Britaniyanın Aİ-yə mümkün qayıdışı - "Brexit"-i əvəzləyə biləcək "Brenter", yaxud "Breturn" - ŞƏRH
- 02 dekabr, 2025
- 15:58
Böyük Britaniya Krallığı "Brexit"in (Avropa İttifaqından (Aİ) çıxma) Londona zərərini etiraf edib. Birləşmiş Krallığın Baş naziri Kir Starmer bildirib ki, birlikdən çıxış Krallığın iqtisadiyyatına mənfi təsir göstərib. Hökumət başçısının sözlərinə görə, İttifaqla yaxınlaşma kursuna başlanılacaq. O, cari iqtisadi vəziyyət barədə çıxışında vurğulayıb ki, Böyük Britaniya reallığı qəbul etməlidir.
K.Starmer mövcud "Brexit" sazişinin Krallığın iqtisadiyyatına əhəmiyyətli zərər vurduğuna diqqət çəkərək söyləyib ki, bu istiqamətdə əlaqələrin bərpası üçün London gərginliyi azaltmalı və İttifaqla daha sıx əməkdaşlığa doğru irəliləməlidir, ölkə yetkinlik nümayiş etdirməlidir. Baş nazir əminliklə bildirib ki, Krallıq və Aİ münasibətləri yaxşılaşdırmaq naminə qarşılıqlı güzəştlərə nail olmaq mümkündür.
Yeri gəlmişkən, Avropa İslahatları Mərkəzinin hesablamalarına görə, Krallığın ÜDM həcmi İttifaqda olduğu dövrlə müqayisədə 5,5% azalıb. "Bloomberg Economics" "Brexit"dən illik itkiləri təxminən 100 milyard funt-sterlinq (124 milyard dollar) qiymətləndirib. Məlumatlara əsasən, biznes investisiyaları proqnozlaşdırılan səviyyə ilə müqayisədə 11% aşağı olub. Böyük Britaniya ilə Aİ arasında mal ticarəti dövriyyəsinin həcmi 7% azalıb.
Bundan başqa, Krallıqda tətbiq edilən yeni miqrasiya qaydaları səbəbindən avropalı işçilər ölkəni tərk edib. Nəticədə sürücü çatışmazlığına, başqa problemlərə, o cümlədən 2021-ci ilin payızında yanacaq böhranına səbəb olub.
"Brexit"ə görə iqtisadi artım tempi azalıb, dövlət xidmət strukturlarına təzyiqi artırıb, bu da müxtəlif kütləvi etirazlarla qarşılanıb. London şəhəri aktivlərinin Niderlandın paytaxtı Amsterdam və Almaniyanın Frankfurt kimi Avropa maliyyə mərkəzlərinə axını ilə üzləşib.
İctimai rəy də bu siyasi nəticəyə qarşıdır. Aparılan sorğulara əsasən, "Brexit"i səhv qiymətləndirən britaniyalıların sayı artır. Nəticəyə əsasən, bu tendensiya xüsusən gənclər arasında üstünlük təşkil edir.
Böyük Britaniyanın Aİ-dən çıxmasının nəticələri müxtəlif cür qiymətləndirilir. Məsələn, London İqtisadiyyat Məktəbinin ekspertlərinin qənaətincə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması səbəbindən qida məhsulları britaniyalılara baha başa gəlir. "Brexit"dən əvvəl qiymət artımı 17 faiz olduğu halda, proses başa çatandan sonra bu rəqəm 25% təşkil edib. 2020-ci il yanvarın 31-dən 2023-cü ilin martınadək ev təsərrüfatlarında qida məhsullarının qiyməti orta hesabla 250 funt sterlinq artıb.
"Brexit"in Kralllığa vurduğu ziyana dair çoxsaylı məlumatlar, hesabatlar yayılıb. Yuxarıda təqdim olunanlar onların çox kiçik bir qismidir.
Gələn il Krallığın Aİ-dən çıxmasının onilliyi olacaq. 2016-cı il iyunun 23-də Böyük Britaniya, İrlandiya və Birlik ölkələrinin krallıq ərazisində qanuni şəkildə yaşayan vətəndaşları, həmçinin xaricdə 15 ildən az yaşayan britaniyalıların iştirakı ilə referendum keçirilib. Ümumi seçkilərdən fərqli olaraq, səsvermədə Lordlar Palatasının üzvləri, həmçinin Cəbəllütariqdə yaşayan Birlik vətəndaşları da iştirak ediblər. Səsvermənin nəticələrinə əsasən, Böyük Britaniya vətəndaşlarının 51,89%-i Avropa İttifaqından çıxmağa, 48,11%-i isə bu prosesin əleyhinə səs verib.
