Paşinyana etimadsızlıq çağırışı - Köçəryan Moskvadan imdad istəyir - ŞƏRH
- 03 oktyabr, 2025
- 15:34

Ermənistanda müxalifət sözün əsl mənasında həşirdədir, qalmaqal yaradır, vurnuxur, hay-küy salır. Bu yolla mövcudluğunu, havadarlarına və ölkə ictimaiyyətinə yararlılığını nümayiş etdirməyə çalışır.
Son günlər Ermənistanın siyasiləşmiş cəmiyyətinin gündəliyində Baş nazir Nikol Paşinyana impiçmentin göstərilməsi məsələsi dayanır. Keçmiş prezident Robert Köçəryanın lideri olduğu "Ermənistan" parlament fraksiyasının üzvü, "Daşnaksütyun" Partiyasının ali orqanının nümayəndəsi İşxan Saqataleyan bu mövzudan danışarkən bildirib ki, Baş nazirin impiçment prosedurunun uğuru güclü xalq hərəkatından asılıdır: "Biz öz imzamızı qoyduq və prosesin siyasi məsuliyyətini daşıyan qüvvələr var. Biz onu dəstəkləyəcəyik, lakin uğur yalnız güclü xalq hərəkatının mövcudluğu ilə mümkündür".
Ermənistan parlamentindəki hər iki müxalifət fraksiyası - "Şərəfim var" (6 deputat) və "Ermənistan" (28 deputat) - imzaları ilə Nikol Paşinyana etimadsızlıq göstərilməsi təşəbbüsünü dəstəkləyib.
"Veto" hərəkatının təsisçisi Narek Malyan, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Kazaryan və bir qrup müxalifətçi tərəfindən əsası qoyulmuş "Biz yatmırıq" hərəkatının üzvləri də deputatlara 10 gün ərzində Nikol Paşinyana etimadsızlıq göstərilməsi prosesinin başlanması haqqında şəxsi məktublar göndəriblər.
Ötən gün "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyanla İşxan Saqatelyan impiçment proseduru ilə bağlı gələcək fəaliyyətləri müzakirə etmək üçün görüşüblər. "Şərəfim var" formanı "Hayastan"a verib, ancaq bəzi deputatlar AŞPA-nın toplantısında iştirak etmək üçün ezamiyyətdə olduqlarından 3-4 nəfər hələ onu imzalamayıb.
Hər iki fraksiyanın ümumilikdə 34 imzası var. Nikol Paşinyana etimadsızlıq məsələsi ən azı 36 deputat prosesin başlanmasını imzaları ilə təsdiqlədikləri halda parlamentdə müzakirə oluna bilər. Prosesin uğurlu olması, yəni baş nazirin istefasına nail olmaq üçün isə minimum 54 səs (deputatların sadə çoxluğu) lazımdır.

Qeyd edək ki, parlamentdə 107 deputat yeri var. Onların 71-i, yaxud 53,92 faizi hakim "Vətəndaş müqaviləsi" fraksiyasına, 29-u, yaxud 21,04 faizi "Ermənistan Alyansı"na, 7-si isə "Şərəfim var"a məxsusdur. Bu baxımdan, müxalifətin indiki şərtlər daxilində parlamentdə uğur əldə edəcəyi ehtimalı azdır.
Ona görə də müxalifət nümayəndəsi "güclü xalq hərəkatı" nəticəsində hədəfə yetişəcəklərini bildirib. Başqa sözlə, hakimiyyətin son on illərdə keçmiş sovet respublikalarında dəyişməsi metodunun tətbiq edilməsini arzulayırlar. Belə ki, onminlərlə insan toplaşır bir yerə, "Paşinyan istefa!", "Baş nazir satqındır!" şüarları ilə aksiya keçirilir, hökumət çarəsiz qalaraq tələblərə boyun əyir. Sonra müxalifət Paşinyana istefa məsələsini parlamentdə asanlıqla səsə qoyub istəyinə nail olur...
Ancaq son illərdə müxalifətin adı ilə keçirilən müxtəlif etiraz aksiyaları, hətta keşişlərin hökuməti etirazları belə uğursuzluqla nəticələnib. Ona görə də tərkibi və havadarı dəyişməyən müxalifətçilər yeni-yeni formalar irəli sürürlər. "Biz yatmırıq" hərəkatına, 10 il əvvəl ovaxtkı müxalifətin prezident Serj Saqrqsyan hakimiyyətinə qarşı yaratdığı "Yox" hərəkatını yenidən dirçəltmək istəyirlər. Onda müxalifət Sarqsyanın konstitusiya islahatına, onun mümkün "əbədi başçı" olacağına etiraz edirdi. Həmin dövrdə "Yox"çular hədəflərinə müəyyən mənada nail olmuşdular. Çünki daha mobil idilər, indikilərlə müqayisədə rüşvət, korrupsiya kimi cinayətlərə, demək olar ki, bulaşmamışdılar.
Lakin indi "Yox" hərəkatını qurmaq istəyənlər Ermənistanı 1998-ci ildən 2018-ci ilədək - 20 il ərzində talayanlardan, Robert Köçəryan, Serj Sarqsyan və onların əhatəsindən formalaşır.

