Pakistan-Əfqanıstan münaqişəsi - alovlanan yeni müharibə ocağı - ŞƏRH

Analitika
  • 08 dekabr, 2025
  • 16:02
Pakistan-Əfqanıstan münaqişəsi - alovlanan yeni müharibə ocağı - ŞƏRH

Ötən həftənin sonunda Əfqanıstandakı "Taliban" hökumətinin silahlı qüvvələri ilə Pakistanın sərhəd qoşunları arasında atışma olub. Məlumatlara görə, tərəflər arasında ölənlər və yaralananlar var.

"Taliban" hökumətinin nümayəndəsi Zabiulla Mücahid "X" sosial şəbəkəsində hadisə ilə bağlı yazıb: "Təəssüf ki Pakistan yenidən Qəndəhardakı Spin-Buldak bölgəsində Əfqanıstana qarşı hücuma başlayıb, İslam Əmirliyi qüvvələri cavab verməyə məcbur olub".

Spin-Boldakdakı "Taliban" hökumətinin yerli nümayəndəsi Əli Əhməd Hakmal da atəşkəsi "Pakistan tərəfinin pozduğunu" bildirib.

Pakistan tərəfi də oxşar bəyanatla çıxış edib. İslam Respublikasının Baş naziri Şahbaz Şərifin mətbuat katibi Müşərrəf Zaidi "X" sosial şəbəkəsində "Taliban" hökumətini səbəbsiz münaqişə başlatmaqda günahlandırıb :"Əfqanıstan "Taliban" qüvvələri əsassız olaraq Çaman sərhədində atəş açıblar. Pakistan öz ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq üçün tam hazırdır və qətiyyətlidir".

Məlumatlara əsasən, sakinlər münaqişə bölgəsini tərk edirlər.

Pakistan əvvəllər Əfqanıstandakı "Taliban" hərəkatını dəstəkləməkdə ittiham olunub. Ancaq 2021-ci ildə hərəkat yenidən hakimiyyətə gələndən sonra tərəflər arasında dəfələrlə sərhəd münaqişəsi baş verib.

Bu baxımdan, Əfqanıstan-Pakistan sərhədindəki silahlı qarşıdurma iki fazaya bölünür: birincisi, 2024-cü il martın 16-da, ikinci isə həmin il dekabrın 25-də başlayıb.

2024-cü il martın 16-da silahlılar partlayıcı maddə ilə dolu yük maşınını partlatmış, sərhəd məntəqəsindəki Pakistan əsgərlərinə atəş açmışdılar. Nəticədə Pakistanın 7 əsgəri ölmüşdü. Onda hücuma görə məsuliyyəti "Ceyş-e-Fursan-e-Məhəmməd" adlı silahlı qruplaşma üzərinə götürmüşdü. Pakistan hökuməti isə onun üzvlərinin "Pakistan Tehrik-e Taliban"ın (TTP) bir hissəsi olduğunu bəyan edib. Əfqanıstan hökuməti isə cinayətkarların onların ərazisindən olduğunu inkar etmişdi.

2024-cü il dekabrın 21-də Cənubi Vaziristanda "Tehrik-e-Taliban" silahlılarının hücumu nəticəsində Pakistanın azı 16 əsgəri ölmüşdü. Bir gün sonra Pakistan Hərbi Hava Qüvvələri cavab olaraq Əfqanıstanın Paktika əyalətinin dörd kəndində yerləşən yeddi nöqtəyə hava zərbələri endirmiş, 20-25 silahlını məhv etdiklərini bildirmişdilər.

"Taliban" hökuməti ilə Pakistan arasında atəşkəsə dair danışıqlar da olub. Qətər və Türkiyənin vasitəçiliyi ilə iki aydan az müddətdə atəşkəs rejimi yaranmışdı. Son günlərin atışmaları rejimin pozulması ilə nəticələnib. Hazırda tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Ötən həftə tərəflərin nümayəndə heyətləri Səudiyyə Ərəbistanında əhatəli sülhün tənzimlənməsi ilə bağlı danışıqların dördüncü raundunda görüşsələr də, razılığa gələ bilməyiblər.

