Şimali Kiprdə prezident seçkisi – yeni lider, dəyişməyən hədəf - ŞƏRH
- 20 oktyabr, 2025
- 16:41

Şimalı Kipr Türk Respublikasında (ŞKTR) oktyabrın 19-da prezident seçkisi keçirilib. ŞKTR vətəndaşları doqquzuncu dəfə səsverməyə gedib.
Seçkidə yeddi namizəd mübarizə aparıb. Ən iddialı iki namizəd keçmiş Milli Birlik Partiyası (UBP) lideri Ersin Tatar və əsas müxalifətin, Respublikaçı Türk Partiyasının (CTP) lideri Tufan Erhürman olub. Kipr Sosialist Partiyasından Osman Zorba, Arif Salih Kırdağ, Ahmet Boran, Mehmet Hasgüler və İbrahim Yazıcı isə müstəqil namizəd kimi siyasi kampaniyaya qatılıblar. Müstəqil namizəd Hüseyn Gürlek oktyabrın 17-də Ersin Tatarın xeyrinə iddiasından əl çəkdiyini açıqlayıb.
ŞKTR-də prezidentlik simvolik sayılsa da, adadakı problemin həllinə dair danışıqlarda Kipr türklərini təmsil etdiyi üçün əhəmiyyətlidir.
Ersin Tatar və Tufan Erhürman Kipr məsələsi, Türkiyə ilə münasibətlər və xarici siyasət mövzularında fərqli siyasi mövqeləri təmsil edirdilər. Bu baxımdan, siyasi kampaniyaya adadakı qədər Türkiyədə də maraq var idi.
Ölkənin Yüksək Seçki Komissiyasının sədri Bertan Özerdağ seçkinin nəticələri ilə bağlı açıqlamasında Erhürmanın prezidentlik yarışında qalib gəldiyini elan edib. O, Erhürmanın 62,76 faiz (87 137 səs), müstəqil namizəd, fəaliyyətdə olan prezident Ersin Tatarın isə 35,81 faiz (49 714 səs) aldığını bildirib.

Bu siyasi kampaniyada seçicilərin 64,87 faizi iştirak edib. Məlumata görə, ümumi səsvermə qutularının sayı 777 olub.
Nəticələr elan edildikdən sonra Erhürman seçicilərə müraciət edərək bütün vətəndaşlara münasibətdə qərəzsiz olacağını, heç bir ayrı-seçkilik edilməyəcəyini vurğulayaraq deyib ki, cəmiyyətin hüzur və təhlükəsizliyi başlıca hədəfi olacaq: "Bu xalqa mənsub olmaq mənim ən böyük şərəfimdir, qürurumdur".
T.Erhürman seçki prosesi və nəticələrini belə qiymətləndirib: "Heç bir prezidentimiz Türkiyə Cümhuriyyəti ilə məsləhətləşmədən nə danışıqlar apardı, nə görüş keçirdi, nə də xarici siyasət xətti müəyyən etdi. Bu bizim dövlət ənənəmizdir. Bu dövlət ənənəmiz eyni şəkildə davam edəcək".
Təbliğat kampaniyası zamanı onun Türkiyəyə qarşı çıxışlar etdiyini də yeni seçilən prezident cavabsız qoymayıb. Türkiyə ilə əlaqələr mövzusunda heç bir mənfi fikir söyləmədiyinə diqqət çəkən Tufan Erhürman belə deyib: "Ancaq bu mövzuda çox böyük qara təbliğat aparıldı. Əslində, Türkiyə Respublikasının səlahiyyətliləri məni çox yaxşı tanıyır. Türkiyə ilə əlaqələr bizim üçün son dərəcə vacibdir, həyatidir".
Erhürman bununla yeni hakimiyyətin Türkiyə və oradakı siyasi qüvvələrə münasibətini açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Tufan Erhürmanı təbrik edib. O, sosial media səhifəsində bildirib: "Bu gün Şimali Kipr Türk Respublikasında keçirilən seçkilərdə rəsmi olmayan nəticələrə görə prezident seçilən hörmətli Tufan Erhürmanı təbrik edirəm".
Türkiyədə əsas müxalifətin, Respublika Xalq Partiyası (Cümhuriyyət Halk Partisi) lideri Ögür Özelin təbriki də maraqlı olub: "Qardaş partiyamız CTP-nin lideri, çox dəyələri dostum, hörmətli Tufan Erhürmanı ürəkdən təbrik edirəm".
Türkiyədə hakim koalisiyanın liderlərindən, Milliyyətçi Xalq Partiyasının sədri Dövlət Bahçeli isə seçkiyə seçicilərin az qatıldığını vurğulayaraq bildirib ki, ŞKTR parlamenti təcili toplanmalı, seçki nəticələrini və federasiyaya keçidin qəbuledilməz olduğunu elan etməli və Türkiyə Cümhuriyyətinə qoşulmaq qərarı verməlidir.
ŞKTR-də prezident və parlament seçkiləri keçiriləndə əsas həyəcanlı məsələ adanın yunan hissəsi ilə birlikdə federasiya yaradılmasına münasibət olur. Bu baxımdan, elə zənn edilirdi ki, Tufan Erhürman da "federasiyaçı" olacaq. Ancaq seçkidən dərhal sonra etdiyi müraciətdə Türkiyə ilə məsləhətləşmələri davam etdirəcəklərini, habelə ŞKTR-də prezidentlərin bu istiqamətdə həyata keçirdikləri ənənəni davam etdirəcəklərini bildirməklə məlum mübahisələrə də sanki son qoyub.
Erhürmana müxalif çıxış edənlər də haqsız deyillər. Çünki o, seçiləcəyi təqdirdə yunan Kipri ilə sonuncu dəfə 2017-ci ildə keçirilmiş rəsmi danışıqlara yenidən başlayacağını açıqlamışdı. Erhürman ikidövlətli həllin Kipr türklərinin iqtisadi və siyasi təcridini başa çatdırması üçün real yanaşma olmadığını müdafiə edirdi. Ona görə də qarşı tərəfdə Erhürmanın Türkiyənin adadakı maraqlarına qarşı çıxdığını zənn edirlər.

