Paşinyanın erkən seçki planı - Baş nazir revanşistlərə qarşı hücum hazırlayır? – ŞƏRH
- 29 oktyabr, 2025
- 13:14
Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvləri arasında Baş nazirin erkən parlament seçkilər keçirməyə hazırlaşması barədə söhbətlər dolaşır. Çünki 7 iyun 2026-cı ilə təyin edilən seçkilərə hələ səkkiz ay qalsa da, artıq seçki kampaniyası meneceri təyin edilib. Məhz bu səbəbdən də komanda Paşinyanın erkən seçkilərlə bağlı niyyətindən şübhələniblər. Baş nazirin bu tələskənliyi də hakim partiyanın əksər üzvlərinin şübhələnməsinə səbəb olub. Ehtimal edilir ki, erkən seçkilərlə bağlı artıq qərar verilib və bu, sadəcə partiya elitası arasında müzakirə edilir. Məlum olub ki, seçki kampaniyasına Baş nazirin aparat rəhbəri Arayik Harutyunyan rəhbərlik edəcək.
Əslində Paşinyanın bu addımı atması, seçkiləri erkən keçirmək istəyi bir sıra mətləblərdən xəbər verir. Bu qərarı ilə Baş nazir iyuna planlaşdırılan seçkilərə üçüncü tərəflərin müdaxilə imkanlarını məhdudlaşdırmaq istəyir. Eyni zamanda son vaxtlar ölkə daxilində yaranan gərginliklərdən istifadə edərək, genişmiqyaslı iğtişaş törətmək planı quran revanşist və digər qüvvələrin arzusunu da ürəyində qoymağa çalışır. Eyni zamanda qeyd etmək lazımdır ki, son günlər baş verən hadisələr fonunda Baş nazirin reytinqi də xeyli artıb. Bunu keçirilən ictimai rəy sorğuları da sübut edir.
İstər Azərbaycanla sülhə doğru atılan addımlar, iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında keçirilən görüş, Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsi Paşinyanın seçicilər arasında əlavə nüfuz qazanmasına səbəb olub. Azərbaycanın bu addımını müsbət hal adlandıran və alqışlayan hakim partiyanın nümayəndələri eyni zamanda rəsmi Bakının dəstəyi ilə Rusiya asılılığından qurtulacaqlarının siqnalını da veriblər. Təbii ki, bu açıqlamalar və atılan addımlar revanşist qüvvələri və xarici təsirləri yenidən hərəkətə keçirib. Seçkilərə isə hələ 8 ay var. Bu müddət ərzində bir çox mənfi ssenarilər işə salına bilər. Bu səbəbdən də ehtimal etmək olar ki, hakim komanda seçkiləri erkən keçirərək, xarici qüvvələrin seçki prosesinə təsir imkanlarını azaltmaq, gecikdirməmək niyyətini güdür.
Ermənistanın daxili siyasi mühitində baş verənləri də nəzərə alsaq, erkən seçkilərin keçirilməsi əslində doğru addım sayıla bilər. Çünki ölkə daxilində müxalifət, kilsə və diaspor üçlüyü baş nazirə qarşıdır və istənilən təxribata getməyə hazır olduqlarını bildirirlər. Məsələn, II Qaregin bildirib ki, hətta həbs edilsə belə, həbsxanadan Eçmiədzinə rəhbərliyinə davam edəcək. Bu da ruhanilər arasında parçalanmaya, müəyyən münaqişələrə də yol aça bilər. Bundan əvvəl həbs edilən bir neçə din xadiminin terrora çağırış etdiyini də nəzərə alsaq, erməni cəmiyyətinin müəyyən təbəqəsi üzərində nüfuza malik II Qareginin hansı çağırışlar edəcəyini ehtimal etmək o qədər də çətin deyil. Eyni zamanda Rusiya ilə münasibətlərin kəskinləşməsi fonunda keçmiş DTK və FTX əməkdaşı olduğu sübuta yetirilən Krtıç Nersisyanın hansı təlimatlar alacağı da şübhə doğurmur.