Ölkəsinin Aİ-dən çıxmasına etiraz edən ovaxtkı Baş nazir Devid Kemeron referendum nəticələri elan olunduqdan sonra istefa vermişdi.
Mühafizəkar Partiya rəsmi olaraq Aİ-dən çıxışa etiraz etmişdi. 2016-cı ilin fevralında Aİ ilə Krallığın xüsusi sammitində Böyük Britaniya hökuməti hətta ölkənin qurumda daimi üzvlüyü üçün artıq mövcud olanlardan başqa, yeni, eksklüziv şərtləri belə razılaşdırmışdı.
İrlandiya və Şotlandiyadan olan seçicilər "Brexit"in əleyhinə səs vermişdilər.
Bu prosesin lehinə səs verənlərin 51, 89 % olması məsələnin birdəfəlik, birmənalı şəkildə həll olunmadığının göstəricisi sayılır. Elə bu rəqəm əks fikirlilərin sayının artacağını istisna etmirdi.
Daha əvvəl "Daily Mail" bildirib ki, Leyborist Partiyasının deputatları Kir Starmerin 2026-cı ildə baş nazir postundan gedəcəyini proqnozlaşdırırlar.
Şotlandiyada 2014-cü ildə keçirilən müstəqillik referendumunun nəticələrini təkrar nəzərdən keçirmək üçün referendum təklifi müzakirə edilir. 2014-cü il referendumunda əhalinin 55.3%-i Şotlandiyanın Birləşmiş Krallığın tərkibində qalması lehinə səs verdi, lakin 2016-cı il "Brexit" referendumunun nəticələri bu məsələnin yenidən gündəmə gəlməsinə səbəb oldu. Şotlandiya parlamenti yeni referendumun keçirilməsini təsdiqləsə də, Britaniya hökuməti onu bloklayıb.
"Brexit"i Şotlandiyanın Krallığın tərkibindən çıxması ilə bağlı keçirdiyi referendumun siyasi davamı saymaq olar. Çünki onda Krallıqda elə hesab edilirdi ki, Aİ Şotlandiyanın bu addımını dəstəkləyir. Elə şotlandların "Brexit"in əleyhinə səs verməsi də bunu təsdiqləyir. Ölkə əhalisinin 62%-i Avropa İttifaqında qalmağın lehinə səs vermişdi. Onlar bununla da Şotlandiyanın müstəqillik hərəkatının yenidən güclənəcəyini bəyan edirdilər.
Qeyd edək ki, Şotlandiyanın müstəqilliyi məsələsi üzrə referendum 2014-cü il sentyabrın 18-də keçirilib. Seçicilərin 55,3% Şotlandiyanın Birləşmiş Krallığın tərkibində qalmasına səs vermişdi.
Son illər Böyük Britaniya ilə ABŞ arasında Yaxın Şərq və Ukrayna məsələləri ilə bağlı müəyyən fikir ayrılığı yaranıb. Birləşmiş Krallıq Fələstinin müstəqilliyini tanımaqla İsraillə münaqişənin həll olunacağını bildirir. Bundan başqa, rəsmi London Qəzza zolağını Fələstinin tərkib hissəsi sayır.
Eləcə də, Britaniya Rusiyanın Ukraynada apardığı müharibədə müttəfiqlərini daha sərt mövqe tutmağa çağırır.
Son illər ABŞ Avropadakı müttəfiqlərinə təhlükəsizliyin təmini məsələsində təzyiqlər edir. Bu baxımdan, əsasən, İttifaqa üzv ölkələr bu istiqamətdə Avropanın Təhlükəsizliyi uğurunda Hərəkat ("Security Action for Europe" - SAFE) müdafiə investisiya proqramı yaratmaq barədə razılığa gəliblər.
