Ermənistana yola salınan neft qatarı – Zəngəzur dəhlizinin siqnalı - ŞƏRH

Analitika
  • 19 dekabr, 2025
  • 15:47
Ermənistana yola salınan neft qatarı – Zəngəzur dəhlizinin siqnalı - ŞƏRH

ABŞ və Ermənistan arasında ikitərəfli razılaşmaların reallaşması üzrə işçi qrupun İrəvanda ilk iclası keçirilib.

Bu il avqustun 8-də Vaşintonda tərəflər arasında 3 memorandum imzalanıb. İmzalanan sənədlərdən biri süni intellekt və yarımkeçiricilər sahəsində innovasiyalar üzrə tərəfdaşlıq haqqında Anlaşma Memorandumudur. Sənəddə tərəflər yarımkeçiricilərin təchizat zənciri və süni intellektin inkişafı sahəsində öz prioritetləri kontekstində cavab verməyə yönəliblər. Ermənistanın yarımkeçiricilər ekosisteminin daha da inkişaf etdirilməsi ilə bağlı imkanların öyrənilməsi, təhlükəsiz yarımkeçirici təchizat zəncirləri və süni intellektin tətbiqi sahəsində qabaqcıl təcrübə haqqında qarşılıqlı məlumat mübadiləsinin genişləndirilməsi bura daxildir.

İkincisi, "Sülh kəsişməsi" layihəsinin potensialının artırılması üzrə tərəfdaşlıq haqqında Anlaşma Memorandumudur. Orada ABŞ hökumətinin resurslarından, Daxili Təhlükəsizlik Nazirliyinin Gömrük və Sərhəd Xidmətinin qabaqcıl təcrübəsindən istifadə etməklə təlim vasitəsilə Ermənistanın sərhəd təhlükəsizliyinin gücləndirilməsi, kibermüdafiə əməliyyatlarına investisiyaların artırılması, Ermənistanın infrastrukturunun, eləcə də sərhəd təhlükəsizliyi sektorunun modernləşdirilməsinə investisiyaların stimullaşdırılması nəzərdə tutulur.

Üçüncü isə ABŞ hökuməti ilə Ermənistan arasında enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq haqqında Anlaşma Memorandumu olub. Bu sənədlə tərəflər mülki nüvə enerjisi sahəsində əməkdaşlığın gücləndirilməsinə dair ümumi səylərini təsdiqləyiblər. Sənəddə iştirakçılar Ermənistanın enerji sektorunun prioritetləri kontekstində reaksiya verməyi hədəfləyirlər. Bura özəl sektorun investisiyalarının stimullaşdırılması, mülki nüvə enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsi, kritik enerji obyektlərinin mühafizəsinin gücləndirilməsi; kritik və sosial infrastrukturun enerji dayanıqlılığının artırılması, regional enerji əməkdaşlığının və enerji resurslarının transsərhəd ticarəti imkanlarının inkişafı, Ermənistanın enerji sektoru işçilərinin bacarıqlarının inkişafı və potensialının artırılmasının dəstəklənməsi daxildir.

Hər üç memorandum imzalandığı tarixdən qüvvəyə minir və bir il müddətində qüvvədə qalır.

Bu memorandumlar iki ölkə arasında münasibətlərin genişlənməsi və dərinləşməsinin bir hissəsi sayılır.

Enerji daşıyıcıları, transsərhəd ticarət, təhlükəsizlik məsələlərinin həm də Cənubi Qafqazdakı vəziyyətə təsiri var.

ABŞ-nin Ermənistandakı səfirliyinin məlumatına görə, bəhs etdiyimiz ilk görüşdə enerji təhlükəsizliyinin gücləndirilməsi, yarımkeçirici təchizat zəncirləri və süni intellektin, həmçinin nəqliyyat infrastrukturunun inkişafı və Ermənistanın sərhəd təhlükəsizliyinin təmin edilməsi daxil olmaqla birgə tədbirlər müzakirə olunub: "Birləşmiş Ştatlar Cənubi Qafqazda Prezident Trampın sülh və rifahla bağlı baxışlarını irəli aparmaq üçün dəyərli strateji tərəfdaşımız olan Ermənistanla əməkdaşlıq etməyi gözləyir".

Əsas hədəf bölgədə əməkdaşlıq, təhlükəsizlik, dayanıqlı və uzunmüddətli sülh, ərazi bütövlüyü kimi məsələlərdir.

İşçi qrupun fəaliyyətə başlaması həm də perspektivdə müqavilələrin və başqa uyğun anlaşmaların imzalanmasına, real işlərin görülməsniə ümidi artırır.