Müxalifətə gəldikdə isə söhbət təbii ki, revanşistlərdən, yəni Serj Sarqsyan və Robert Köçəryan komandasından gedir. Hazırda nüfuzu getdikcə azalan bu ekslər hakimiyyətə can atmaq üçün istənilən təxribata gedəcək. Bu, Gümrüdə meri Vardan Qukasyanın rüşvət və korrupsiya ittihamı ilə həbsi zamanı polis qüvvələri ilə yerli sakinlərin toqquşması zamanı özünü göstərib.
Diaspor məsələsinə gəldikdə isə bu yaxınlarda ABŞ-də diasporun keçirdiyi iclas və alınan qərarlar, verilən bəyanatlar da Paşinyanla münasibətlərin getdikcə kəskinləşməsindən xəbər verir. Bu səbəbdən də mümkün qarışıqlıq zamanı diasporun da hərəkətə keçəcəyini düşünmək olar. Eyni zamanda diasporun, xüsusən də Rusiyadakı erməni diasporunun Samvel Karapetyan kimi yeni fiqurlar axtarışına çıxdığı da artıq üzə çıxıb. Erməni diasporunun müəyyən təsir rıçaqları olsa da, Paşinyan komandası bu təsiri minimuma endirməyə çalışır. Ermənistanda seçki sistemi elədir ki, xaricdə yaşayan vətəndaşlar səfirliklərdə səs verə bilmirlər. Bunun üçün Ermənistana qayıtmaq lazımdır. Səfirliklərdə isə sadəcə diplomatik korpusun üzvləri səsvermədə iştirak edə bilərlər. Bu əslində diasporun seçkilərə təsirini azaltmaq məqsədini güdür. Çünki Ermənistan əhalisinin və diasporun siyasi üstünlükləri arasında fərq var. Diasporun əsas qurumlarından sayılan "Daşnaksütyun" xaricdə böyük nüfuza malik olsa da, ölkə daxilində getdikcə gözdən düşür. Hətta sonuncu parlament seçkilərində cəmi 4 faiz səs toplaya bilib.
Bundan əlavə, yuxarıda adı hallanan kilsə, müxalifət (əsasən revanşistlər) və diaspor Ermənistanla Azərbaycan arasındakı sülh prosesinə, İrəvanın Ankara ilə yaxınlaşmasına qarşı çıxan əsas qüvvələr hesab edilir. Təsadüfi deyil ki, hər dəfə Ankara ilə İrəvan arasında təmas olan kimi, qondarma erməni soyqırımı məsələsi ortaya atılır. Revanşist qüvvələrin sülh gündəminə qarşı olması onların qorxusu ilə əlaqədardır. Çünki iki ölkə arasında imzalanacaq sülh müqaviləsi vaxtilə Azərbaycana qarşı hərbi cinayətlər törətmiş şəxslərin məhkəmə qarşısında cavab verməsi ilə nəticələnə bilər. Bundan əlavə, bu qüvvələrin, xüsusən də apostol kilsəsinin Cənubi Qafqazda sülh istəməyən üçüncü tərəflərlə sıx əlaqədə olduğu artıq sirr deyil.
Baş nazir və hakim komanda isə bu qüvvələrin təsirini məhdudlaşdırmaq üçün inzibati və hüquq-mühafizə resurslarından istifadə edir. Məsələn, yuxarıda da adı qeyd edilən Gümrü merinin həbsini, dünən Masis merinin də saxlanılmasını buna misal çəkmək mümkündür. Bu addımlarla radikal qüvvələrin fəallaşmasının qarşısı alınır, xarici müdaxilənin önü kəsilir. Eyni zamanda Paşinyanın bu addımları sülhü qorumaq üçün atdığını da söyləmək mümkündür. Bu, Baş nazirin radikal və revanşist qüvvələrin Ermənistanda yenidən hakimiyyətə qayıdışını əngəlləmək, sülh prosesində əldə edilən müsbət addımların pozulmasının qarşısını almaq üçün həyata keçirdiyi planlardır.
Bununla belə, hazırda Nikol Paşinyanın Parisə səfər etdiyini, burada bir sıra görüşlər və məsləhətləşmələr də keçirəcəyini nəzərə alsaq, yaxın günlərdə onun erkən seçkilərlə bağlı konkret qərar verəcəyini söyləmək olar. Çünki hazırki vəziyyəti nəzərə alsaq, belə bir qərarın verilməsi o qədər də asan deyil.
Kamil Məmmədov