İranda su qıtlığı: ölkəni bürüyən Urmiya faciəsi, Tehranın köçürülmə riski - ŞƏRH
- 12 noyabr, 2025
- 15:59
İranın paytaxtı Tehranın köçürülməsi yenə gündəlikdən çıxarılıb. Bunu İslam Respublikası prezidentinin dəniz resurslarının idarə edilməsi üzrə nümayəndəsi Əli Əbdüləlizadə bildirib. Onun sözlərinə görə, paytaxtın su, eləcə də ekoloji problemlərini yeni texnologiya və daxili resurslar hesabına həll etmək qərara alınıb.
Prezidentin nümayəndəsi vurğulayıb ki, yerli mütəxəssislər tərəfindən körfəzdən Tehrana min kilometr uzunluğunda suköçürmə üzrə nəhəng layihə tamamlanıb və hazırda paytaxtın yeganə etibarlı su təchizatı mənbəyi sayılır: "İqlim dəyişikliyi və şirin su ehtiyatlarının azalmasını nəzərə alaraq duzsuzlaşdırma texnologiyalarının inkişafı, duzlu suyun mənimsənilməsi qaçılmaz bir zərurətə çevrilib".
Məlumata görə, Tehranda ən azı beş böyük bənd var - Lar, Mamlu, Əmir Kəbir, Taliqan və Latiyan. Ən böyüyü Əmir Kəbir bəndidir. Onlar paytaxtı və ətrafını içməli su ilə təmin edir. Hazırda obyektlər kritik vəziyyətdədir. Bu səbəbdən noyabrın 9-u gecə saatlarından suyun təzyiqi zəifləyib.
Son beş il ərzində ölkədə yağıntı səviyyəsinin davamlı azalması müşahidə olunur. Meteoroloji xidmətin məlumatına görə, cari ildə Tehranda mövsüm üzrə orta göstəricidən 40% az yağıntı düşüb. Məlumatlara əsasən, yaz və yay aylarında, demək olar ki, yağışın olmaması su anbarlarında maye həcminin kəskin azalmasına gətirib çıxarıb.
Tehrandan 10 kilometr məsafədə yerləşən Latiyan anbarında 10 %-dən az su qalıb. Bu da paytaxtının əsas su təchizatı mənbələrindən biri sayılır.
Yaxınlıqda yerləşən, həm Tehranı, həm də Alborz əyalətini su ilə təmin edən Kərəc su anbarı da eyni dərəcədə kritik vəziyyətdədir. Bildirilib ki, böhran təkcə yerüstü deyil, həm də yeraltı su ehtiyatlarına təsir göstərib və onların sürətlə tükənməsinə səbəb olub.
İran Prezidenti Məsud Pezeşkian bir neçə gün öncə Sənəndəc şəhərinə işgüzar səfəri zamanı paytaxtın su ehtiyatlarının tezliklə tükənəcəyi barədə xəbərdarlıq etmişdi. O, uzunmüddətli quraqlıq səbəbindən yaranan su böhranının kəskinləşəcəyi təqdirdə Tehranın təxliyə edilə biləcəyini bildirmişdi.
"Yüksək inflyasiya və qiymətlərin artması daxili idarəetmə səhvlərinin, xarici sanksiyaların nəticəsidir. İşlər görülür, ancaq maliyyə məhdudiyyətləri layihələri başa çatdırmağa imkan vermir", - İran prezidenti deyib.
O, çoxillik quraqlıq səbəbindən su təchizatında yaranan kritik vəziyyətə xüsusi diqqət yetirib: "İran təbii çağırışlarla - yağıntı çatışmazlığı və su ehtiyatlarının tükənməsi ilə üzləşib. Bu da ağır nəticələrə səbəb ola bilər".
Hökumət başçısı su və enerjiyə ciddi qənaət edilməsinin, həmçinin ehtiyatların daha rasional idarə olunmasına keçilməsinin kəskin zəruriliyini vurğulayaraq paytaxtdakı narahatedici vəziyyətə diqqət çəkib: "Yaxın vaxtlarda yağış yağmasa, gələn aydan Tehranda suyun verilməsinə ciddi məhdudiyyətlər tətbiq etməli olacağıq. Əgər yağıntı olmasa, ehtiyatlar tükənəcək və biz şəhəri təxliyə etməyə məcbur olacağıq".
Bu ilin iyulunda Tehran əyalətinin su təsərrüfatı idarəsi rəsmi olaraq xəbərdarlıq edib ki, paytaxtın su anbarlarındakı ehtiyatlar son yüz ilin minimum səviyyəsinə çatıb.
Yay ərzində şəhərdə dəfələrlə müvəqqəti su kəsintiləri tətbiq edilmişdi.
Prezident Pezeşkian onda bildirmişdi ki, istehlakın indiki templəri qorunub saxlanılarsa, problemin həlli üçün tədbirlər görülməzsə, Tehran əhalisinə suyun çatdırılması mümkün olmayacaq.
