Regionun diplomatiya mərkəzi – Şuşa yeni əməkdaşlıq imkanlarının yaradıldığı məkana çevrilir - ŞƏRH

Analitika
  • 18 sentyabr, 2025
  • 12:55
Regionun diplomatiya mərkəzi – Şuşa yeni əməkdaşlıq imkanlarının yaradıldığı məkana çevrilir - ŞƏRH

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa getdikcə Qafqazın diplomatiya, beynəlxalq siyasət mərkəzinə çevrilir. Son illər sürətli bərpa-quruculuq işlərinin aparıldığı tarixi Azərbaycan şəhəri beynəlxalq mədəni tədbirlərlə yanaşı, diplomatik toplantılara da ev sahibliyi edir. Şəhərin təkcə Azərbaycan üçün deyil, eyni zamanda regional əhəmiyyəti günbəgün artır.

Bir vaxtlar "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan, ölkəmizin ictimai-siyasi həyatında mühüm xidmətləri olan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət beşiyi və "Qarabağın baş tacı" sayılan Şuşa artıq beynəlxalq görüşlər, sammit və tədbirlərə ev sahibliyi edir. Prezident İlham Əliyevin rəhbərliyi altında regionda baş verən tarixi dəyişikliklər, Qarabağ və Şərqi Zəngəzurun yalnız ölkənin içində deyil, dünya səhnəsində də əhəmiyyətini artırmağa davam edir. Beynəlxalq tədbir və səfərlərin məhz Şuşada keçirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, qətiyyətli və prinsipial siyasətin göstəricisidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdıranda böyük inam və qürur hissi ilə bildirmişdi: "Biz Şuşanı dirçəldəcəyik!". Artıq digər vədlər kimi, bu tarixi fikirlər də reallaşır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, azad Şuşa, eyni zamanda, işğaldan azad edilmiş bütün torpaqlarımız dirçəlir. Şuşa hazırda iqtisadi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir.

Artıq Prezident İlham Əliyevin rəsmi qəbullarının Qarabağda keçirməsi ənənə halını alıb. Son aylar dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurda reallaşan tədbirlərdə iştirakına, burada keçirdiyi rəsmi qəbullara diqqət etməklə bunu görmək mümkündür.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də bildirdiyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla bərabər, diplomatik mərkəz rolunda çıxış edir. Və bunun böyük siyasi, diplomatik, eyni zamanda, rəmzi mənası var.

Bu mənada, Prezidentin Qarabağda son bir neçə ay ərzində keçirdiyi görüşlərə nəzər salmaqda fayda var. Bu il mayın 27-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, ardınca, mayın 28-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Laçına səfəri, Laçında Beynəlxalq Hava Limanının açılış mərasimi baş tutdu. Daha sonra Laçında Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında Zirvə görüşü keçirildi.

İyul ayının 3-də isə Prezident İlham Əliyev Xankəndidə Türkmənistanın XİN rəhbəri Rəşid Meredovu qəbul etdi. Həmin gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Qarabağa səfər etdilər.

Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı "İmarət" Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının "Zəfər" şousunu izlədilər.

İyulun 4-də Xankəndiyə İran Prezidenti Məsud Pezeşkian səfər etdi. Daha sonra Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna gəldi.

Sentyabrın 15-də isə Azərbaycan lideri Şuşada ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbul etdi. Azərbaycan ilə BMT arasındakı münasibətlərin, BMT-Azərbaycan tərəfdaşlığının 30 illiyi məhz Şuşa şəhərində qeyd edildi.

Son olaraq iki gün gün öncə - sentyabrın 16-da Yaxın Şərqin nüfuzlu və qüdrətli dövlətlərindən biri - Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Şuşaya səfər etdi. Onun bu səfəri və məhz Şuşada səsləndirdiyi bəyanat region üçün mühüm siqnal oldu. BƏƏ lideri açıq şəkildə bildirdi ki, ölkəsi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində əldə olunan nailiyyətlərin davamını səbirsizliklə gözləyir və regionda sülhün bərqərar olması üçün dəstək verməyə hazırdır. Bu mövqe sadəcə diplomatik jest deyil, Cənubi Qafqazın gələcəyinə real təsir göstərə biləcək strateji yanaşmadır.

Göründüyü kimi, Şuşa, Xankəndi, Füzuli, Laçın təkcə yaşayış məntəqəsi deyil, həm də beynəlxalq əməkdaşlıq və fəal qlobal dialoq məkanına çevrilib. Burada keçirilən yüksəksəviyyəli forumlar, iqtisadi konfranslar və işgüzar tədbirlər şəhərlərin regional əhəmiyyətini və iqtisadi potensialını bir daha ön plana çıxarır. Bütün bu proseslər göstərir ki, Qarabağ təkcə bərpaolunan iqtisadi rayonlar deyil, eyni zamanda, ölkənin gələcək inkişaf modelinin parlaq nümunəsidir.

Şübhəsiz ki, bu səfərlər, tədbirlər Azərbaycanın tarixi zəfərini möhkəmləndirir, Azərbaycan həqiqətlərini dünyaya bəyan edir. BƏƏ liderinin Şuşa şəhərində olması, burada Azərbaycanın mövqelərini dəstəkləməsi özündə xüsusi anlam və mesaj daşıyır. Bundan başqa, BƏƏ Prezidentinin Şuşa qalası qarşısında foto çəkdirməsi, Cıdır düzündə Qarabağ atlarının şousunu izləməsi və Qarabağın mədəni irsinə ehtiram göstərməsi həm diplomatik, həm də mənəvi baxımdan əhəmiyyətli addımdır.

Nəzərə almaq lazımdır ki, BƏƏ Yaxın Şərqin ən güclü iqtisadiyyata sahib olan ölkələrindən biridir. Bu mənada, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla münasibətlərin inkişafı hər iki tərəf üçün yeni imkanlar açır.

Beləliklə, Şuşa artıq Azərbaycanın, türk və müsəlman dünyasının mədəniyyət və siyasət mərkəzinə çevrilir.

Son xəbərlər

Bütün Xəbər Lenti