“Report”: ABŞ-Çin ticarət müharibəsi qızılın qiymətini artıra bilər - ANALİTİKA
- 16 iyul, 2018
- 12:30
Bakı. 16 iyul. REPORT.AZ/ Sabah ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel yerli Senatda İqtisadiyyat və Pul Siyasəti haqqında təqdimatla çıxış edəcək.
“Report”un analitik qrupu bildirir ki, o, Donald Tramp administrasiyasının apardığı ticarət müharibəsinin ölkə iqtisadiyyatına təsirləri barədə sualları cavablandıracaq.
Xatırladaq ki, FED-in rəhbəri ötən həftə ABŞ-ın televiziya kanallarından birində yayımlanmış “Marketplace” verilişinə qatılıb. O, efirdə “Hazırda iqtisadiyyat, həqiqətən, yaxşı vəziyyətdədir” deyərək həm də etiraf edib ki, idxal mallarına tətbiq edilən gömrük rüsumları ABŞ iqtisadiyyatının böyüməsinə mənfi təsir edə bilər.
C.Pauel verilişdə ölkədə qiymət artımının səviyyəsi barədə də danışıb: “İllik inflyasiya 2%-ə çatmaq üzrədir. Yəni hədəfimizə çox yaxınıq. Amma hələ ki, bu məsələdə qələbə elan etmirik”.
Qeyd edək ki, ABŞ hökumətinin siyasəti valyuta birjalarında dolları bahalaşdırmaqla yanaşı, həm də əmtəə birjalarında bir sıra qiymətli metalları, o cümlədən qızılı ucuzlaşdırmaqdadır. Ötən həftə dünya bazarında qızılın 1 unsiyasının qiyməti 1 259 dollardan 1 241 dollara düşüb, yəni 1,5% ucuzlaşma olub. Hazırda isə qiymət 1 244 dollardır. Ucuzlaşmaya səbəb qızıla pul qoymaq istəyən investorların C.Pauelin çıxışını gözləməsi, başqa sözlə gözləmə mövqeyi tutmasıdır.
Bununla belə, “Report”un analitik qrupu hesab edir ki, ABŞ-Çin ticarət müharibəsi daha da qızışarsa, investorlar qızıla yönələ, onun qiyməti uzun müddət yüksək qala bilər.