Memorandumda ABŞ və Ermənistan arasında "Enerjidaşıyıcları sahəsndə əməkdaşlıq" da öz əksini tapıb. Bu baxımdan, Azərbaycan həmin istiqamətdə də ilk addımı atıb. Prezident İlham Əliyevin qərarı ilə bu ilin oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ilk dəfə olaraq qonşu ölkəyə yerli mənşəli neft yükünün tədarükü həyata keçirilib. Məlumata görə, dekabrın 19-da Bakı vaxtı ilə gecə saat 01:00 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə Böyük Kəsik stansiyasına gətirilən 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı 4 saat sonra Gürcüstana yola salınıb.

Bu baxımdan, işçi qrupun ilk iclası günü Azərbaycandan Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından yola salınıb.

Yeri gəlmişkən, bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.

Belə ehtimal etmək olar ki, sülh sazişinin reallaşmasının göstəricisi olaraq, yüklər birbaşa Azərbaycandan Ermənistana göndəriləcək. Hələ ki Gürcüstan vasitəsilə ünvana çatdırılır.

Bu, Qazaxıstan və Rusiya taxılının Azərbaycandan keçməklə Ermənistana daşınmasından sonra ilk regional əhəmiyyətli hadisədir.

Ermənistana yaxın zamanda Azərbaycan vasitəsilə yeni taxıl partiyasının çatdırılması da gözlənilir.

Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib ki, yüklər artıq yoldadır, İrəvana çatdırılmanın dəqiq vaxtı, tədarük edilən ölkələr barədə məlumat verəcək.

Qeyd edək ki, noyabrda Rusiyadan 1048 tondan çox taxıl 15 vaqonlu qatarla Azərbaycandan keçərək Gürcüstan üzərindən Ermənistana çatdırılıb.

Bütün bunlar qonşu ölkə işğalçılıq əməllərindən əl çəkdikdən, Azərbaycan ərzi bütövlüyü və surevenliyini bərpa etdikdən sonra baş verir.

İki ölkə arasında münasibətlərin normallaşması üçün rəsmi Bakının irəli sürdüyü sülh təkliflərini, əməkdaşlığa dair təşəbbüsləri, kommunikasiyaların açılması, habelə Zəngəzur dəhlizi layihəsini örnək göstərmək olar. Azərbaycan və Ermənistan liderləri arasında vasitəçisiz, birbaşa danışıqların da təşəbbüsçüsü rəsmi Bakıdır.

Normallaşma prosesi 2025-ci il avqustun 8-də Vaşinqton görüşündən sonra daha da sürətlənib. Həmin tarixdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ lideri Donald Trampın iştirakı ilə bir araya gələrək birgə sənəd imzalayıblar. Həmin sənədin 3 və 4-cü maddələrində "...Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir", "Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) (Zəngəzur dəhlizi-S.İ.) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir..." kimi məsələlər vurğulanıb.

Azərbaycan həmin sənəddən irəli gələn məsələləri Ermənistana taxıl daşınması və neft məhsulları ötürməklə həyata keçirir. Rəsmi Bakı anlaşmada nəzərdə tutulanları həyata keçirməklə ərazi bütövlüyü, sülh, normallaşma, əməkdaşlığa sadiqliyini nümayiş etdirir. Azərbaycan bu addımı ilə Ermənistana təhlükəsiz və etibarlı alternativlər təqdim edir. Rəsmi Bakı həm də regional əməkdaşlığın qlobal əhəmiyyətini də göstərir. Azərbaycan yerli neft məhsulunu Ermənistana ötürməklə ikitərəfli qarşılıqlı ticarət əlaqələrinin də əsasını qoyur.

Növbə iki ölkə arasında birbaşa kommunikasiya xətlərinin, xüsusən Zəngəzur dəhlizinin açılmasınındır. Odur ki, Ermənistana yola salınan taxıl və yanacaq qatarları bu dəhlizin açılmasının siqnalı, uğurlu sınağıdır.

Azərbaycan bölgə və beynəlxalq səviyyədə Cənubi Qafqazda üzərinə düşənlərə əməl edərək etibarlı tərəfdaş olduğunu bir daha göstərir. Növbə qarşı tərəf və ya tərəflərdədir. Bu, Ermənistanın konstitusiyasını dəyişdirməkdən, sərhədləri müəyyələşdirməkdən, Azərbaycana qarşı Avropa İttifaqı vasitəsi ilə saxta kampaniyaları dayandırmaqdan, repatriasiya haqqında qanunu qəbul edərək Qərbi Azərbaycan türklərinin zorla məhrum olunmuş vətəndaş hüquqlarının bərpasından və başqa belə məsələlərdən ibarətdir.

Son xəbərlər

Bütün Xəbər Lenti