2020-ci ildən indiyədək prezidentlik edən Tatar isə yunan Kipri ilə federasiyaya qarşı çıxmışdı. Rəsmi Ankaranın dəstəklədiyi Ersin Tatar Kipr türklərinin suveren və bərabər bir dövlətə sahib olduğu "ikidövlətli model" həllini müdafiə edib.
ŞKTR-in beşinci Prezidenti Ersin Tatar rəqibi olmuş Tufan Erhürmanı təbrik edərək demokratik bir prosesin yaşandığını söyləyib.
Tufan Erhürman kimdir? O, 1970-ci il sentyabrın 11-də ŞKTR-in paytaxtı Lefkoşada doğulub. Kipr türküdür. İxtisasca hüquqşünasdır. 2018-ci il fevralın 2-dən 2019-cu il mayın 22-dək ŞKTR-in baş naziri olub. O, 1992-ci ildə Ankara Universitetinin Hüquq Fakültəsini bitirib. Bu dövrdə, həmçinin Hacettepe Universiteti və Orta Doğu Texniki Universitetində "Hüquqa giriş, idarə hüququ və konstitusiya hüququ" fənnindən dərs verib.
O, 2005-ci ildə ŞKTR-in ovaxtkı Prezidenti Mehmet Ali Talatın müzakirə heyətində və Daşınmaz Əmlak Komissiyasının formalaşmasında da vəzifə alıb. T.Erhürman, 2013-cü ildə indi lideri olduğu Respublikaçı Türk Partiyasından Lefkoşa millət vəkili olaraq Respublika Məclisinə seçilib. 2015-ci ildə CTP Baş Katibi, 2016-cı ildə keçirilən 26-cı Qurultayda partiyanın sədri seçilib.
Onun başçılıq etdiyi Cümhuriyyətçi Türk Partiyası 1970-ci ildə Kipr türkü aydın, sənətkar və iş insanı Əhməd Mithat Berberoğlu tərəfindən qurulub. Türkiyədəki Cümhuriyyət Xalq Partiyası ilə qardaş partiya statusundadır.
Bu siyasi təşkilat BMT-nin ovaxtkı baş katibi Koffi Annanın Kiprin birləşməsi planına tam dəstək verib. Məlum olduğu kimi, yunan kiprlilərin və Yunanıstanın təqsiri səbəbindən bu plan baş tutmayıb. Yunanlar birləşməklə bağlı keçirilən referendumun nəticələrini icra etməkdən imtina ediblər.

Şimali Kipr Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusa malikdir. Onun Bakıda nümayəndəliyi fəaliyyət göstərir.
Bir sıra Qərb ölkələri ŞKTR-in yunanların Kipr Respublikasına qatılmasını istəyir. Türkiyənin Avropa İttifaqına qəbul edilməməsində bu məsələ səbəblərdən biri kimi göstərirlər. Adanın türklərə aid hissəsində təbii qaz yataqlarının aşkarlanması onu daha da cəlbedici edib. Yunanıstan və Kipr Respublikası Türkiyəyə qarşı təbliğatı gücləndirib, hətta blok belə yaratmışlar.
Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Kipr türkləri yunanlarla federativ əsaslarda bir dövlətdə yaşamaq istəyib. Bunu qarşı tərəf qəbul etməyib.
Yunanlar "türklərsiz Kipr" tələbi ilə adanı ələ keçirməyə səy göstərirlər. Onları bu istiqamətdə dəstəkləyən Avropa ölkələri də var. Ancaq Türkiyə ŞKTR-i "qırımızı xətti" elan etməklə ölkəni "Yavru Vətən" deyərək müdafiə edir.
Türkiyə beynəlxalq ictimaiyyətdən Şimali Kipr Respublikasını tanımağı, ona yardımlar etməyi istəyir və bu istiqamətdə siyasi-diplomatik fəaliyyətini davam etdirir.
Şimali Kipri hələ ki Türkiyə bir dövlət olaraq tanıyır. Onun dövlət kimi tanınması istiqamətində Tufan Erhürmanın da fəaliyyət göstərəcəyi ehtimal edilir. Seçkidən sonra onun verdiyi açıqlama buna əsas verir.
ŞKTR-in, ilk növbədə, Türk Dövlətləri Təşkilatı tərəfindən tanınması ideyası var. Ancaq bu proses mərhələli aparılır. Perspektivdə Türkiyənin Aralıq dənizinin şərqində güclənməsi TDT-nin də regiondakı strateji maraqlarına uyğun gəlir. Bununla yanaşı, ŞKTR-in müstəqilliyi, onun tanınması, təhlükəsizliyinin qorunub müdafiə edilməsi də Təşkilatın geostrateji hədəflərini təmin edər.
Odur ki, Tufan Erhürmanın başçılıq edəcəyi yeni hakimiyyətin bu kimi ənənəvi məqsədlərə xidmət edəcəyinə inam az deyil. Bu, həm də CTP-nin ŞKTR-in müstəqilliyi yolunda özünütəsdiqi olar. Bu, müxalifətli-iqtidarlı Şimali Kiprin müstəqilliyi üçün birlik sayılar.