Ötən seçkilərdə məğlub olduğu üçün siyasətlə məşğul olmayacağını deyən, barəsində cinayət işi qaldırılmış milyarder iş adamı Qaqik Tsarukyan da siyasətə qayıtdığını bəyan edib. O, "Ermənistan üçün təklif" adlı hərəkat təşəbbüsü ilə çıxış edib. Demokratik Alternativ Partiyasının sədri Suren Surenyants da bu hərəkata qoşulduğunu bəyan edib. Onlar özlərini "ictimai atmosferi zəhərləyən səhv qanun və qərarlara alternativ", "məsuliyyətsiz qərarlar və birtərəfli güzəştlərə əsaslanan sülh modelinə alternativ", "Ermənistanı etibarlı müttəfiqlərsiz qoyan təhlükəsizlik sisteminə alternativ" kimi təkliflərlə çıxış edir.
Bu təkliflərdə Rusiyaya ismarış da var. Çünki Paşinyan hökuməti təhlükəsizliyini RF-yə etibar etməyəcəyini bildirib. Qaqik və Suren isə Rusiyanı "etibarlı müttəfiq" olaraq alternativ kimi irəli sürürlər.
Ermənistanda müxalifət stereotipdən xilas ola bilmir. Çünki havadarı, dayağı, arxalandığı mərkəzin regional, qlobal siyasətə yanaşmasında dəyişiklik, yenilik görünmür.
Bu günlərdə Robert Köçəryanın Moskvada səfərdə olduğu barədə xəbərlər yayılıb. Bildirilib ki, o, Moskvada Ermənistan məsələləri üzrə Kremlin kuratoru Sergey Kirienko ilə görüşüb. Yerli KİV-in yazdığına görə, Onlar Ermənistanın daxili siyasi problemlərini, o cümlədən, 2026-cı il keçiriləcək parlament seçkiləri ilə bağlı məsələləri müzakirə ediblər.
Köçəryan kuratora seçkilərdə qalib gəlmək üçün "uğur formulunu" təqdim edib. Bu formula əsasən müxalifətin birləşməsindən və hakimiyyətə qarşı maksimum geniş cəbhədə mübarizədən ibarətdir. Bildirilib ki, Köçəryan bu prosesin reallaşması üçün maliyyə vəsaitinə ehtiyac olduğunu Kirienkonun nəzərinə çatdırıb. Kremlin nümayəndəsi isə bu barədə heç bir öhdəlik götürməyib.
Yerli ekspertlər Köçəryanın Moskva səfərini uğursuz sayaraq bunu Rusiyanın Ermənistandan əl çəkməsi kimi qiymətləndiriblər.

Köçəryanla Kirienkonun müzakirəsinin nəticəsi ictimaiyyətə açıqlanmayıb. Yerli mətbuatın ehtimalları isə reallığı əks etdirməyə də bilər. Bu versiya ilə Moskva Ermənistanda keçiriləcək seçkilərə müdaxilə etməyəcəyinə dair müəyyən mənada sığortalanır. Ona görə də gələn ilin yayınadək kirienkolarla köçəryanların lideri olduğu müxalifətin belə görüşlərinin yenə olacağı istisna edilmir.
Yerli KİV-in yaydığı xəbərlərə əsasən, Ermənistanda müxalifətin olmadığı, yaxud zəif olduğu qənaətinə də gəlmək olar. Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normalaşmasından, sülhdən danışıb. Bildirib ki, Ermənistan indi müstəqil olmağa başlayıb. Müxalifət nümayəndəsi, "Ermənistan" blokundan olan deputat Armen Gevorgyan isə AŞPA-nın plenar iclasında sülh prosesinin üzərinə "şübhə kölgəsi" salaraq deyib: "Əldə edilən süni sülh sadəcə təxirə salınan müharibədir".
Ona görə müxalifətin tərkibinə bir də nəzər yetirsək, seçkiqabağı mənzərə və onların hədəfi aydınlaşar. Azərbaycan torpaqlarının işğalına başçılıq etmiş, başqa sözlə, Moskvanın tapşırıqlarını yerinə yetirmiş Köçəryan, Sarqsyan, Ohanyan, tsarukyanlardan ibarət olan bu siyasi qruplaşmanın Ermənistan cəmiyyətinə yenilik gətirəcəyi Köçəryanın Kirienkodan maliyyə yardımı istəməsi və Rusiyanın bu məsələdə öhdəlik götürməyəcəyinə oxşayır.
Belə qənaətə gəlmək olar ki, Rusiyadan miras qalan bu siyasi, hərbi, korrupsioner "qüvvə" yeni dövrün şərtlərinə uyğun gəlmir. Ermənistanın müstəqilliyinin inkişafı üçünsə yeni müxalifətin yaranması zərurəti yaranır. Çünki şərtlər dəyişib. Ölkə ictimaiyyəti Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının onlara fayda verəcəyinin, əsgərlərinin başqa dövlətin ərazisində ölmədiyinin fərqini yaşayır. Köçəryanlar Ermənistan üçün müharibə etmək, qonşulara yenidən təzyiq aləti, Cənubi Qafqazda pozucu qüvvə olmaq rolu vəd edir.
Hələlik Nikol Paşinyan onların əksinə hərəkət edir. Kirienkolar isə özünü vəziyyəti müşayiət və müşahidə edən "boz kardinal" kimi aparırlar. Belə vəziyyətin nəticəsini isə yayın "oğlan çağı" göstərəcək.