Vaxtilə kommunizm bəlasına qarşı birgə mübarizə aparmış mehriban qonşular arasında ziddiyyətin əsas səbəbi nədir?

Pakistan "Taliban" hökumətini "Tehrik-e Taliban Pakistan" silahlı qruplaşmasını dəstəkləməkdə ittiham edir. Rəsmi İslamabad bildirir ki, Əfqanıstandakı hakimiyyət Pakistan hərbçilərinə və polis qüvvələrinə hücum edən silahlı qruplaşmanın üzvlərini gizlədir.

Qarşı tərəf isə bunları inkar edir.

Bununla belə beynəlxalq müşahidəçilər və BMT ekspertləri "Pakistan Talibanı" döyüşçülərinin Əfqanıstanda yerləşdiklərini, orada silah və maliyyə ilə təmin olunduqlarını, təlim keçidiklərini bildirir.

İslamabad Hindistanı da Pakistanda vəziyyəti destabilizə etmək məqsədilə bu silahlı qruplaşmanı dəstəkləməkdə ittiham edib.

BMT-nin bu il dərc edilən məruzəsində bildirilib ki, silahlı qruplaşma "faktiki hakimiyyətdən - Kabildəki "Taliban" hökumətindən əhəmiyyətli logistik və əməliyyat dəstəyi alır".

Pakistan ordusu nümayəndəsinə istinadən bildirilib ki, bu il yanvarın 15-dən sentyabradək "Pakistan Talibanı" silahlılarının hücumları nəticəsində Pakistanın 311 əsgəri və 73 polis əməkdaşı da daxil olmaqla 500-dən çox vətəndaşı ölüb.

Son aylarda ölkələr arasında dəfələrlə silahlı münaqişələr baş verib. "Əfqan tələbələri" Pakistanı ölkə ərazisinə hava zərbələri endirməkdə ittiham edib. Qarşı tərəf isə "Taliban"ı Pakistanda hücumlar həyata keçirən silahlı qruplaşmalara sığınacaq verməkdə günahlandırır. Kabuldakı hökumət isə bildirib ki, İslam Respublikası təhlükəsizlik sahəsində "buraxdığı səhvləri üçün başqalarını günahlandırır".

Belə qarşılıqlı ittihamlar münaqişənin əsas səbəbinin, yaxud amillərinin gizlədilməsinə bəhanə də sayıla bilər.

Pakistan və Əfqanıstandakı "Taliban" puştundur (Sayları təxminən 49 milyon nəfərdir - red.). Ölkələr arasında sərhəd hələ 19-cu əsrdə britaniyalılar tərəfindən çəkilib. Bu baxımdan, puştunlar həmin sərhədi şərti sayırlar. Çünki hər iki tərəfdə onlarla eyni dildə danışan, eyni mədəniyyətin daşıyıcısı olan qohumları yaşayır.

Tarixdən də məlumdur k, Pakistan İslam Respublikası 20-ci yüzilliyin ortalarınadək mövcud olmayıb. Bu ərazilər uzun müddət Böyük Britaniya imperiyasının ərazisi sayılıb. Əfqanıstan isə müstəqil qonşu dövlət olub. 1893-cü ildə Mortimer Dürand adlı ingilis məmur xəritədə Əfqanıstan və Pakistan xəttini çəkib. Ona görə də iki ölkə arasındakı xəttə "Dürand xətti" deyirlər. Bununla Britaniya iştirakı olmadan puştunları ikiyə bölüb. 1947-ci ildə Pakistan müstəqil olandan sonra ingilis məmurun xətti dövlət sərhədi olaraq qalıb. Ancaq Əfqanıstan "Dürand xəttini" heç vaxt qəbul etməyərək bunu ingilislərin sırıdığı ədalətsizlik kimi qiymətləndirib.

