən polis əməkdaşları şəhid oldu. Artıq növbəti təxribat vəziyyəti dözülməz hala gətirmişdi.
Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan və cəmi bir gün davam edən antiterror əməliyyatı uğurla nəticələndi. Azərbaycan ərazisindəki Ermənistan ordusunun qalıqları və qanunsuz silahlı dəstələrin bütün mövqeləri, atəş nöqtələri, döyüş vasitələri və bazaları yüksək dəqiqlikli silahlarla məhv edildi.
Antiterror əməliyyatı növbəti dəfə Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi. 23 saat 43 dəqiqə sonra düşmən ağ bayraq qaldıraraq təslim olmağa məcbur oldu. Bununla da Qarabağda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrin, qondarma rejimin mövcudluğuna son qoyuldu, Qarabağ mövzusu birdəfəlik bağlandı.
Heç şübhəsiz ki, uğurla həyata keçirilmiş birgünlük lokal antiterror əməliyyatı İkinci Qarabağ savaşının - Vətən müharibəsinin möhtəşəm və məntiqi yekunudur. Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan xalqının tarixində və taleyində ən möhtəşəm hadisədir. Antiterror əməliyyatının uğuru, ilk növbədə, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı ilə şərtləndi.
Qeyd etmək vacibdir ki, əməliyyat yalnız legitim hərbi hədəflərə qarşı yönəlmişdi – bu, Ali Baş Komandanın xüsusi tapşırığı idi və onu şərəflə yerinə yetirən hərbçilərimiz həqiqətən yüksək əxlaqi keyfiyyətlər, həqiqi insanlıq nümayiş etdirdilər. Ordumuz yenə də yüksək peşəkarlığı, vətənpərvərliyi, cəsarət və şücaəti ilə bütün dünyanı heyrətləndirməyi bacardı. Əksər ekspertlər yekdilliklə qeyd edirdilər ki, dəqiq və ölçülüb-biçilmiş strategiya, müasir silahlar və qabaqcıl hərbi texnologiyalar Azərbaycanın parlaq Qələbəsinin həlledici amili oldu.
Zəfərdən sonrakı beş il ərzində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesləri bu Qələbənin davamlı inkişaf mərhələsinə çevrildiyini göstərir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış" Proqramı təkcə infrastrukturun bərpasını deyil, həm də sosial, mədəni və mənəvi həyatın yenidən dirçəlişini təmin edir. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları, "yaşıl enerji" zonalarının yaradılması, yeni yollar, hava limanları, elektrik stansiyaları və sosial obyektlər Zəfərin praktik nəticələridir. Bütün bunlar, eyni zamanda, Azərbaycan xalqının tarixi iradəsinin, Prezident İlham Əliyevin müdrik və qətiyyətli liderliyinin təcəssümüdür.
Ən əsası, Vətən müharibəsi Azərbaycan dövlətinin siyasi iradəsini, diplomatik çevikliyini, iqtisadi gücünü və milli ideoloji dayaqlarını nümayiş etdirdi və Cənubi Qafqazda tamamilə yeni geosiyasi düzənin əsasını qoydu.
Zəfər Günün mübarək, Azərbaycan!