Bu günlərdə isə şəhərin su təchizatı idarəsinin baş direktoru Behzad Parsa deyib ki, mövcud ehtiyatlar paytaxtın fasiləsiz təchizatı üçün maksimum iki həftə yetəcək.
İranda su problemi ilə bağlı ilk həyəcan siqnalı Urmiya gölünün quruması ilə başlayır. Təxminən 25 il əvvəl bu problemi ictimailəşdirənlər təqib olunur, təzyiqlərə məruz qalırdı. Bir çox mütəxəssis və ekoloji fəal bu problemin bütün İrana şamil olacağını car çəkirdi. Onlar su təchizatı məsələlərinə elmi yanaşmanı tələb edirdilər. Urmiyanın qurmağa başlaması səbəblərindən biri olaraq bu amili göstərirdilər. Onda vurğulanırdı ki, Urmiyaya axan çayların qarşısında bəndlər vurulub, onların suyu əkin yerlərinə yönəldilib. Bu da gölün qurumasını sürətləndirir. Hakimiyyət nümayəndələri, islahatçı və mühafizəkarlığından asılı olmayaraq, hökumət başçıları Urmiya şəhərinə səfər edib, vədlər verməklə işlərinin bitmiş sayırdı.
2011-ci ildə hökumət su hövzəsinin qurumasının qarısını almaq məqsədi ilə 420 milyon dollar vəsait ayırdığını elan etmişdi. Onda İran parlamentinin üzvü Məhəmməd Rza Hacı Əsgəri bildirmişdi ki, gölün qurmasının qarşısının alınması üçün artıq uyğun plan da hazırdır. 2022-ci ildə də bu istiqamətdə 8 milyon dollar həcmində maliyyə vəsaiti ayrılmışdı. Ancaq bu vəsait, deyəsən, elə Tehranda xərclənib. İranın Ticarət, Sənaye, Filiz-mədən sənayesi və Kənd Təsərrüfatı Palatasının ovaxtkı sədr müavini Möhsin Calapur Urmiyanın qurumaqdan xilas edilməsi üçün 200 milyard dollara ehtiyac olduğunu bildirmişdi.
Urmiya gölünün sahəsi təqribən 6 min kvadratkilometrdir. Köçəri quşların miqrasiyası zamanı göl onların müvəqqəti sığınacaq yeri olur. Davamlı quraqlıq səbəbindən göl dayazlaşır ki, bu da regionun flora və faunasına mənfi təsir göstərir. Urmiya gölündə 32 milyard kubmetr su olmalıdır. İndi o, gölməçə vəziyyətinə düşüb.
Hazırda İran bütövlükdə su qıtlığı ilə üz-üzədir. Bu, həm də elektrik enerjisinin hasilatı və paylanmasında ciddi problemlər yaradıb. Yaranmış vəziyyət dövlət müəssisələri, idarələr, məktəblər, ali təhsil müəssisələri və dövlətin nəzarətində olan başqa qurumlarda iş saatının azaldılması ilə nəticələnib.
Hakimiyyət Urmiya gölünün qurmasının qarşısını almaqda olduğu kimi, su problemini həll etməkdə də acizdir.
Paytaxtın Tehrandan köçürülməsi ideyası isə yeni sayılmır. Əvvəllər, hələ su böhranı olmazdan öncə də bu məsələ gündəliyə gətirilirdi. İndi isə 15 milyon əhalisi olan Tehranın susuzluqdan qurtulmasında çıxış yolu şəhərin təxliyəsində görülür. Paytaxtın köçürüləcəyi şəhərin adı açıqlanmayıb. Bununla belə, onun İranın cənub-şərqində Pakistanın cənub-qərb bölgələri ilə həmsərhəddə yerləşən Makrana köçürülməsi ideyası daha çox müzakirə olunur. Bu ərazi Oman dənizi sahilində yerləşir, strateji, tarixi və təbii mövqeyi sayəsində xüsusi əhəmiyyət daşıyır.
Ehtimal etmək olar ki, ölkənin indiki vəziyyətində paytaxtın köçürülməsi maliyyə baxımından sərfəli sayılmır. Bu, hakimiyyətə milyonlarla dollara başa gələr. Həmin vəsaitlə isə yeni su qaynaqları, layihələr reallaşdırıla bilər.
Makranın adı qədim İran tarixində, həmçinin islam mənbələrində İranın şərq torpaqlarının bir hissəsi kimi tanınır. Bəzən o, "balıqçıların torpağı" kimi də təsvir edilir. Bölgə tarixən ticarət və hərbi marşrut kimi mühüm rol oynayıb.
Makran Tehrana alternativ göstərilsə də, bununla ölkənin su problemi həll, eləcə də Urmiya gölü susuzluqdan xilas olmur. Bunun üçün İran hakimiyyəti daxili resursları bir də gözdən keçirməli olacaq.
İranda regional əhəmiyyətli elə böyük çaylar yoxdur. Ölkədə elə daxili çaylar var ki, onlar dənizə deyil, göllərə və ya səhralara axırlar. İranın ən məşhur daxili çayları arasında Karun, Zayanderud və Sefidrud var.
