Kiyev üçün sülh, yoxsa təslim planı? – Ukrayna lideri aciz durumda - ŞƏRH
- 24 noyabr, 2025
- 17:31
Cenevrədə aparılan danışıqların nəticəsi olaraq Kiyev və Vaşinqton Ukraynada sülhün əldə edilməsi üçün yenilənmiş və təkmilləşdirilmiş çərçivə sənədi hazırlayıblar. Bu barədə tərəflərin birgə bəyanatında deyilir. Sənədin özü hələlik dərc edilməyib.
Ukraynada müharibənin başa çatması istiqamətində ABŞ və Avropa İttifaqı Kiyevlə müntəzəm danışıqlar aparır, təkliflər irəli sürür. Ötən gün Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak və ABŞ dövlət katibi Marko Rubio Cenevrədə görüşüblər. Rəsmilər bildirib ki, ölkələrinin nümayəndə heyətlərinin keçirdikləri görüş "məhsuldar"dır və birgə səylər nəticəsində Ukraynada sülhün əldə edilməsi üçün yenilənmiş "çərçivə sənədi" hazırlanıb.
Tərəflər vurğulayıb ki, gələcəkdə istənilən sazişdə Ukraynanın suverenliyinə tam hörmət edilməli, davamlı və ədalətli sülh təmin olunmalıdır.
ABŞ və Ukrayna rəsmilərinin birgə bəyanatına əsasən, hər iki tərəf yaxın günlərdə sənəd üzərində intensiv işi davam etdirməyi və Avropa tərəfdaşları ilə sıx əməkdaşlığı razılaşdırıblar.
Marko Rubio Prezdent Donald Trampın administrasiyasının "sülh planı"nın yenidən işlənmiş versiyasının həyata keçirilməsi üçün yüksək potensiala malik olduğuna əminliyini ifadə edib. O, Cenevrədə Ukrayna nümayəndə heyəti və Avropa müttəfiqləri ilə məsləhətləşmələrdən sonra jurnalistlərə bildirib ki, danışıqlar nəticəsində indi gələcək işlər üçün əsas kimi xidmət edəcək "fundamental sənəd" yaradılıb: "Biz çox qısa müddətdə, çox tezliklə məqsədə çatacağımıza dair çox nikbinik. Bizə sadəcə bu gün malik olduğumuzdan daha çox vaxt lazımdır. Mən qətiyyətlə əminəm ki, biz bunu bacararıq".
M.Rubio münaqişənin həllində Avropa İttifaqı və NATO-nun rolunun müzakirə edilməli olduğunu vurğulayıb.
Sənəd hazırlandıqdan sonra Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında yeni təmasın mümkünlüyü istisna olunmur.
Trampın sülh planını Rusiya da aldığını etiraf edib. Marko Rubio deyib ki, Kreml gələcək razılaşmalar barədə öz mövqeyini bildirəcək.
Məlumata əsasən, Cenevrə danışıqlarında irəliləyiş əldə edilərsə, Zelenski Ağ Evə qarşıdan gələn həftədə səfər edə bilər.
Donald Trampın 28 maddəlik sülh planında daha çox Rusiya və ABŞ-nin mənafeyi nəzərə alınıb.
Həmin sənədin 5-ci maddəsində "Ukraynanın etibarlı təhlükəsizlik zəmanətləri alacağı" vurğulanıb. Oxşar təminat 1994-ci il dekabrın 5-də Macarıstanın paytaxtı Budapeştdə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya liderlərinin imzaladığı sənəddə verilmişdi. Sənədə əsasən, Ukrayna öz nüvə arsenalından imtina edir, ABŞ, Rusiya və Böyük Britaniya isə ona təhlükəsizlik, ərazi bütövlüyü məsələlərində zəmanət verirdi.
Ancaq 2014-cü ildən Rusiya ilə Ukrayna arasında elan edilməmiş, 2022-ci ildən isə Rusiyanın "xüsusi hərbi əməliyyat" adı altında elan etdiyi açıq müharibə başlayıb.
Tramp planının ərazilərdən bəhs edən 21-ci maddəsi isə Ukraynanı torpaq itkisi ilə razılaşmaya təhrik edir. Yəni Krım, Luqansk və Donetsk de-fakto Rusiya əraziləri kimi tanınacaq.
22-ci maddədə gələcək ərazi razılaşmalarından sonra həm Rusiya Federasiyası, həm də Ukrayna bu razılaşmaları güc tətbiq etməklə dəyişdirməməyi "öhdəsinə götürür" və bu öhdəliyin pozulması halında heç bir təhlükəsizlik zəmanəti tətbiq edilməyəcək.
Lakin Trampın sülh planı Avropa İttifaqından olan müttəfiqləri də qane etmir. Ona görə də avropalıların Cenevrədə danışıqlara təqdim etdikləri sənəddə üç əsas bənd də var:
- Ukraynanın silahlı qüvvələrinə məhdudiyyətlər qoyulmayacaq;
- Ukrayna yenidən Zaporojye atom elektrik stansiyası və Kaxovka su bəndi üzərində nəzarəti əldə edəcək, həmçinin Dnepr çayı üzrə "maneəsiz keçidlər" və Kinburn qum zolağı üzərində nəzarət əldə edəcək;
- Digər ərazi mübahisələri atəşkəs baş verdikdən sonra nəzərdən keçiriləcək (yəni, Ukrayna atəşkəs naminə qoşunları Donbasdan çıxarmır).
