İran-ABŞ danışıqlarını istəyən "G7" – Tehran meydanda yenə tək qala bilər - ŞƏRH

Analitika
  • 13 noyabr, 2025
  • 15:31
İran-ABŞ danışıqlarını istəyən G7 – Tehran meydanda yenə tək qala bilər - ŞƏRH

"Böyük Yeddilik" ("G7") ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas İranı ABŞ ilə birbaşa danışıqlara başlamağa çağırıb.

Kanadanın Ontario əyalətində keçirilən ikigünlük görüşün sonunda birgə bəyanat qəbul olunub. Sənəddə bildirilib: "Biz İranı BMT Təhlükəsizlik Şurasının qətnamələrində və Nüvə Silahlarının Yayılmaması Müqaviləsindəki öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırırıq".

"G7" diplomatları "Avropa üçlüyü"nün (Böyük Britaniya, Almaniya və Fransa) dəstəklədiyi təkliflərə əsasən, İranı ABŞ ilə birbaşa danışıqlara başlamağa da çağırıblar.

Üçlüklə İran arasında bu ilin avqust və sentyabr aylarında görüşlər keçirilib. Onlar Tehrana aşağıdakı təklifləri irəli sürüblər:

- nüvə fəaliyyətini sıfırlamaq;

- zənginləşdirilmiş 400 kq-dan artıq uranın saxlanıldığı yer barədə məlumat vermək;

- Nüvə proqramı üzrə ABŞ ilə birbaşa danışıqlara başlamaq.

"G7" "Avropa üçlüyü"nün bu təkliflərini nəzərdə tutur. Bu o deməkdir ki, "Böyük Yeddilik" də avropalılarla həmrəydir. Belə bir vəziyyət isə ABŞ başda olmaqla Qərb blokunun bir mövqedən çıxış etdiyini göstərir.

Diplomatlar bəyanatda tətik ("snapback") mexanizminin qanuni tətbiqindən sonra BMT-yə üzv olan bütün dövlətləri öhdəliklərinə əməl etməyə çağırıblar.

2015-ci il iyulun 20-də BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını dəstəkləyən 2231 saylı Qətnamə qəbul edib. Bu sənəd beynəlxalq yoxlamalar prosesini, cədvəlini müəyyənləşdirir, təşkilatın İrana qarşı sanksiyalarının ləğvi üçün əsaslar hazırlayır. Qətnamə Təhlükəsizlik Şurasının bütün 15 üzvü tərəfindən yekdilliklə dəstəklənib. Daha əvvəl BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü, eləcə də Almaniya, Avropa Birliyi və İran tərəfindən təsdiq edilmişdi.

İran bu qətnamənin şərtlərinə əməl etmədiyi üçün ona qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalıb.

Bir müddət əvvəl İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirmişdi ki, Tehran vasitəçilərin iştirakı ilə Vaşinqtonla əlaqələri davam etdirir. Onun sözlərinə görə, Tehranın dinc nüvə proqramını inkişaf etdirmək hüququnun saxlanılması şərti ilə İran hələ də danışıqlara açıqdır.

Onun ardınca Qətərin Baş naziri və XİN başçısı Şeyx Məhəmməd ben Əbdül Rəhman Əl Tani deyib ki, Doha nüvə dosyesi üzrə danışıqların bərpası üçün iki ölkənin nümayəndələri ilə qarşılıqlı əlaqədədir.

Danışıqlar məsələsinə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei bu günlərdə aydınlıq gətirib. O, ABŞ-nin Tehrandakı səfirliyinin Xomeyni tərəfdarlarının işğal etməsinin 46-cı illiyində gənclərlə görüşündə Vaşinqtonla danışıqlar üçün şərtlərini açıqlayıb:

- ABŞ İsraili dəstəkləməyi dayandırsın;

- Hərbi bazalarını bölgədən çıxarsın;

- Regionun işlərinə müdaxilə etməyi dayandırsın.