2025-ci il mayın 27-də Avropa İttifaqı Şurası tərəfindən qəbul edilən SAFE üzv dövlətlərə potensialda kritik boşluqların aradan qaldırılmasına diqqət yetirməklə Avropa müdafiə sənayesini dəstəkləmək üçün təcili və böyük investisiyalar qoymaq imkanı verməklə müdafiə qabiliyyətinin artırılmasını sürətləndirmək, maliyyə dəstəyi göstərmək məqsədi daşıyan Aİ-nin yeni maliyyə aləti sayılır.
Əvvəllər Avropa Komissiyası 27 Aİ ölkəsindən 19-nun proqramda iştirak etmək niyyətində olduğunu bildirmişdi. Bu ilin sentyabrında Aİ Şurası Böyük Britaniya və Kanada ilə onların SAFE-də iştirakı barədə danışıqların başladığını da təsdiqləyib.
Artıq Kanadanın Baş naziri Mark Karninin aparatının yaydığı açıqlamada bildirilib ki, onlar Avropa İttifaqının müdafiə investisiya proqramında iştirak barədə razılığa gəliblər. Düzdür, bunu rəsmi Ottavanın ABŞ Prezidenti Donlad Trampın "Kanada 51 ştatımız olmalıdır" bəyanatına cavab kimi də dəyərləndirmək olar. Əsas məsələ müdafiə sənayesi sahəsində Kanadanın Avropadakı müttəfiqləri ilə eyni proqramda iştirakıdır.
Türkiyənin də perspektivdə bu proqrama qoşulacağı ehtimal olunur.
Xatırladaq ki, Aİ-nin SAFE silahlanma proqramı bu ilin yanvarında "ReArm EU" adı altında yaradılıb. Avropa Komissiyası onun adını sonradan dəyişib.
150 milyard avro həcmində olan bu proqram Avropa Komissiyasının cəlb etdiyi vəsait hesabına Avropa İttifaqı ölkələrində birgə hərbi layihələrin maliyyələşdirilməsini nəzərdə tutur. Bu proqram çərçivəsində Aİ ölkələri alınmış silahların bir hissəsini Ukraynaya göndərə, həmçinin Kiyevi ayrı-ayrı silahların və ya onların komponentlərinin istehsalı üçün subpodratçı kimi cəlb edə bilərlər, bundan əlavə, Kiyev döyüş meydanında prototipləri sınaqdan keçirməyə kömək etmək niyyətindədir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu proqramla bağlı hədələyici açıqlama verərək bildirib ki, Ukraynada silah istehsal edən müəssisələrdə üçüncü ölkələrin kapitalının olması onlara Rusiya zərbələrindən immunitet vermir.
Bu, Aİ üzrə müdafiə xərclərinə 800 milyard avrodan çox ayırmaq məqsədi daşıyan Avropa Komissiyasının 2030-cu ilə qədər Avropanın yenidən silahlanması (hazırlığı) Planının ilk komponentidir.
Belə görünür, Böyük Britaniya dünya siyasi arenasında tutduğu aparıcı mövqeyini gücləndirmək niyyətindədir. Bunun üçün isə onun Avropa İttifaqı ilə yeni münasibət qurması, müqavilələr imzalaması və razılaşmalar əldə etməsi aktuallaşır.
Kir Starmerin "Brexit"i tənqid etməsi, o prosesi Birləşmiş Krallığın iqtisadiyyatına ziyan vurmasına diqqəti artırması da rəsmi Londonun Aİ ilə əlaqələri gücləndirəcəyinin anonsu sayıla bilər. Ancaq onu da deyilər ki, Kir Starmer 2026-cı ildə istefaya göndəriləcək. Bununla belə Britaniyada siyasi proseslərin inkişaf dinamikasından asılı olmayaraq rəsmi Londonun Avropa İttifaqına yenidən üstünlük verəcəyi istisna olunmur.
Çünki Britaniya son zamanlar Almaniya və Fransa ilə birlikdə Yaxın Şərq məsələlərində bir mövqedən çıxış edirlər.
Hadisələrin inkişafı Böyük Britaniyanın Avropa İttifaqına geridönüş etməsi ehtimalını da gündəliyə gətirə, "Brexit" "Brenter", yaxud "Breturn"lə əvəzlənə bilər.
Bütün hallarda Krallığın Aİ-yə yenidən müraciət edəcəyi istisna olunmur. Zatən, Böyük Britaniyasız belə bloklar, qurumlar yarımçıq, mənasız, gücsüz görünür...