Rusiyanın Ukraynada başlatdığı "xüsusi əməliyyatın" üç aydan sonra 4 ili tamam olur. Ötən bu illər ərzində rəsmi Kiyev ölkəsinin ərazi bütövlüyü və suverenliyini qorumaq üçün sanki gecikdi. Çünki 2022-ci ilədək Rusiya de-fakto Ukraynanın şərqindən bəzi əraziləri işğal etmişdi. 2014-cü ildən 2022-ci ilədək ötən 8 il ərzində Ukrayna ordu quruculuğu, "5-ci kolon" problemi, daxili siyasi çəkişmələr kimi məsələsini həll edə bilməyib.
Bu, Rusiyanın bütün istiqamətlərdə maraqlarını ölkəsindən çıxarmaq istəyən Ukrayna siyasi elitasının fəaliyyətinin uğursuzluğunun nəticəsidir. Siyasi qüvvələr Moskvanın niyyətini nəzərə almadan hakimiyyət uğrunda mübarizə aparırdılar. Halbuki Kreml gedişata uyğun olaraq Ukraynanın şərqini, Krımı işğal və ya ilhaq edəcəyini gizlətmirdi.
Ukrayna isə daxili qüvvələri RF ilə qarşıdurmaya hazırlamaqdansa, ümidlərini Qərbə bağlamışdı. Elə müharibənin ilk günlərində avropalıların Volodimir Zelenskiyə sığınacaq vermək təşəbbüsləri onların Ukraynanın Rusiya ilə müharibə aparmasına hazır olmadığının göstəricisi sayılır.
Yaranmış vəziyyət vaxtilə Ukraynanın beynəlxalq güclərdən daha çox, öz imkanlarına güvənməli olduğunu və doğru qərarlar verən liderə ehtiyacı olduğunu göstərir. Bu mənada Rusiya-Ukrayna müharibəsi boyu ukraylanı ekspertlərin mütəmadi olaraq Azərbaycanın təcrübəsinə müraciət etməsi və Kiyevi bu təcrübədən faydalanmağa çağırması başadüşüləndir.
Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarını öz gücü ilə işğaldan azad edən Azərbaycan vaxtilə Qərbdən nəinki dəstək, hətta yalnız təzyiq görüb. Demokratiya və insan hüquqlarını təzyiq alətlərinə çevirmiş Qərb dairələri nə BMT Təhlükəsizlik Şurasının qərarlarını, nə 1 milyona yaxın azərbaycanlının etnik təmizləməyə məruz qalmasını görür, nə də Bakının haqq səsini eşitmək istəyirdilər. Əksinə, Azərbaycana torpaq itkisi ilə barışmaq təklif edilirdi. Elə ATƏT-in keçmiş Minsk qrupunun və onun həmsədrlik institutunun fəaliyyətini qeyd etmək yetərlidir. Həmsədrlər işğalçı Ermənistanın Azərbaycan torpaqlarında törətdikləri qanunsuzluqları və vəhşilikləri görməzlikdən gəlirdilər.
Prezident İlham Əliyev bütün bu təzyiqlərə, onların tutduğu "Azərbaycanı təslim etmək" mövqeyinə baxmayaraq, mövcud reallıqları doğru qiymətləndirərək, praqmatik, prinsipial və qətiyyətli siyasət yürütdü. Azərbaycanın güclənən iqtisadi mövqeyi, dünya siyasətində artan beynəlxalq nüfuzu Prezident İlham Əliyevin haqlı tələblərinin inkarını mümkünsüz etdi.
Başqa sözlə, işğalçı Ermənistanın havadarlarının həmin dövrdə status-kvonu rəsmiləşdirmək imkanları tükəndi, onların bu istiqamətdə bütün cəhdləri iflasa uğradı.
Həmin dövrdə Azərbaycan heç kimdən yardım almadan, öz gücü ilə haqlı savaşında qalib gəldi. Ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Əvvəllər Azərbaycan torpaqlarının güzəşt edilməsinə çalışan qüvvələr də daxil olmaqla beynəlxalq birlik müharibənin nəticələrini və yaranmış yeni reallığı qəbul etmək məcburiyyətində qaldı.
Bu gün Ukrayna Prezidenti xalqa müraciət edərək, seçim qarşısında acız qaldıqlarını deyir - ya torpaqlarını, ya da əsas müttəfiqlərini itirə biləcəklərini etiraf edir. Ölkədəki bütün siyasi qüvvələr, ölkə ictimaiyyəti və silahlı qüvvələr lider faktorunun əhatəsində toplaşa bilmir.
Bu azmış kimi, indi Ukraynanı "Maydan hərəkatı" şüarlarından imtina etməyə çağırırlar. NATO və Avropa İttifaqı onu öz sıralarına qəbul etmək istəmir. Rəsmi Kiyev qarşısında NATO-ya üzlük istəyindən imtina şərtini belə qoyublar.
İndiyədək Ukrayna qarşısında qoyulan şərtlər daha çox RF-nin istəklərinin reallaşmasına yaxındır. Çünki o şərtlərdə ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunması məsələsi vurğulanmır. Bir zamanlar Ukraynaya qucaq açıb ona təriflər yağdıranlar indi onu Rusiyaya sarı itələyirlər.
İndi Ukrayna uğurunda mübarizə gedir. Bu oyunda kim udacaq - ABŞ, RF yoxsa, Avropa İttifaqı? Qərb blokunun Ukrayna ilə əməkdaşlığı nəticəsində hələ rəsmi Kiyev cəbhədə, torpaqlarının geri qaytarılması istiqamətində uğur qazanmayıb.
31 il öncə Budapeştdə imzalanan sənədi bu gün xatırlamayanların tərtib edəcəyi "sülh", "atəşkəs" kimi "planlara", Ukraynanın işğal olunan ərazilərini bərpa edəcəyinə inanmaq üçün etibara, təminata və liderə ehtiyac var.