ABŞ-Çin münasibətində azalan gərginlik: Trampın Ukrayna üzrə "sülh planı"na təsiri - ŞƏRH
- 25 noyabr, 2025
- 15:17
ABŞ Prezidenti Donald Tramp ötən gün ÇXR sədri Si Cinpinlə telefonla danışıb.
Bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edən Ağ evin rəhbəri söhbətin "çox yaxşı" keçdiyini qeyd edərək, iki ölkə arasında münasibətlərin "son dərəcə möhkəm" olduğunu vurğulayıb.
Telefon danışığı ABŞ liderinin Rusiya-Ukrayna münasibətlərinin tənzimlənməsinə dair irəli sürdüyü Avropa İttifaqı, Ukraynanın ayrılıqda və birlikdə müzakirə etdikləri "sülh planı" təklifindən sonraya təsadüf edir.
Donald Tramp bu telefon danışığının üç həftə əvvəl Cənubi Koreyada Si Cinpinlə görüşün davamı olduğunu vurğulayıb. Əlavə edib ki, danışıqlar son dərəcə uğurlu keçib. O, tərəflər arasında xüsusilə ticarət sahəsində razılaşmalar olduğunu bildirib.
Donald Tramp isə Çin liderinə 2026-cı il ərzində ABŞ-a dövlət səfəri dəvətini çatdırıb. Si Cinpin öz növbəsində ABŞ liderini gələn ilin aprelində Çini ziyarət etməyə dəvət edib.
Çin Mərkəzi Televiziyasının məlumatına əsasən, dövlət başçıları, xüsusilə, Ukrayna böhranını müzakirə ediblər. Bildirilib ki, Si Cinpin sülhə nail olmağa yönəlmiş bütün səyləri dəstəklədiklərini vurğulayıb. O, Rusiya və Ukrayna arasında "fikir ayrılıqlarını tənzimləməyə" davam edəcəklərini bildirib: "Böhranın köklü həlli üçün ədalətli, davamlı və öhdəlik yaradan sülh sazişinə mümkün qədər tez nail olunacaq".
Telefon danışığında Si Cinpin qeyd edib ki, ötən ay Pusanda görüşdən sonra Çin-ABŞ münasibətləri ümumilikdə sabit və yaxşılığa doğru inkişaf edib. O, iki ölkənin həm əməkdaşlıqdan qazandığını, həm də qarşıdurmadan itirdiyini vurğulayıb.
Çin lideri Tayvanla bağlı rəsmi Pekinin mövqeyini açıqlayaraq, adanın Çinin tərkibinə qaytarılmasının müharibədən sonrakı beynəlxalq nizamın vacib tərkibi olduğunu qeyd edib.
Liderlər Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı müzakirə etdikləri məsələ barədə ətraflı məlumat verməyiblər.
Bununla belə rəsmi Vaşinqton Ukraynadakı müharibədə Çinin Rusiyanı müdafiə etdiyini gizlətməyib. Hətta, ABŞ liderləri bu savaşın başa çatmasında rəsmi Pekinin əsaslı rolunu daim vurğulayıblar. Rusiya və Çin dövlət başçıları arasında mütəmadi görüşlər də bunu isbatlayır.
Bu ölkələr strateji tərəfdaşdır. Onlar iqtisadi və siyasi əməkdaşlıq sahələrində əlaqəli şəkildə fəaliyyət göstərir. Moskva və Pekin bir-birini beynəlxalq məsələlərdə dəstəkləsələr də, rəsmi hərbi müttəfiq deyillər.
Rusiya ilə Çinin neft və təbii qaz tədarükü, atom elektrik stansiyalarının tikintisində də əməkdaşlıq edir.
Onlar beynəlxalq arenada ABŞ-nin dominantlığına qarşı çıxır, bu istiqamətdə birgə fəaliyyət göstərirlər. Rusiya Çinin Tayvan, Honkonq və Sincan ilə bağlı siyasətini dəstəkləyir. Tərəflər vaxtaşırı birgə hərbi təlimlər keçirirlər. Bununla belə NATO-ya oxşar hərbi-siyasi blok yaratmaqdan çəkinirlər.
Çin və Rusiya BRİKS və Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də əməkdaşlıq edirlər.
Sirr deyil ki, SSRİ-nin süqutundan sonra Çinin liderlik ulduzu daha aydın parlamağa başlayıb. Bu həm də postsovet məkanına aid bazarlara ÇXR-nin qərblə müqayisədə daha tez daxil olması ilə də müşayiət olunub.
Beynəlxalq arenada bu sıralanmada Rusiya da Çin tərəfdə yer alıb.
ABŞ və ya Qərblə Pekin arasında çoxsaylı ziddiyyətlər tərəflərin ortaq mövqe nümayiş etdirməsinə imkan yaradıb. Bu baxımdan Pekinlə Moskva ÇXR-i ABŞ-yə qarşı alternativ, yaxud güc mərkəzi olaraq qoymağa çalışırlar.
Bir sıra proseslərin ləng getməsində, yaxud bəzi layihələrin reallaşmasında problemlərin yaranmasını RF-ÇXR cütlüyünün strateji müttəfiqliyinin nəticəsi saymaq olar.
Ona görə də ABŞ və Avropa İttifaqı Pekinlə anlaşmağa, dil tapmağa çalışır.
Bu il oktyabrın sonunda Cənubi Koreyanın Pusan şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Donald Trampla Si Cinpin arasında görüş olub. Onda Ştatların lideri bu görüşün nəticələrini yüksək qiymətləndirmişdi. Elə ona görə də ABŞ Çinə tətbiq etdikləri bəzi tarifləri azaldaraq, yeni ticarət sazişini elan etmişdi.
