Azərbaycan-Özbəkistan müttəfiqliyi – öz kökü üstündə güclənən birlik - ŞƏRH
- 14 noyabr, 2025
- 16:50
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibədə vurğulayıb ki, Özbəkistan Azərbaycan üçün qardaş ölkə, etibarlı müttəfiqdir...
Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələr 1995-ci il oktyabr ayının 2-də qurulub. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistanın Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.
Azərbaycan və Özbəkistan oxşar taleləri yaşamış ölkələrdir. Sovetləşmə, kolxozlaşma illərində hər iki respublikada kommunist rejimi kütləvi repressiyalar həyata keçirib. Ziyalılar, elm və din xadimləri "xalq düşməni" adı altında qətlə yetirilib.
1918 -1942-ci illərdə müstəmləkəçi və kommunist Rusiyaya qarşı müsəlmanlar tərəfindən Orta Asiyada basmaçı hərəkatı başlanmışdı. Hərəkat müsəlman türklərdən ibarət idi. Bu hadisələrdə Azərbaycandan olan antibolşeviklər də iştirak ediblər. Çünki 1920-ci ildə Rusiya Azərbaycanı işğal etdikdən sonra Türküstana hərbi yürüşü gücləndirdi. Azərbaycanda anti-bolşevik üsyanlar yatırılandan sonra repressiyalardan xilas olanlar mübarizəni Özbəkistanda basmaçı hərəkatında aparıblar.
Osmanlı generalı Nuru Paşanın qardaşı Ənvər Paşa da Azərbaycanla Özbəkistanı birləşdirən amillərdəndir. O, Azərbaycan Xalq Cümhuriyyətini görməsə də, burada səfərdə olmuşdu. 1920-ci ilin sentyabrında Bakıda Şərq millətləri konqresi toplanmışdı. Bu iclasda Ənvər Paşa da iştirak etmişdi. O, konqres çərçivəsində Türküstandan gəlmiş siyasilərlə görüşlər keçirmiş, onlardan xalq üsyanı haqqında məlumatlar almışdı. Daha sonra Buxaranı görmək məqsədi ilə 1921-ci ilin sentyabrında bölgəyə getmişdi.
Ənvər Paşanın Türküstandakı liderliyi ilə mübarizə mütəşəkkil və sürətli bir şəkildə böyümüşdü. O, I Dünya müharibəsində izlədiyi siyasətdə məruz qaldığı müvəffəqiyyətsizliklərə baxmayaraq, Türk dünyasının birliyi məsələsinə bütün səmimiyyəti ilə inanan bir şəxs, siyasi-hərbi dövlət xadimi idi.
Ənvər Paşa Orta Asiya türklərini əhatə edən "Orta Asiya İslam dövləti" qurmaq əməli və məqsədi ilə sovetlərə qarşı mübarizəyə başlamışdı.
Erməni-daşnak-bolşevik birliyi Azərbaycan və Özbəkistanın ortaq düşmənləri olub. Sovetləşmənin ilk illərində və sonrakı dövrlərdə onlar Azərbaycanda Moskvaya etdikləri lakey xidmətini Özbəkistanda da icra ediblər. Orada qarətlər, qətllər törədiblər. Ənvər Paşa 1922-ci il avqustun 4-də, Qurban bayramı günlərində indiki Tacikistanın Belçivan yaxınlarında məsciddə namaz qılıb çıxarkən Akop Melkonyan komandanlığının altında olan bolşevik ordularının atdığı top atəşi nəticəsində ölüb.
1989-cu ildə Ahıska türklərinin Özbəkistandan, xüsusilə Fərqanədən qovulması hadisəsi də unudulmayan ortaq faciələrdəndir. Bu hadisələrin törədilməsinin mərkəzində Moskvaya xidmət edən ermənilər durmuşdu. Onların Azərbaycana yerləşdirilməsi də səbəbsiz olmamışdı. Bu, Azərbaycan və Özbəkistanın soydaşlarına daim sığınacaq yeri olduğunu isbatlayır.
Ermənilərin istəyi, SSRİ rəhbəri Stalinin göstərişi ilə 1930-cu illərdə 40 mindən çox azərbaycanlı Azərbaycan və Ermənistandan Özbəkistana sürgün edilmişdi. Sovet siyasi ideologiyası bununla Azərbaycanı türksüzləşdirmək prosesini həyata keçirirdi. İdeologiyaya görə, türklər Azərbaycana Orta Asiyadan gəlmədir və ora qaytarılmalıdır. Bu saxta düşüncə sistemi əsasında azərbaycanlılar üçün Özbəkistan vətən olmuşdu.
1966-cı il aprelin 26-da Daşkənddə baş verən 8-9 maqnitudalı zəlzələnin ağır və acı nəticələrinin aradan qaldırılmasında Azərbaycan fəal iştirak etmişdi.
Sovet İttifaqı dağılandan sonra Özbəkistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini müdafiə edənlər sırasında öndə durub. O, indiyədək Ermənistanla diplomatik münasibətlər qurmayıb. İki ölkə arasında konsulluq xidməti respublikaların Moskvadakı səfirlikləri vasitəsi ilə reallaşır...
Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Özbəkistan Respublikasının sabiq Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26–27-də Azərbaycana ilk rəsmi səfəri xüsusi hadisə sayılır. Səfər çərçivəsində iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənədlər zərfi - "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. Səfər çərçivəsində Prezident İslam Kərimova Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib.
Ozamankı Azərbaycan Prezidenti, Ulu Öndər Heydər Əliyev 1996-cı il oktyabrın 21-22-də Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Səfər çərçivəsində Heydər Əliyev dövlət başçılarının Forumundakı çıxışında bildirmişdi ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir.
