Diqqət bayrağa! Azərbaycanın Bayraq Günü və Türkiyənin ilk siyasi dəstəyinin başladığı tarix
- 09 noyabr, 2025
- 10:00
Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. 2009-cu ildən etibarən noyabrın 9-u rəsmi dövlət bayramı olaraq qeyd edilir.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətin (AXC) Baş naziri Fətəli xan Xoyskinin hesabatı əsasında Cümhuriyyətin bayrağı haqqında qərar qəbul edilib. Üçrəngli bayraq ilk dəfə həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq olunub.
Üçrəngli bayrağın müəllifi Əli bəy Hüseynzadə sayılır. Hələ 1907-ci il iyulun 10-da Bakıda nəşr etdiyi "Füyuzat" jurnalında o, yazırdı: "Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı". Sonradan bu fikri mütəfəkkir Ziya Göyalp inkişaf etdirərək, "türk qanlı, islam imanlı, Avropa mədəniyyətli" kimi təqdim edib.
Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq yazmışdı: "Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur".
Azərbaycan milli dövlətinin bərpası uğurunda mübarizədə bu üçrəngli bayraq hərəkata yön verib. O, milli dövlətçilik şüurunun bərpasına ideoloji mayak olub.
Müasir dövrümüzdə onun rəsmiləşməsi ilə bağlı qısa tarixi xronolojiyə nəzərə salaq:
- 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub;
- 1991-ci il fevralın 5-də isə üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiqlənib.
Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin sənədə əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib. Dövlət Bayrağı Günündə Bakıda Dövlət Bayrağı Muzeyinin, 2010-cu il sentyabrın 1-də isə Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Həmin meydanda Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür bayraq dirəyində (162 metr) ucaldılıb. Bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnesin rekord kitabı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Bu gün üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı azadlığın, müstəqilliyin, ərazi bütövlüyü və suverenliyin rəmzi, milli kimliyin pasportuna çevrilib. O, keşməkeşli yollardan, mübarizələrdən, döyüşlərdən keçib. Bu bayrağı sovet-kommunist rejimi Azərbaycan cəmiyyətindən gizlədib. Çünki bu bayraqda müstəqil Azərbaycan, onun ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizə var idi. O, "Bayraqları bayraq edən, üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa, Vətəndir!" düşüncəsini özündə təsdiqləyirdi.
Bu düşüncə ilə yaşayan Azərbaycan xalqı XX əsrin sonlarına yaxın yenidən milli dövlətçiliyini, ərazi bütövlüyünü bərpa etmək üçün mübarizəyə başladı və özünün üçrəngli bayrağı altında müstəqilliyini bərpa etdi.
Ancaq əsrin əvvəlində əzəli Azərbaycan torpaqlarında qurulan Ermənistanın varisləri yenidən Azərbaycana qarşı ərazi iddiaları qaldırdılar və havadarının köməyi ilə torpaqlarımızın bir qismini işğal etdilər. Onilliklərlə aparılan danışıqlar isə heç bir nəticə vermədi, çünki işğalın havadarları da, danışıqların vasitəçiləri də demək olar eyni idi.
Nəhayət, bu günlərdə 5 illiyini qeyd etdiyimiz böyük Zəfər nəticəsində haqsızlığa son verildi. Azərbaycan Silahlı Qüvvələri, Ali Baş komandan, Prezident İlham Əliyevini rəhbərliyi, xalq-dövlət birliyi sayəsində 44 gün ərzində torpaqlarını işğaldan azad edən Azərbaycan üçrəngli bayrağını özünün azad olunmuş torpaqlarında ucaltdı.
Bu gün üçrəngli Azərbaycan bayrağı tək ölkəmizdə deyil, BMT-də, 93 xarici diplomatik missiyamızın binası üzərində qürurla dalğalanmaqla dünyaya Azərbaycandan bəhs edir.
Artıq Azərbaycan tək deyil, onun dünyada dostlarının sayı durmadan artır. Onların ön sıralarında isə dilimiz bir, dinimiz bir olan qardaş Türkiyə gəlir. Elə Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ildə ilk tanıyan da məhz qardaş Türkiyə olub.
Maraqlıdır ki, Türkiyənin Azərbaycanın müstəqilliyini tanıması da məhz noyabrın 9-na - dövlət bayrağımızın "doğum günü"nə təsadüf edib. Bu, qardaş ölkə Azərbaycana ilk siyasi və mənəvi dəstəyini nümayiş etdirmiş olub.
Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edən münasibətin məntiqi davamı 30 il sonra 2021-ci il iyunun 15-də iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsi ilə davam edib.
Prezident İlham Əliyev noyabrın 8-də Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paraddakı çıxışı zamanı Türkiyənin dəstəyinə qiymətləndirərək deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycan xalqına və ordusuna öz dəstəyini göstərib: "Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verir, bizi ruhlandırırdı".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq: "Müharibədən və şanlı zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Bu gün bizim hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür".
Türkiyə lideri də paraddakı çıxışında Qələbənin önəmini vurğulayıb: "Qarabağın azadlığa qovuşması sadəcə Azərbaycanın deyil, Türk dünyası üçün böyük qürur mənbəyidir. Bu qələbə ortaq tariximizə qızıl hərflərlə yazılıb. Bu gün Azərbaycan əsgəri Türkiyədən gələn hərbçilərlə çiyin-çiyinə, yan-yanadır. Əsgərlərimizə baxanda "Bir millət, iki dövlət!" şüarının nə demək olduğunu anlayırıq".
Azərbaycan və Türkiyə regional, qlobal əhəmiyyətli bir sıra layihələrə imza ataraq, ikitərəfli əməkdaşlığın simvoluna çevriliblər. Bu gün iki ölkənin dövlət bayraqları qürurla yan-yana dalğalanır. Ankara-Bakı birliyi Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, əməkdaşlığı yol açır. Bu, Zəngəzur dəhlizinin reallaşmasına mane olanları neytrallaşdırdı. Azərbaycan, Türkiyə TDT-yə üzv və müşahidəçi dövlətlərlə birlikdə yeni dünya nizamında türk dünyasının yerini, önəmini, gücünü göstərir. Zəngəzur dəhlizi, Xəzərdən keçən Orta Dəhliz də yeni dünyaya açılan yoldur.
Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda Azərbaycan Bayrağı ilə yanaşı dalğalanan bayraqlar milli mübarizənin uğurunun göstəricisidir. Noyabr Azərbaycan üçün Bayraq, Dirçəliş, Konstitusiya, Qələbə ayıdır. Bu, həm də Türkiyənin Azərbaycana yeni dövrdə ilk dəstəyi üçün atılmış addım günüdür...