Karun İranın ən böyük daxili çayıdır, Çaharmahal və Bəxtiyari əyalətlərində Zərduh dağlarından başlayaraq Ərvəndrud çayına tökülür. Zayanderud çayı Zaqros dağlarından başlayır, İsfahan əyaləti boyunca bir məsafə qət etdikdən sonra Qavxuni bataqlıqlarında sona çatır. Sefidrud (Ağ çay) Şahrud və Qızılüzən çaylarının birləşməsindən əmələ gəlir və İranın ən uzun daxili çaylarından biri hesab olunur. Atrak çayı İranın başqa bir daxili çayı olub, Atrak rayonunun dağlarından başlayır.
İran Araz çayından da istifadə edir.
Əfqanıstandan İrana Gilmend çayı axır. Bir neçə il öncə "Taliban" hökuməti suyun qarşısını kəsərək onun yönünü dəyişmiş, İrandan ödəmədəyi su pulunu verməyi tələb etmişdi. Bu, onda iki ölkə arasında su müharibəsinə çevrilmə riski yaratmışdı.
Gilmend İranın Sistan və Bəlucistan regionu üçün həyati əhəmiyyətli su mənbəyidir. Bu çay da dənizə tökülmür, Qaraqum səhrasında yox olur.
Beləliklə, İranın daxili su mənbəyi çox deyil. Bu ölkənin su təminatında başlıca problem sayılır. Ancaq bu, mövcud vəziyyətə haqq qazandırmaq üçün bəhanə də ola bilər. Mütəxəssislər hesab edirlər ki, real səbəb su ehtiyatlarının səmərəsiz idarə edilməsidir. Xüsusən, ondan kənd təsərrüfatı sahəsində səmərəsiz istifadə olunur. Kənd təsərrüfatı suyun təxminən 90%-ni istehlak edir. Bu sahədə həddən artıq su istifadəsi problemi daha da ağırlaşdırır. Bu, həm də İranın kənd təsərrüfatı siyasətinin davamlı və planlı olmamasından irəli gəlir.
Bundan başqa, quraqlıq, iqlim dəyişikliyinin də təsiri az deyil. Son beş ildə yağıntılar mövsüm normalarından əhəmiyyətli dərəcədə az olub.
1970-ci illərdən başlayaraq yeraltı su ehtiyatlarından həddən artıq istifadə edilib. Belə ehtimal olunur ki, yeraltı su ehtiyatların 70%-dən çoxu tükənib.
Yetərsiz infrastruktur və sızmalar: Köhnəlmiş boru xətlərindəki sızmalar səbəbindən təmizlənmiş suyun əhəmiyyətli bir hissəsi (Tehranda 22%) itirilir.
Yanlış su idarəetməsi: Yetərsiz su idarəetməsi, bənd layihələri və su transferləri kimi müdaxilələr problemin həllində yetərsiz qalır.
Sudan istifadədə zamanı israfçılıq da bu problemi yaradan amillərdəndir.
Monrealdan olan alimlər qrupunun ehtimalına görə, İrandakı böhran antropogen xarakter daşıyır və su ehtiyatlarının qeyri-rasional idarə edilməsi, əsassız bəndlərin tikilməsi və digər amillərlə əlaqədardır. İsti və quraqlıq isə sadəcə vəziyyətin pisləşməsinə təkan verib.
İran hakimiyyəti uzun müddət ölkədəki su qıtlığında ənənəvi düşmənləri – ABŞ və İsraili ittiham etdi. Ancaq məntiqli olmadığından bunun təbliğatı dayandırıldı.
Su və elektrik qıtlığının, böhranın başlıca səbəblərindən biri də, hakimiyyətin yürütdüyü siyasətə görə, Qərbin tətbiq etdiyi sanksiyalardır. Çünki maliyyə çatışmazlığı bu istiqamətdə yeni layihələrin həyata keçirilməsinə mane olur. Məsud Pezeşkian da Sənəndəcdəki görüşdə bu problemi vurğulayıb.
Su və işıq həyatın ayrılmaz elementləridir. Onlar olmayanda həyat sönür. İranda bu sahələrdə yaranan böhran yeni-yeni iqtisadi, sosial problemlər yaradır.
M.Pezeşkian parlamentdə çıxış zamanı bu istiqamətdə də xəbərdarlıq edərək deyib: "Xalq ac olduğu halda biz hakimiyyətdə qalıb ölkəni idarə edə bilmərik. Rəy sorğularının nəticələri isə vətəndaşların hakimiyyətdən narazılığını göstərir". O vurğulayıb ki, xalqa xidmət edə bilməyənlər kənara durmalıdır.
Bir də daim dindən danışan Tehran hakimiyyəti Yusif peyğəmbərin quraqlıq dövrü ilə bağlı təcrübəsindən də yararlanmayıb. Su, elektrik böhranı, narazılıq, inamsızlıq - İslam Respublikasının təxirəsalınmaz problemləri, onu kənarlaşdıra biləcək amillərdir...