Heydər Əliyev 18–19 iyun 1997-ci il tarixdə Özbəkistana rəsmi səfəri isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirilirdi. Onda Bakıdakı kimi, Daşkənddə də 19 sənəd imzalanmışdı. O, sənədlərin imzalanması mərasimində çıxışında qeyd etmişdi: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin".
Həmin tarixdə Heydər Əliyevə Daşkənd Universitetinin fəxri doktoru diplomu təqdim olunub.
Özbəkistanın ozamankı Prezidenti İslam Kərimov isə bildirmişdi ki, iki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır.
Azərbaycan və Özbəkistan üzvü olduqları beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini müdafiə edir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də fəaliyyətini uğurla davam etdirir.
Prezidentlərin 30 il öncə əsasını qoyduqları strateji əməkdaşlıq siyasi kursu günümüzdə də davam edir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü daim müdafiə edib, torpaqlar işğaldan azad edildikdən sonra isə Füzuli rayonunda 600 yerlik məktəb tikib. Bu, TDT-yə və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün örnək hadisələrdəndir.
Prezident İlham Əliyev Özbəkistanla əlaqələrin genişlənməsi, əməkdaşlığın inkişafında da buna riayət edir.
Azərbaycan Prezidenti 2004-cü il martın 23-24-də Özbəkistanda dövlət səfərində olub. Səfər çərçivəsində tərəflər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin artırılmasına, nəqliyyat və energetika məsələlərinə, habelə humanitar və mədəni əlaqələrin genişləndirilməsinə böyük diqqət yetiriblər.
Bakı ilə Daşkənd arasında mədəni əlaqələr də inkişaf edir. Daşkənddə Nizami Gəncəvinin, Bakıda isə Əlişir Nəvainin heykəllərinin ucaldılması buna örnəkdir.
Prezident İlham Əliyev UzA-ya müsahibəsində mədəni sahədə əməkdaşlığa toxunaraq vurğulayıb ki, 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri keçirilib. Həmin il Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri, Özbəkistanın Xivə şəhərində isə "Şuşa günləri" təşkil olunub.
Ölkələrin regionları arasında əməkdaşlıqdan danışan dövlət başçısı deyib: "İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşma və tərəfdaşlıq münasibətləri qurulub".
İki ölkə arasında iqtisadi -ticarət əlaqələri də inkişaf edir. 2022-ci illə müqayisədə, 2023-cü ildə Özbəkistanla ticarət dövriyyəsi 2,47 %, o cümlədən idxal 3,80 %z azalıb, ixrac isə 1,44 % artıb. İki ölkə arasında 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon dollar təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon dollara çatıb.
Prezident İlham Əliyev bildirib ki, sərmayələr sahəsində əməkdaşlıq da möhkəmlənməyə davam edir: "Bu günədək Özbəkistan Azərbaycan iqtisadiyyatına 21,8 milyon ABŞ dolları, həmçinin Azərbaycan Özbəkistan iqtisadiyyatına 183,5 milyon ABŞ dolları sərmayə qoyub. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb".
Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti bu istiqamətdə əməkdaşlığın inkişafına töhfə verir. İndiyədək komissiyanın səkkiz iclası keçirilib.
Sözügedən müsahibədə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu illiyindən danışan dövlət başçısı deyib: "Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir".
Azərbaycanla Özbəkistan arasında Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün "Yol Xəritəsi" və başqa sənədlər mövcuddur.
Dövlət başçısı bu məsələlərə diqqəti çəkərək bildirib: "Bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib".
İlham Əliyev nəqliyyat, logistika və energetika sahələrində ikitərəfli əməkdaşlıqdan və perspektivindən də danışaraq deyib ki, Azərbaycan və Özbəkistanın Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir.
Dövlət başçısı bildirib ki, Azərbaycan Özbəkistanla iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı genişləndirməkdə maraqlıdır: "Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb".
Bu, tərəflər arasında iqtisadi-ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün güclü hüquqi bazanın mövcudluğunu göstərir.
İki ölkə arasında energetika sektorunda əməkdaşlıq və "yaşıl enerji"nin inkişafı da prioritet istiqamət olaraq qalır.
"SOCAR Özbəkistana Azərbaycanın neft və neft-kimya məhsullarını ixrac edir. 2016-cı ildən bəri "OZLITINEFTGAZ" İnstitutunun və "SOCAR NIPI Nefteqaz"ın bazasında yaradılan "Neftegaztexnologiya" birgə müəssisəsi uğurla fəaliyyət göstərir", - Azərbaycan lideri qeyd edib.
Beləliklə, Özbəkistan tarixi siyasi-ideoloji mərkəz olması ilə də Azərbaycanla oxşar tale yaşayır. O, Teymurilərin, Azərbaycan isə Səfəvilərin mərkəzi olub. Qədim dövlətçiliyə malik olma baxımından da onlar bir-birinə uyğun sayılır.
Türklüyə, türk dilinin qorunmasına, inkişafına misilsiz xidmət etmiş özbək şairi Əlişir Nəvai isə Nizami Gəncəvinin ədəbi sahədə davamçılarındandır. Bu baxımdan da Azərbaycan və Özbəkistan ənənəvi olaraq bir-birini tamamlayır.
Odur ki, milli dövlətçiliyin bərpasından sonra davam edən əlaqələr dərin köklərə bağlıdır. Ona görə də Azərbaycan-Özbəkistan birliyi öz kökü üstündə getdikcə daha da güclənir.