Tarixdə Britaniyanın Əfqanıstanda apardığı müharibələr geniş əks olunub. Onda ingilislər bu dövlətin torpaqlarını imperiya ərazisinə qata bilməmişdi.

Baş verənlərə əsasən, belə ehtimal etmək olar ki, Pakistanla Əfqanıstandakı "Taliban" hökuməti və "Pakistan Talibanı" arasında əsas münaqişə ərazi məsələsidir.

1990-cı illərdə elə həmin ərazidə Əfqanıstan "Taliban" hərəkatı meydan gəlib. Onlar Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Pakistanda eyni puştu tayfaları "Tehrik-e -Taliban -e-Pakistan" qruplaşmasını yaradıb. Onların hədəfi ABŞ deyil, Pakistan hökumətidir.

Əfqanıstan və Pakistan "tələbələri" Pakistanın ABŞ ilə əməkdaşlığına qarşı birgə mübarizə aparır. Onların birlikdə bir sıra terror aktları törətdiyinə dair məlumat yayılıb.

2010-cu ildə "Pakistan tələbələri" Nyu-Yorkdakı Tayms-skver meydanında partlayış törətməyə cəhddən sonra BMT, ABŞ, Böyük Britaniya və Kanada tərəfindən terrorçu təşkilat kimi tanınıb.

Sovetlərin müdaxiləsindən və sonrakı hadisələrdən sonra milyonlarla əfqanıstanlı Pakistana sığınıb. İki ölkə arasında gərginlik fonunda İslamabad dörd milyon əfqan qaçqını ölkəsinə deportasiya etməyi planlaşdırıb. 2023-cü ildən başlayan bu təşəbbüs nəticəsində 800 min nəfər Əfqanıstana köçürülüb.

Pakistanla "Taliban" və "TTP"-nin qarşıdurması heç də narkotik qaçaqmalçılığı, yaxud adi sərhəd pozuntusu hadisəsi deyil. Bu qarşıdurmanın yüz ilə yaxın yaşı var. Bir vaxtlar eyni cəbhədə, eyni hədəf uğrunda mübarizə aparan, döyüşənlər indi bir-biri ilə vuruşurlar.

Belə ehtimal etmək olar ki, indiki şəraitdə bu qarşıdurma, ilk növbədə, Əfqanıstandakı "Taliban" hökumətinin ziyanınadır. Çünki beynəlxalq miqyasda "de-yure" tanınmadan onun Pakistan kimi dövlətlə müharibəyə girişməsi "əfqan tələbələri"nin ənənəvi terrorçu imicinin bir daha diqqət mərkəzinə gəlməsinə səbəb olur. Digər tərəfdən isə "Taliban" hökuməti bu münaqişə ilə Hindistanın əlində Pakistana təzyiq alətinə çevrilir. Eyni zamanda, Moskva ilə əlaqələri genişləndirməklə Rusiyanın regiona müdaxiləsi üçün şərait yaradır, yaxşı halda onun tərəfdaşına çevrilir.

Pakistan və "Taliban" hökuməti arasında gərginlik ABŞ-nin də sabitlik yaratmaq üçün Əfqanıstana "Bəhram" bazasına qayıdışına təkan verər.

Odur ki, İslamabad və Kabul mövcud münaqişəni davam etdirsə, onlar əsası yüz il öncə qoyulmuş müharibəyə başlaya bilər. Belə bir vəziyyətin yaranmasından puştunlar, yaxud "Pakistan tələbələri" deyil, Ukraynada, Yaxın Şərqdə, Afrikada bir-biri ilə proksilər vasitəsilə müharibə edən qüvvələr udacaq.

1979-cu ildən Əfqanıstan böyük güclərin döyüş meydanı olub. 46 ildən sonra oxşar hadisənin yenidən baş verməsi təhlükəsi artmaqdadır.

Son xəbərlər

Bütün Xəbər Lenti