ABŞ lideri Ukrayna böhranını Çinlə birlikdə həll etmək barədə razılığa gəldiklərini də bildirmişdi. ÇXR-in sədri də həmin görüşdən məmnun qalmış, ölkəsi ilə Ştatların rifahı naminə Donald Trampla işləməyə davam etməyi planlaşdırdığını vurğulamışdı.
Pusan görüşündən sonra ölkələr arasında Pekinin nadir torpaq metallarının ixracına nəzarətini gücləndirməsi ilə əlaqədar mübahisədə razılaşma əldə edilib.
Çünki Çin nadir torpaq metallarının hasilatı və emalında dünya lideridir. O üstünlüyündən ABŞ ilə ticarət danışıqlarında təzyiq vasitəsi kimi istifadə edib.
ABŞ Çinin Latın Amerikasındakı tərəfdaşı Venesuelaya qarşı antinarkotik əməliyyatı keçirir. Habelə rəsmi Vaşinqton Çinin bu regionda güclənməsinə qarşı tədbirlər həyata keçirir.
ABŞ Çinə qarşı ölümcül təhlükəli narkotik maddə - fentanilin Ştatlara qaçaqmalçı tədarükü ilə kifayət qədər mübarizə aparmamaqda günahlanırır. Bu səbəbdən də tətbiq etdiyi rüsumları 10 faiz bəndi azaldılacaq.
Yeri gəlmişkən, məlumatlara əsasən, Ştatlarda hər il təxminən 75 000 insan fentanil dozasının həddini aşması səbəbindən ölür. Bu opioid maddə xüsusilə Meksikada Çindən gətirilən kimyəvi komponentlərdən istehsal olunur və sonra qanunsuz yolla ABŞ-yə gətirilir və s.
ABŞ ilə Çin arasında energetika məsələsindən tutmuş soya tədarükü, elektron cihazlar və başqalarına aid ticarət sahələrində gərginliklər var. Rəsmi Pekini Tayvan, Honkonq və Sincana aid məsələlər çox narahat edir. İqtisadi sahədə əməkdaşlığı inkişaf etdirmək üçün ilk növbədə bu məsələlərə dair təminat alır.
Çinin ərazi bütövlüyünü tanıyan ABŞ Tayvanın müstəqilliyini tanımır.
Həm də Sakit okean hövzəsinə daxil olan ölkələrlə Çin arasında münaqişəli məsələlərdə də vasitəçi mövqeyindən çıxış edir.
Ancaq bununla belə tərəflər arasında qarşılıqlı inam və etibar müvəqqəti hal sayılır. Çünki Pekin iki milyarda yaxın insanın gündəlik tələbatını ödəməklə yanaşı, ərazi bütövlüyü, regional və qlobal güc olduğunu da davamlı olaraq nümayiş etdirir. Ancaq hələ ki, heç bir hərbi qarşıdurmada, xüsusən ABŞ-nin və müttəfiqlərinin iştirak etdiyi münaqişələrə tərəf olaraq qatılmır, müşahidəçilik edir, yaxud Rusiyanın Ukraynada apardığı müharibədəki kimi kənardan varlığını göstərir.
ABŞ ilə Çin arasında Pusanda əldə edilmiş razılaşmadan sonra Trampın Cinpinlə telefon danışığı "sülh planı"nın beynəlxalq dəstəyinə də təsir edə bilər. Çünki Ştatlar başda olmaqla Qərb blokunun irəli sürdüyü təklifləri Rusiya qəbul etmədiyini çəkinmədən bildirir. Onun belə davranışının arxasında ÇXR-in dəstəyinin dayandığı istisna olunmur. Bu baxımdan Donald Tramp RF-nin başlıca dayağı, müəyyən mənada sponsoru Çinlə Ukraynaya dair məsələni müzakirəsi, nəticəsindən asılı olmayaraq, uğurlu sayıla bilər.
Əks halda Rusiyanın apardığı müharibənin bir ucu Çinə də uzana bilər...
Rəsmi Vaşinqton və Pekin bu kimi böhranlardan yayınmaq məqsədi ilə aralarındakı gərginliyi azaltmaq taktikasını seçib.
Ehtimal etmək olar ki, anlaşmaların əsası, Cənubi Koreyada qoyulub. Çünki danışıqlardan əvvəl Tramp Sini "uzunmüddətli dost" və "böyük ölkənin böyük lideri" adlandıraraq, iki ölkə arasında "uzun müddət ərzində fantastik münasibətlərin" qurulacağına ümid etdiyini bildirmişdi.
Si Cinpin də öz növbəsində qeyd etmişdi ki, iki ən böyük dünya iqtisadiyyatı arasında vaxtaşırı mübahisələrin yaranması normaldır: "Çinlə ABŞ tərəfdaş və dost olmalıdır. İnanıram ki, Çinin inkişafı Sizin Amerikanı yenidən böyük etmək baxışınızla üst-üstə düşür".
ABŞ və ÇXR-nin bir-biri ilə anlaşması bütün ölkələr üçün faydalıdır. Ukraynanın da maraqlarının təmin olunması bu iki gücün ortaq mövqe nümayiş etdirməsindən, aralarındakı davamlı dialoqdan, anlaşmalardan, azalan gərginlikdən asılıdır. Ukraynadakı vəziyyət Vaşinqton və Pekinin münasibətlərinin barometri sayıla bilər.