O əlavə etmişdi ki, yaxın zamanda Tehran və Vaşinqton arasında münasibətlərin bərpasına ümid etmək lazım deyil. Xaməneinin sözlərinə görə, bu şərtlərə əməl edilərsə, danışıqlar sonradan olacaq.

Bu ilin yazında isə İranın ali rəhbəri ABŞ ilə birbaşa olmayan danışıqlara münasibət bildirərək demişdi: "Danışıqlardan nə nikbin, nə də bədbin olmalıyıq"

O bildirmişdi ki, İranın problemləri danışıqlarla əlaqələndirilməməlidir: "Nəticə etibarilə, bu, qəbul edilmiş və ilk mərhələlərdə uğurla həyata keçirilmiş bir qərar, addımdır".

Xamənei 2015-ci il iyulun 14-də Əhatəli Birgə Fəaliyyət Planı üzrə Müqavilənin imzalanması zamanı yol verilmiş səhvləri xatırladaraq vurğulamışdı: "Onda yol verdiyimiz səhv təkrarlanmamalıdır. Biz ölkəni danışıqların gedişindən asılı vəziyyətə salmışdıq".

İranın ali rəhbəri söyləmişdi ki, iş adamları ölkənin danışıqlardan asılı olduğunu gördükdə sərmayə qoymayacaqlar.

Bu ilin yazındakı danışıqlardan sonra İsraillə İran arasında 12 günlük müharibə olub. Habelə, ABŞ Tehranın üç nüvə obyektini (Fordo, Nətənz və İsfahan) bombalayıb.

Bu il İranla ABŞ arasında nüvə problematikası üzrə beşraundlu danışıqlar İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyata başlaması və ABŞ hərbi qüvvələrinin İranın nüvə obyektlərinə zərbələri səbəbindən nəticəsiz başa çatdı. Sentyabrın 23-də Seyid Əli Xamənei isə bəyan etdi ki, ABŞ ilə danışıqların aparılması ölkəsinin milli maraqlarına cavab vermir.

İran XIN başçısı Abbas Əraqçi bu günlərdə bildirmişdi ki, ölkəsinin nüvə ehtiyatları bomardman zamanı dağıntılar altında qalıb.

Tehranın başqa rəsmiləri isə zənginləşdirilmiş uranla nüvə silahı əldə etməyə yaxın oldqularını bildirməklə hakimiyyət daxilində məsələyə fərqli mövqedən yanaşmaların olduğunu göstərir. Bu azmış kimi, Prezident Məsud Pezeşkian dağıdılmış nüvə obyektlərini "bərpa edirlər" deməklə yaranmış şəraiti daha da cəncəlləşdirib.

ABŞ Prezidenti Donald Tramp isə ötən həftə bildirib ki, İran sanksiyaların ləğvini tələb edib və o, bu barədə xahişləri dinləməyə hazırdır: "İran ABŞ-nin çox sərt sanksiyaları altındadır. Bu, onun istədiyi şeyləri etməsini çox çətinləşdirir. Mən bunu eşitməyə hazıram və görək bundan nə çıxacaq".

Belə bir şəraitdə ABŞ Maliyyə Nazirliyi İranın raket proqramının inkişafı və pilotsuz uçuş aparatlarını istehsal edən İran və başqa ölkələrdən olan 32 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb: "ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran, BƏƏ, Türkiyə, Çin, Hindistan, Almaniya və Ukraynada yerləşən 32 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib".

Sənəddə qeyd olunub ki, onlar İranda ballistik raketlərin və pilotsuz uçuş aparatlarının istehsalını dəstəkləyən bir neçə tədarük şəbəkəsi ilə əlaqəlidirlər.

Ukraynada yerləşən "GK Imperativ Ukraina LLC" (GK Imperativ) və "Ekofera LLC" (Ekofera) şirkətləri sanksiyalara məruz qalıb. Onlar İranın maraqları üçün fəaliyyət göstərən Bahram Tabibi aviasiya və kosmos texnikası üçün məkan vəziyyəti sensorları, maqnitometrlər daxil olmaqla materiallar əldə edib.

Həmçinin, İranda, Türkiyədə və BƏƏ-də Çindən İrana İran döyüş raketlərinin yanacaq komponentlərinin tədarükünə kömək edən qurumlara qarşı sanksiyalar tətbiq olunub. Oktyabrda isə ABŞ İranla bağlı sanksiya siyahılarına 50-dən çox şirkət, gəmi və fiziki şəxs daxil edib. Sanksiya İranın neft və neft-kimya məhsullarının ixracı sənayesinə tətbiq olunub. Məlumatda qeyd olunur ki, sanksiyalara məruz qalan şəxslər və təşkilatlar İran neftinin və maye karbohidrogen qazının satışı və tədarükünə kömək ediblər.

Sanksiyalar xüsusilə BƏƏ və Çin şirkətlərinə tətbiq olunub.

Odur ki, "G7" XİN başçılarının çağırışı Tehran hakimiyyəti üçün verilmiş möhlətin bitmək üzrə olduğunun göstəricisi sayıla bilər. Bu bloka ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Yaponiya, İtaliya və Avropa İttifaqı daxildir.

Bəyanat Tehran hakimiyyətinə diplomatik jest də sayılır. 12 günlük müharibə, HƏMAS, və "Hizbullah"ın zəiflədilməsi, habelə Suriyada Bəşşar Əsəd rejiminin devrilməsində "G7" birbaşa və dolayı yolla iştirak etmişdi.

Tehran və onun "proksiləri" meydanda güvəndikləri qüvvələrdən, yəni Çin, Rusiya, Şimali Koreya və başqalarından lazımi dəstəyi, yardımı ala bilmədilər. Son nəticə isə İranın ziyanına işləyir.

Bu bəyanat həm də Tehranın Avropanı ABŞ-dən ayırmaq taktikasının iflasını göstərir. "Böyük yeddilik" məlum açıqlama ilə məsələnin dinc yolla nizama salınmasının daha optimal olduğunu nümayiş etdirir. Danışıqlar əməkdaşlığın inkişafı üçün daha faydalı sayılır. Sanksiyalar, müharibə, qarşıdurma, başqa münaqişələr isə tərəflər arasında gərginliyin artmasına, yeni terror hadisələrinin, ocaqlarının yaranmasına xidmət edər. Son zamanlar Almaniya və Böyük Britaniyada törədilən teraktlar buna örnək sayıla bilər.

Tehran "G7"nin təklifini qəbul etməzsə, o halda Qərb bloku İran hakimiyyəti ilə məsələni birdəfəlik həll etmək üçün daha radikal addımların atılmasında ABŞ ilə yenə eyni cərgədə ola bilər. Düzdür, İran rəsmiləri yenə pafosla 12 günlük müharibədəkindən daha güclü olduqlarına dair açıqlamalar verirlər. Ancaq onları "gücləndirənlər" daha çox hərbi texnika və döyüş təyyarələri satmağı hədəfləyirlər.

Deməli, qarşıdurma təhlükəsizliyin təhdid edilməsi və əməkdaşlığın zəifləməsi baxımından "G7"nin maraqlarına uyğun olmadığı qənaətinə gəlməyə imkan verir. O zaman belə ehtimal etmək olar ki, qarşıdurma, inadçılıq, gərginliyin artması İslam Respublikasına lazımdır. Çünki daxildə artan sosial narazılıqlar, su, elektrik enerjisi çatışmazlığı, işsizlik, inflyasiya və başqa problemlərdən yayınmaq, habelə hakimiyyətdaxili və ətrafında siyasi mövqelərdə parçalanmadan xilas olmaq üçün ona bu, diqqəti yayındırmaq üçün alət olaraq lazımdır. Ona görə də Tehran hakimiyyət maraqlarını hələ də üstün tutur. Sosial problemlər uçurumu isə daha da dərinləşir. Bu, nüvə silahından da faciəli ola bilər...

Son xəbərlər

Bütün Xəbər Lenti